İdeal ailə necə olmalıdır?

Baxış sayı: 12. 132

Bədii ədəbiyyatın insanın dahiliyi, şərəf və ləyaqəti haqqında yaratdığı ən böyük psixoloji meyar məhəbbətdir. Məhəbbət iki insan arasında baş qaldıran ən ülvi hissdir. İllər boyu məhəbbət bədii ədəbiyyatın başlıca mövzusu olmuşdur.Təsadüfi deyil ki, məhəbbətə dair qoşulan dastanlar hər bir xalqın ədəbiyyatında mühüm yer tutur.

Məhəbbətlə yaşayan ailələr çoxdur. Ər və ya arvad nəinki ömür boyu bir-birini sevməli, bir-birinə hörmət etməli ,həm də mənəvi dəyərlərə malik olmalıdırlar.Bu məhəbbətdən dünyaya göz açan körpələr bu sevgini duymalı, bu istiliyin altında böyüməlidir.Lakin ailənin inkişafının bütün mərhələlərində məhəbbət hissi onun psixoloji bünövrəsini ,təməlini daimi təşkil etməyə bilər.

Bu gün bizi əhatə edən mühitdə, cəmiyyətimizdə yetəri qədər ailə-məişət problemləri mövcuddur. Psixoloqların, sosioloqların araşdırdıqları faktlara nəzərə yetirsək ,kifayət qədər düşündürücü , təəssüflə qeyd  edəcəm ki, ürək açmayan hallar daha çoxdur.

“Müasir Ailə “ modeli necə olmalıdır? Mənə görə ailənin təməli, gələcək taleyi, bu həyatın uğurlu, sevincli olması ərin və arvadın şəxsiyyətindən asılıdır. Hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli psixoloji düşüncəyə malik olması üçün çalışmalıdır. Ailə inkişaf etdikcə, ər-arvadın münasibətləri də mürəkkəbləşir. Hər bir münaqişədə, ailə söz-söhbətlərində ər və arvadın xarakter əlamətləri bilavasitə təzahür edir. Xeyirxahlıq, qarşılıqlı hörmət , dözümlülük, güzəştə getmək  və digər amillər iki insanın xoş münasibət saxlmasında, bir-birini düzgün başa düşməsi və anlamasında mühüm rol oynayır.

Ailə dialektika qanunlarına tabedir. Münaqişəsiz ailə əslində yoxdur. Bunu tam başa düşmək üçün münaqişənin mənəvi məzmununa diqqət yetirilməlidir. Ailə münaqişələri müxtəlif forma və məzmun daşıyır. Bunlar müxtəlif ola bilər:

a) ər-arvadın tələbatlarının təmin olunması əsasında əmələ gələn;

b) hər iki tərəfin tərbiyəsi, xarakteri və mənəvi düşüncəsi ilə bağlı olan;

c) ər və arvadın hüquq və vəzifələri, ailədə əmək bölgüsü, uşaqlara göstərilən mədəni rəftar və qulluqdan yaranan problemlər əsasında yaranan münaqişələr;

“Müasir Ailə” modelinin təməlində bir çox prinsiplər dayanır. Mənə görə bu prinsiplərdən ən önəmlisi ailə mədəniyyətidir. Ailə mədəniyyəti geniş məfhumdur. Hər bir gənc aydın dərk etməlidir ki, ailə mədəniyyəti qarşılıqlı münasibət, bir-birinə hörmət etmək, səmimi münasibət, bir-birinin qayğısına qalmağı bacarmaq, fikir və hissləri bir-biri ilə bölüşmək, bir-birinə sevgisini yetəri qədər verməyi bacarmaq, ağıllı yaşamaq əsasında formalaşır. Buna görə də gənclər gələcək ailələrinin bütövlüyünü saxlamaqla yanaşı, cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını da dərk etməlidirlər.

İdeal ailə necə olmalıdır? Yəqin ki, müasir dövrdə bu sual çoxumuzu düşündürür. Bir ailənin inkişafı ,təməlli,ideal olması üçün iki insanın bir-birinə yüksək sevgisi, hörməti olmalıdır və xarakterlərinin təzahürləri bir-birini tamamlamalıdır. Hər bir çətin vəziyyətdə əl-ələ verib yenidən ayaqüstə qalxmağı bacarmalıdırlar. Və ən əsas bizim milli ideologiyamıza xas olan bir məqam “ailəyə kənar müdaxilələr olmamalıdır”.Bizim hələ bu səpkidə düşüncəmiz tam inkişaf etməyib. Gənclərin istək və arzuları nəzərə alınmalı, onların tam ailə olaraq formalaşması üçün hər iki tərəfin ailəsi buna səy göstərməlidir. Mən xalq şairi Rəsul Rzadan bir sitat gətirmək istərdim. O, “Poeziya zəhmət və ilhamdır” adlı avtobioqrafik məqaləsində yazır:

“Atam sağ olanda ailəmiz firəvan dolanırdı. Məsələ yalnız maddi cəhətdən təmin olunmaqda deyil. O zaman üçün çox nadir olan cəhət bu idi ki, atamız bizim bədii tərbiyə almağımızın qeydinə qalırdı. Evimizdə çox zaman söhbət ədəbiyyatdan gedirdi. Xüsusilə poeziyadan  anam Məryəmin şairlik təbi var idi. Anamın şerləri qadınları maarifə, mədəniyyətə çağırırdı”. Məncə bu kiçik bir məqalədə hər bir oxucu özü üçün müəyyən bir fikir formalaşdıra bilər. Övladın təbiətində, ürəyində olanlar, qabiliyyəti,mədəniyyəti,həyatı, insanları sevməyi və digər insani keyfiyyətləri aşılamaq, oyatmaq üçün valideyn söhbətləri, müasir ailə disskusiyaları mühüm əhəmiyyət kəsb edir.

Uşaqlar ata və ana vasitəsilə ətraf mühitdə, cəmiyyətimizdə yaranan hadisələrlə bağlı təsəvvürlərə sahiblənir və bunun əsasında ətrafda olan insanları, özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər. Ailə həyatı şəxsiyyətin inkişafında çox mühüm rol oynayır. Bu cəhət, ilk növbədə, uşağın emosional aləmində əks olunur.

Ailə, onun reallıqları haqqında nə qədər danışsaq, yazsaq azdır belə. “Müasir  Ailə”də bizim milli psixologiyamız önəm daşıyır. Mən cəmiyyətimizdə hər bir gəncin savadlı, dünyagörüşlü, sevgi dolu ailədə böyüyüb formalaşmasını arzu edirəm. Bütün gənclər atacağı hər bir addımın düşünülmüş olmasına inansınlar.Gələcək qurulan ailələr həqiqətən də, dövlətimizə, cəmiyyətimizə layiqli olsun. Ailə motivləri , ailə dəyərləri, milli adət-ənənələrimiz, keçmişimiz, bu günümüz və sabahımız, cəmiyyətimizdə gənclərə verilən önəm, gənc ailələrə göstərilən psixoloji yardımlar bütün sosial şəbəkələri, televiziya proqramlarının, radio verilişlərinin nəzər nöqtəsində olsun. Bu addımlar sağlam ailənin, gələcək şəxsiyyətin inkişafına, formalaşmasına təkan verir. Sonda fikrimi yekunlaşdıraraq demək istəyirəm:

“Ailə xoşbəxt olmaq və xoşbəxt uşaqlar tərbiyə etmək üçündür”.

 

 Kəmalə Qarayeva




2 şərh “İdeal ailə necə olmalıdır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir