laqeyid

İctimai yerlərdə baş verən xoşagəlməz hadisələrə niyə biganə yanaşırıq? – ARAŞDIRMA

Baxış sayı: 1. 568
Hər birimiz yolda gedərkən ictimai yerlərdə arzulamadığımız,  xoşagəlməz hadisələrlə qarşılaşırıq. Kimi yerə tüpürür, kimi siqaret çəkib bizi tüstüsündə “boğur”, kimi yerə zibil atır, hətta gözümüzün önündə döyülənlər, söyülənlər belə, olur. Etiraf edək ki, bu kimi hallarla rastlaşdıqda çox az qismimiz etiraz edir və ictimai qaydanı pozan şəxsə irad bildiririk. Bunun da özümüzdə haqlı və ya haqsız səbəblərini müəyyənləşdiririk. Məsələn, “mənə nə ər-arvad davasından”, yaxud “iki gənc dalaşırsa, bunun bizə nə ziyanı” deyib keçirik. Siqaret tüstüsündə nəfəs almamaq üçün burnumuzu tutur, yerə atılan zibilləri görməzlikdən gəlirik. İctimai nəqliyyatda əgər sürət həddi aşılırsa, saxlayıb düşürük, avtobusda qalanların taleyi vecimizə olmur. Axı bizdən təhlükə sovuşur… Bəs biz nə üçün ətrafımızda baş verən belə hadisələrə laqeydik?
“Səsimizi çıxaranda həyasız oluruq”
 
 
Təbii, qeyd etdiklərimiz hər kəsə aid deyil. Amma təəssüflə qeyd edək ki, çox az insan bunlara etiraz edir. Bunlardan biri də Ləman Mustafayevadır. Ləmanın haqqını heç kim tapdalaya, nəfəs aldığı havanı zəhərləyə bilməz. İctimai nəqliyyatda hansısa xoşagəlməz hadisə ilə rastlaşırsa, mütləq şikayət edir: “Hamiləliyə qədər siqaret qoxusuna reaksiya vermirdim. Bir dəfə rus saytında oxudum ki, hətta açıq havada yanınızda siqaret çəkilirsə, oradan uzaqlaşın. Bundan sonra başladım diqqət etməyə. Dayanacaq və ictimai yerlərdə yanımda siqaret çəkənlərdən nəzakətlə bunun mənə ziyan ola biləcəyini izah etdikdə, dərhal üzr istəyib, ya siqareti söndürür, ya da uzaqlaşırdılar. Problemi avtobus sürücüləri ilə yaşadım. İşə əsasən 4 saylı avtobusla gedib-gəlirəm. Dəfələrlə şahid olmuşam ki, sürücü damağında siqaret avtobusu idarə edir. Bakı Nəqliyyat Agentliyinə də şikayət etmişəm. Sürücünün cəzalanıb-cəzalanmadığını bilmirəm. Hər halda cəzalansaydı, eyni sürücü yenə siqaret çəkməzdi. Düşünürəm ki, bu problemi ictimai qınaqla həll edə bilərik. Avtobusda bir nəfər sürücüyə irad tutanda digərləri ona dəstək verməlidir. Biz səsimizi çıxaranda da ya həyasız, ya da tərbiyəsiz oluruq. Meydanda tək qalırıq. Böyüklərdən o dəstəyi görmürük deyə, sürücülər də avtobusda keflə siqaret çəkir. Amma 3-4 nəfər eyni anda etiraz etsə, sürücü damağındakı siqareti atar”.
Fərizə Əhmədova isə Ləmanın əksinə reaksiya vermək əvəzinə “ürəyində” deyinir: “Mən ürəyimdə deyinirəm. Çünki qarşı tərəfin tərbiyəsindən xəbərdar deyiləm deyə, qorxuram ki, qayıdıb öz tərbiyəsinə uyğun, ağır cavab qaytarar”.
Elnurə Nizamqızı isə düşünür ki, küçədə tüpürən insana niyə tüpürürsən demək olmaz: “Yaxınlaşıb desək tüpürmə, deyəcək boğulum ölüm? Ona görə tüpürən insana yaxınlaşıb etiraz bildirmək doğru deyil”.
 
Bəs mütəxəssislər nə deyir? Biz niyə laqeydik?
“Laqeydlik bacarıqsızlığın əlamətidir”

 
Sosioloq Cavid İmamoğlu deyir ki, kökümüzə nəzər salsaq, laqeydlik azərbaycanlıların xarakterinə, mentalitetinə xas olmayan xüsusiyyətdir: “Çünki Azərbaycan tarixən 2000 il öncəyə qədər daha çox icma təfəkkürlü, cəmiyyətə dəstək verəcək insanlara sahib olub. Yəni, insanlar daim bir-birinə qarşı qayğı və diqqət göstəriblər. Bizim cəmiyyətdə bir-birinə hörmət etmək təfəkkürü hökm sürüb. Müasir gəncliyin laqeydliyi isə individuallaşmanın gətirdiyi bəladır”.
Sosioloqlun sözlərinə görə, qloballaşma dövründə, “mən öz bildiyimi edirəm”, “bu, mənim həyatımdır” fikirlərinin ayaq açdığı cəmiyyətlərdə laqeydlik  problemləri meydana çıxır. Ümumiyyətlə, insan olaraq ətrafı duymamaq, normal ünsiyyət qura bilməmək təkcə qloballaşma yox, həmçinin təhsilin, təfəkkürün, maariflənmənin də aşağı düşməsinin göstəricisidir: “Çünki ətrafdakı insanlara laqeydlik göstərmək, yalnız özünü düşünmək, ətrafı duya bilməmək insan üçün mənfi haldır. Məsələn, insan küçələri zibilləyirsə, ətrafdakı insanlara laqeyd qalırsa, onları duya bilmirsə, yəni, bir insan kimi insanlıq hissinə sahib deyilsə, bu müasir dövrdə artıq bacarıqsızlıq kimi qiymətləndirilir. Yəni bizim insanlarımız o vaxt laqeyd olurlar ki, onlar bu sahə üzrə bacarıqsızdırlar. Dəstək göstərmək, ətrafı duymaq özü bir bacarıq tələb edir. Laqeydlik bacarıqsızlığın, cəsarətsizliyin əlamətidir. Biz ilk növbədə bu bacarıqlara sahib çıxmalıyıq. İnsan olaraq başa düşməliyik ki, ümumi mədəniyyət anlayışı var. Əgər biz cəmiyyətdəyiksə, ümumi cəmiyyət tərəfindən qəbul edilən dəyərlərə uyğun hərəkət etməliyik. Yəni, bizim cəmiyyət ənənələrə əsaslanan cəmiyyətdir. Laqeydlik ətrafdakı insanları incidir. İnsanlar tək insanlardan deyil, ətraf mühitdən də inciyir. “Mən beləyəm”, “Hara istəyirəm, ora da zibil atıram” təfəkkürü ilə biz ətrafımızı məhv edirik. Ona görə də biz cəmiyyətdə özümüzü fərd kimi inkişaf etdirməliyik. Azərbaycan gənci, Azərbaycan insanı deyəndə normal xarakterə malik, bacarıqlı insan yada düşməlidir”.

Biz işverən və xəbərçiyik?

Sosial-psixoloq Əhəd Kazımov isə hesab edir ki, bizim laqeyd olmağımızın səbəbkarı ilk olaraq ailələrdir. Müsahibimizin sözlərinə görə, hər bir uşaq ilkin tərbiyəni ailədən alır və cəmiyyətdə də gördüyünü tətbiq edir: “Uşaqlara körpə vaxtından öyrətmək lazımdır ki, ətrafında hansısa qanunsuzluq gördünsə – kimsə yeri zibilləyirsə, sənin haqqını tapdalayırsa, kimsə nahaqdan dalaşırsa, sən mütləq öz etirazını bildirməlisən. Və uşağa aşılanmalıdır ki, bu, birbaşa sənin hüququnun pozulmasıdır. Həmin mühitdə böyüyən uşaq məktəbə gedir, bağçaya gedir, bağça, məktəb, universitet rəhbərliyi ona birbaşa təlqin etməlidir ki, cəmiyyətdəki belə hallara etiraz etmək lazımdır”
Həmsöhbətimiz düşünür ki, bizim ən böyük bəlamız odur ki, laqeydlik göstərməyib kimdənsə şikayət ediriksə, işverən və xəbərçi sayılırıq: “Bizdə sovet düşüncəsindən gələn bir şey var ki, etiraz bildirmək xəbərçilik sayılır. Tutaq ki, hansısa ailədə ər-arvad dalaşırsa, bu ailə məsələsidir və buna qarışmaq olmaz. Bu, xəbərçilik sayılır. Dost dalaşırsa, sən şikayət edirsənsə, dostu satmaq kimi anlaşılır. Bunu heç kim özünə sığışdırmır. Çünki bu, kişi hərəkəti deyil. Əslində bizə əzəldən belə təlqin olunub ki, bu gün cəmiyyətdə xoşagəlməz hərəkətlərə etiraz edə bilmirik. Barmaqla sayılacaq qədər insanlar var ki, öz fikrini bildirir. Laqeydlik isə bizim cəmiyyətimizin bəlasıdır. İnsan başa düşməlidir ki, bu gün kimsə yerə tüpürürsə, yaxud yeri zibilləyir, yanında siqaret çəkirsə, kimsə kimisə döyürsə, sən yanından düz keçirsənsə, bu, mütləq gələn dəfə sənin, övladının qabağına çıxacaq. İlk baxışdan hamı etiraz edərsə, laqeyd olmazsa, onda cəmiyyət də, dövlət də, dünya da gözəl olar. Bu laqeydlik işdə də davam edir. İşdə diskriminasiyaya məruz qalanlar, haqqı tapdalananlar sakit dayanır, etirazını bildirmir. Diskriminasiyaya məruz qalanlar yuxarı instansiyaya şikayət edəndə isə ətrafda ona xəbərçi kimi yanaşılır. Bu da yenə iş prosesinin ləngiməsinə gətirib çıxarır. Avropa dövlətlərində əvvəlcədən bildirirlər ki, əgər sizə işdə diskriminasiya olsa, mütləq rəhbərliyə, rəhbərlikdən yüksək səviyyəli şəxsə etirazınızı bildirin. Haqqınızı mütləq qoruyun. Sizə zərər verilməsinə, ətrafdan zərər gəlməsinə qarşı özünüzü qoruyun”.
Müsahibimizin sözlərinə görə, əgər qonşuda ər, arvadı öldürürsə, burada tək ər yox, bütün qonşular günahkardır: “Bu gün bizdə bir bədbəxtçilik də var ki, araşdırma aparanda məlum olur ki, bu, ər-arvadın birinci davası deyil. Əvvəldən dəfələrlə döyülüb, söyülüb ki, sonu ölümlə nəticələnib. Deməli, burada təkcə kişi günahkar deyil, bunu bilib şikayət etməyən qonşu da, qohum da günahkardır. Həm kişinin, həm də öldürülən qadının həyatı məhv olur. Əgər bu vaxtında bilinib, vaxtında şikayət olunsaydı hadisələr belə yerə gəlməzdi. Buna görə də biz qeyd etdiyim kimi, sözügedən sahədə maarifləndirilməyə ailədən, məktəbdən, universitetdən başlamalıyıq. Ətrafımızda gördüyümüz hər bir insana təlqin etmək lazımdır ki, əgər gördüyün bir hadisəni şikayət edir, yaxud yaxınlaşıb deyirsənsə, bu nə həyasızlıq, nə də işverənlikdir. Əksinə, ən gözəl xüsusiyyətlərdən biridir. Artıq sovet dövrü deyil. Cəmiyyəti elə qurmaq lazımdır ki, sabah sənin uşağının qarşısında kimsə siqaret çəkməsin, ola bilər, sən oturduğun skamyaya kimsə tüpürməsin, amma başqa bir gün mütləq olacaq ki, sən oturan skamyaya da kimsə tüpürəcək. Sən buna etirazını bildirmirsənsə, o insan bunun səhv olduğunu bilməyəcək, hər dəfə də edəcək. Bir dəfə, iki dəfə, üç dəfə; yaxınlaşıb “bunu etmək olmaz” desəniz, başqa bir vaxt o, bu hərəkəti bir də etmək istəsə, mütləq düşünəcək”.

“Laqeydlik məsələsində kollektiv ola bilmirik”

 

Psixoloq Orxan Oruc hesab edir ki, cəmiyyət üzvlərini birləşdirən müəyyən dəyərlər var. Laqeyd olmamaq isə bizim dəyərimiz deyil: “Məsələn, bizim cəmiyyət üçün torpaqlarımız bir dəyərə çevrilib, Qarabağ məsələsində kütləvi şəkildə hamı eyni istiqamətdə baxa, birləşə, güclənə bilir və s. Biz bunu ötən ilin aprel döyüşlərində də müşahidə elədik. Hamı bir nəfər kimi birləşə bilmişdi. Bu, çox sevindirici və qürurlandırıcı bir proses idi. Ancaq şəhərin çirkləndirilməsi, yarana biləcək müəyyən təhlükələrin qarşısının alınması kimi məsələlərə biz çox individual yanaşırıq. Mənə elə gəlir ki, bunun çox təbii səbəbi var, səbəb odur ki, bu kimi məsələlər şəhər ənənələri ilə bağlıdır. Bizim ən böyük şəhərimiz Bakı şəhəridir. Bu şəhərdə yaşayan insanların əksəriyyəti ən yaxşı halda bir nəsil öncə bu şəhərə köçüb yaşamağa başlayanlardır. Bizim genetik yaddaşımızda, bizə tərbiyə verən valideynlərin, müəllimlərin genetik yaddaşında yerə zibil atmaq, tüpürmək normal qəbul edilən davranış olub. Çünki, qeyri-şəhər mühitində yaşayaraq formalaşan genetik yaddaşımızda plastik qab, sellofan paket, “batereya” və s. bənzər, gec çürüyən maddələr olmayıb. Bizim genetik yaddaşımızda o var ki, yediyimiz almanın qalıqları torpaq üçün əlavə gübrədir, atdığımızı çörək qırıntıları həşəratlar, quşlar üçün yemdir. Ona görə də asfaltsız şəraitdə yaşadığımız dövrdə formalaşan genetik yaddaşlı mədəni insan obrazı rahat şəkildə alma qabığı əvəzinə indi cola qabını, yuxa qırıntısı əvəzinə, cipsi paketini yerə atır. Ümid edirəm ki, bir müddət sonra, biz şəhər mühitinə tam uyğunlaşacağıq və bu kimi məsələlərə də laqeyd yanaşa bilməyəcəyik”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir