QADIN

İdeal qadın hansı keyfiyyətlərə malik olmalıdır? – 13 XUSUSİYYƏT

Baxış sayı: 1. 395

Həyatda ideal adam yoxdur. Xarakterlərində bir çox müsbət keyfiyyəti daşıyan yaxşı adamların da mütləq hansısa mənfi xüsusiyyətləri olur. İdeallıq bir az ilahi, kosmik səviyyədir. Bir şeyin ən gözəl, ən mükəmməl nümunəsinə ideal deyilir.

 

Yeniyetməlik vaxtlarımızdan qarşı cinslə bağlı beynimizdə onun “ideal”ını qurub, formalaşdırırıq. “Mənim bəyənib, seçdiyim qadın(kişi) belə olmalıdır” deyib, həyatda qabağımıza çıxan partnyoru (partnyorları) həmin “ideal” xüsusiyyətlərə yaxınlığı ilə müəyyənləşdirməyə, seçməyə çalışırıq. Hər bir qadının özünəməxsus, məhz qadın üçün “ideal kişi” keyfiyyətlərini özündə cəmləşdirən xəyalı var.

Bəs ideal qadın necə olmalıdır? Burda, ümumiyyətlə, universal resept, mükəmməl model anlayışından söhbət gedə bilməz. Çünki biz, hər birimiz ayrı fərdik və hərəmizin fərqli-fərqli zövqü var. Buna baxmayaraq, qadınlarda elə universal keyfiyyətlər olur ki, bunu bir çox kişi, onlarda, yəni qadınlarda görmək istəyir. Mən tipik azərbaycanlı kişilərinin arzuladığı savadsız, aciz, “başıaşağı”, sözəbaxan, evində oturub bozbaş bişirən “yaxşı qız” “ideal”ından bəhs etməyəcəm. O cür qadını ancaq xaraktersiz, özünə əmin olmayan, ədalətsiz kişilər arzulaya bilər. Adekvat kişinin arzuladığı qadın fəal və ağıllı xüsusiyyətlərə malik olur. Ağıllı qadınlar münasibətlərdəki münaqişələri həll etməyə, olduqları yerdə rahatlıq, harmoniya və sevgi atmosferi yaratmağa meyilli olurlar. Qadın psixikası kişidən 9 dəfə daha güclü olur və kişinin davranışı məhz 80 faiz qadından asılıdır. Boş yerə deyilməyib ki, hər bir güclü kişinin arxasında, güclü bir qadın yer alır.

İdeal qadın hansı keyfiyyətlərə malik olmalıdır? 

 

Yumor hissi olan qadın

Qadında yumor hissinin olması çox gözəl və sehrli əlamətdir. Niyə? Ona görə ki, qadının özünə qarşı kompleksləri yoxdur. Axı, gülüş ömrü uzadır. Həm də sıxıcı anlarda, məqamlarda həmin qadın öz zarafat və gülüşləri ilə vəziyyəti və atmosferi dəyişə və “bəzəyə” bilər. Bu qarşılıqlı anlaşmaya və pozitivə köklənməyə rəvac verir. Yumor hissi olan insanla yaşamaq çətin həyatı bir növ asanlaşdırır. Belə adamlarla ünsiyyətdə olmaq qarşı tərəfə daha maraqlı və xoş gəlir. Yaxşı zarafat edən və zarafatdan anlayan insanlar sosial olurlar. Əslində qadınlar zarafata makiyaj kimi yanaşmalıdılar. O, gərək qədərində olsun, həm də mövcud situasiyaya uyğun olub, yaraşsın. Şit və bayağı zarafatları yaxşı yumor hissi ilə səhv salmayın.

 

Öz kişisinin dostlarına hörmət edən qadın

Mən dəfələrlə görmüşəm ki, bəzi qadınlar, öz sevdiyi kişilərin dostlarına qarşı çox pis yanaşır və hətta kişiyə, o dostlardan, uzaqlaşmağı da tapşırırlar. Qadınlar çox vaxt düşünür ki, həmin dostlar kişini xəyanətə və xoşagəlməz şeylərə sürükləyə bilərlər. Bir məsələ var ki, ağıllı və əxlaqlı adamın özü kimi də dostları olur. Əgər bir qadın öz kişisinin dostlarına hörmət etmirsə, deməli, onun seçiminə də hörmət etmir. Belə də ki, o dostları, axı, kişi seçib. Normal düşüncəli insan belə şeylərə müdaxilə etməz.

 

Kişisinə xoş sözlər deyən qadın

Çox vaxt qadınlar düşünür ki, kişilərə xoş sözlər və komplimentlər demək o qədər də əhəmiyyətli deyil. Belə düşünənlər bərk yanılırlar. Kişilər də yaxşı göründüyünü, yaraşıqlı, güclü, xarizmatik və ağıllı olmaları barədə sözləri öz qadınlarının dilindən eşitmək istəyirlər. Yox, o cür xoş sözlər kişiləri “qudurtmur”, əksinə, daha da fəal olmağa və öz üzərlərində işləməyə stimul verir. Bu, çox incə və vacib məqamdır. İstənilən kişi özünə qarşı olan həmin münasibəti qiymətləndirəcək. Kimsə qarşı tərəfin müsbət keyfiyyətlərinə diqqət ayırıb, onlar barədə müsbət sözlər işlədəndə həmin adam daha yaxşı əhvalda olur. Bütün günü deyinənlər və çatışmazlıqlardan danışanlar yaxşı nüfuz sahibi ola bilməzlər. Yəni, ideal qadın özəlliyinə sahib biri öz kişisinə xoş sözlər deməkdən və onun yaxşı davranışlarına görə təşəkkür etməkdən yayınmayacaq.

 

Kişinin əhval-ruhiyyəsini nəzərə alan qadın

Bu da, əhəmiyyətli və aktual haldır. Öz partnyoruna həqiqətən hörmət edən və sevən qadın müəyyən vaxtlarda kişinin əhvalına uyğunlaşmağa və mövcud vəziyyətə görə davranmağa başlayır. Əgər kişinin əhvalı çox yaxşıdırsa, qadın da gülür və atmosferi daha da isti saxlamağa çalışır. Yox, əgər kişinin iş yerində və ya hardasa çox pis kefin pozublarsa, o dəqiqə qadın onu divara dirəyib, olanlar barədə danışmağını tələb etməməli və yaranın üzərinə daha da duz tökməməlidir. Kişi özü bu barədə uyğun vaxtda danışacaq. Həmin vaxt kişini sakit buraxmaqda fayda var. Sonra oxşar məqamlarda eyni anlayışı kişi də öz qadınına edəcək.

 

Sevgisini göstərməyə çəkinməyən qadın

Təbii ki, ciddi görünüş qadınların bir növ bəzəyi sayılır, ancaq həddindən çox ciddi olan qadınlar bezdirici ola bilirlər. Qadın öz sevgisini, qayğısını ancaq təklikdə nümayiş etdirməməlidir. O, ictimai yerlərdə, digərlərinin yanında da öz sevgisini göstərməklə partnyorunu daha da dəyərli edə bilər. Diqqət və qayğını hər yerdə görmək adama xoş gəlir. Əlbəttə, əgər oğlanın və ya qızın özünün valideynləri mental təfəkkürdədilərsə, onların yanında bir az ehtiyat etmək daha düzgündür. Belə məhdud davranış həmin halda sizi əlavə söz-söhbətlərdən uzaq edəcək. Bir də ki, hər şeydə “qızıl orta”nı tutmaq daha gözəldir.

 

Baxımlı qadın

Bu faktor kişiləri ən çox cəlb edən nüanslardan biridir. Mən çox yaxşı başa düşürəm ki, həyatdakı bütün qadınlar baxımlı və səliqəli deyillər. Hamı eyni ola bilməz. Baxımlı olmaq seksuallığın nişanəsidir. Elə qadınlar var ki, onlar həyatın bütün sferalarında seksualdılar. Belə qadınlar 1 kilometr məsafədən də cazibədarlıq impulsları ötürürlər. Onlardan göz çəkmək olmur. Həmin qadınlar çox dəbli və eleqant olurlar. Hər bir hərəkətləri, davranışları və ünsiyyət formaları o qədər yerinə düşür ki, onlarla olan kişilər heç darıxmırlar. Hə, siz, vulqarlığı seksuallığla bir tutmayın. “Seksual qadın” deyəndə, mən, çox açıq-saçıq geyimli qadınları nəzərdə tutmuram. Baxımlı qadın gündəlik gigiyenik təmizliyinə, saçına, dırnağına, dərisinə fikir verməklə yanaşı, öz ətrafını da səliqəli saxlayacaq. Belə qadınlardan çiçək ətri gəlir.

 

Çətin zamanlarda partnyoruna dəstək olan qadın

Hamının həyatında çətin anlar və problemli günlər olur. Bu, çox təbiidir. Belə anlarla qarşılaşarkən çətinlikdən və ya problemin ağırlığından qorxub kişini atan qadın ideal qadın sayıla bilməz. Sevgisində, yanaşmalarında səmimi olan şəxs belə şeyə yol vermir. Dəstək olmağı tərbiyə verməklə eyniləşdirmək düz deyil. Hansı ki, bəzi qadınlar öz kişilərinə qarşı “qayğıkeş ana” modeli ilə yanaşaraq, “elə elə-belə eləmə,” “qalın geyin, supunu iç, filan adamlardan uzaq ol” tipli cümlələrlə onları boğmaqla məşğuldular. Bu, kökündən səhv yanaşmadır. İctimai yerlərdə, adam arasında olarkən, hamının arasında partnyoruna mənfi rəy bildirmək, onu tənqid etmək, necəsə pisləmək yolverilməz haldır. Ən düzgün olanı belə şeyləri sivil formada kişi ilə qadın tək olanda danışmaq, irad bildirmək, müzakirə edib, yoluna qoymaq lazımdır. Kişi hiss eləməlidir ki, qadın onun mövqeyinə hörmət edir və nə olur, olsun qadın onun yanında olacaq.

 

Sevgilisinə motivasiya verən qadın

Mənə görə qadınlar ən böyük motivasiya mənbəyidilər. Biz kişilər, məhz qadınlara görə dağları, əngəlləri aşır, uğurlar qazanır və inkişaf edərək yüksəlirik. Qadın kişinin bu cəhdlərini görməzdən gəlirsə və ya ən pisi, əksinə, onu demotivə edərək, “əşi, əzizim, onsuz da səndə alınmayacaq” deyirsə, həmin qadından ancaq uzaqlaşmaq lazımdır. Kiməsə o cür mənfi rəy verib, ümidlərini, inamını qırmaq və ona bacarıqsız olduğunu söylədikdə, adam şüuraltı olaraq buna inanmağa başlayır. Belə qadın ilham və motivasiya verən yox, temp öldürən və mənfi enerji mənbəyi olaraq yadda qalır. O qadına ki, baxanda kişi sevgisi və ilham mənbəyinin gücü hesabına bütün dünyanı onun ayaqları altına sərmək istəmirsə, demək ki, bu, ideal qadın deyil.

 

İntellektual cəhətdən inkişaf etmiş qadın

Yekə dodaqlar, dolğun sinə, gözəl saçlar, cazibədar bədən quruluşu əsas meyar sayıla bilməz. Bu, daha çox zəif və bədbəxt kişilərin əsas və yeganə istəkləri ola bilər. Ehtiras azalandan və kompliment ensiklopediyasındakı bütün sözlər bir-birinə deyildikdən sonra qadınla-kişinin öz aralarında danışılacaq mövzuları yoxdursa, o münasibət pis vəziyyətə düşür. İnsanın kitablardan, filmlərdən, teatrdan, ümumi həyatdan və bir sözlə, intellektual məsələlərdən danışan partnyorunun olması xoşbəxtlikdir. Ümumiyyətlə, bir qadın kitab oxumursa, həmin qadın işıqlı ola bilməz. O qadın ki ağıllı deyil, onda idealın heç ‘i’ hərfi belə əyri yer almır. Əlbəttə, həm gözəl, həm də intellektin bir arada yer aldığı qadın daha möhtəşəm sayılır. Yenə də intellekt çox şeydən vacib sayılan nəsnədir. Çünki qadın nə qədər baxımlı və gözəl olsa da, təkcə bununla kifayətlənmək mümkün deyil. Belə hal kişini sıxacaq və yanındakı adamla söhbət etməyə ehtiyac duyduğu halda, qarşı tərəf onu öz mövcud vəziyyəti ilə məyus edəcək.

 

İntim cəhətdən fəal qadın

Qadın-kişi münasibətlərini qüvvətləndirən əsas amillərdən biri də seksdir. Münasibətdəki boşluqlar çox vaxt məhz seksin hesabına həll olma gücünə malikdir. Ehtiraslı qadın, kişini xoşbəxt edə bilən qadın sayılır. Qadınla, kişi bir-birlərini yataqda təmin edə bilmədikləri üçün də xəyanətlər baş verir. Adamlar o həzzi öz yaxınları ilə bölüşdükləri yataqda tapmadıqları üçün kənara meyillənə bilərlər. Düzdür, bu, əxlaqsız haldır, ancaq reallıqdır. Hə, çox vaxt bizim ölkədə qadın evliliyə qədər bakirə olduğu üçün ondan çox şey gözləmək də düz çıxmır. Ancaq yenə də partnyoru olan qadın özünü quru aparmamalı, yataqda taxta kimi olmamalı və internetdəki sonsuz sayda öyrədici informasiyaları mənimsəməlidir.

 

Öz üzərinə kişinin vəzifə və öhdəliklərini götürən qadın

Heç də xoş hal deyil ki, kişi ola-ola, qadın kişinin etməli olduqlarını etməyə başlayır. Əlbəttə, belə şeylər çox vaxt kişilərin məsuliyyətsizliyi və şəxsi xarakterlərlərindəki boşluqlara görə yaranır. Yenə də, bu, qeyri-təbii və yaxşı vəziyyət sayıla bilməz. Tarixi cəhətdən qadın ilə kişinin birgə münasibətlərinə baxsaq, görərik ki, qadın həmişə ev və ailə ocağının əsas qoruyucusu hesab edilib. Kişi isə qazanıb və ovlayıb gətirən tərəf olub. Nə vaxt ki, cütlüklər arasında vəzifə cəhətdən yerdəyişmə gedir, münasibətlər korlanmağa başlayır. Münasibətlərdə əsas olmağa çalışaraq, kişi üzərində ağalıq etməyə meyilli qadınlar nə özlərini, nə də qarşı tərəfi xoşbəxt edə bilməz. Bir yerdə yaşayan cütlüklər və ailələrdə bütün problemləri qadın həll etməməli, qərarları təkcə o verməməlidir. Hər bir tərəf məsuliyyət və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, yerdəyişmə olmasın. Ən əsası, qadın öz kişisinə rəqib kimi baxmamalıdır.

 

Səbrli qadın

Ağıllı qadınlar səbrsiz olmurlar. Onlar yaxşı anlayırlar ki, davranışlarında isterika və yüngüllüyə yol verməklə, kapriz sərgiləməklə kişiləri özlərindən bezdirmiş olarlar. Müdrik qadın çox yaxşı hiss edir və bilir ki, harda öz emosiyaları ilə ehtiyyatlı olmalıdır, harda isə haqlı olaraq qalmaqal yaratmalıdır. Əgər, qadın isterika sərgiləyib istədiyi şeyləri ultraemosianal şəkildə dilə gətirirsə ki, “mən ən son model “İphone” istəyirəm”, “filan paltarı mütləq almalıyam”, “Venesiyaya səyahətə getməliyik” və s. o zaman belə qalmaqal yaratdığı üçün onun dəyəri itir. Səbirli qadın isə bir növ kişini idarə edir. Bu metodla o, öz istədiyini əldə etməklə bərabər, həm də kişidə güclü şəxsiyyət formalaşdırır. Belə olan halda motivə olmuş kişi öz qadınına daha da sıx bağlanır və onun arzularını yerinə yetirməyə çalışır.

 

Ambisiyalı qadın

Ambisiyalı qadınlar çox güclü olurlar. Onların aydın və sağlam məqsədləri, hədəfləri olur və onlar həmin məqsədlərinə nail olurlar. Belə qadınların həyatları monoton olmur. Təslim olmaq, çətinlikdən qorxmaq və geri çəkilmək onlara yad xüsusiyyətdir. Onların hobbiləri, fəal məşğuliyyətləri və yaxşı işləyən beyinləri olur. Bu cür qadınlarla bir yerdə olan kişilər heç sıxılmırlar. Həmin qadınlar münasibətə də rəng qataraq, olduqları yerdə yaxşı mənada seçilməkləri ilə fərqlənirlər. Beləliklə, mən ideallığa yaxın olan qadının bəzi xüsusiyyətlərini sadaladım. Əlbəttə, burda subyektiv və obyektiv yanaşmalar oldu. Həmçinin psixoloqların da müəyyən rəylərindən istifadə etməklə yanaşı, öz təcrübələrimi də bölüşdüm. Yazımda qadınlara qarşı hər hansı bir qərəz və ayrı-seçkilik yoxdur. Əlbəttə, həyatda hərənin öz yolu və yaşam tərzi var. Burda sadalananlar öz üzərində islahat aparıb, yaxşılığa doğru dəyişmək və inkişaf etmək istəyən qadınlar üçün incə bir bələdçi sayıla bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir