qadin

İctimai yerlərdə söz atanlara qarşı nə edilməlidir?

Baxış sayı: 956

Günümüzdə çoxumuz küçədə, ictimai nəqliyyatda, kafedə, parkda və s. ictimai yerlərdə söz atanlara rast gəlirik və bu bizi narahat edir. Bu kimi hərəkətlərə daha çox qadınlar məruz qalır. İctimai yerlərdə tanışlıq məqsədilə kişilərin qadınlara yaxınlaşaraq narahat etmələri, tanımadığı şəxsə vulqar ifadələrlə söz atması, qadınlar tərəfindən narazıçılıq edilməsinə baxmayaraq bu hərəkətlərinə davam etmələri qanunla məsuliyyətin yaranmasına səbəb olur.

 

Qanun bu barədə nə deyir?

Qanunvericilikdə söz atmaq və sataşmaq xırda xuliqanlıq hesab olunur. İctimai qayda əleyhinə olan inzibati xətaların ən geniş yayılmış növü xırda xuliqanlıqdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür.

İctimai yerlərdə söz atanlara qarşı nə edilməlidir?

Xırda xuliqanlıq inzibati xətasının yaranması üçün:

• ictimai qayda pozulmalı;

• ictimai qaydanı pozarkən insanlara zorakı hərəkətlər edilməməli;

• insanların əşyalarına zərər vurulmamalıdır.

Həmçinin qeyd etmək vacibdir ki, xırda xuliqanlıq əməlinin cəmiyyət içərisində törədilməsi əsas şərt hesab edilmir. Belə ki, hər hansı bir şəxsə əxlaqsız təkliflərin edilməsi, əxlaqsız video və şəkillərin göndərilməsi də xırda xuliqanlığın tərkib hissələridir.

Qanunvericilikdə bu hərəkətləri törətmiş şəxslərə 50 manatdan 100 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.

İnzibati məsuliyyətdən fərqli olaraq, əgər bir şəxsə qarşı hədə-qorxu gəlmirsə, zor tətbiq edilirsə bu artıq cinayət tərkibi olan xuliqanlıq sayılır və 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Nə etməliyik?

Yuxarıda sadalanan pozuntulara məruz qalmış şəxslər 102 xidmətinə zəng edə bilər.
Hüquqlarımızı bilək və onları tətbiq edək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir