idmanci qiz

İdman zamanı infarkt olmamaq üçün nələrə diqqət etmək lazımdır?

Baxış sayı: 1. 647

Son zamanlar mediada idmanla məşğul olan zaman infarkt keçirmə və ölüm xəbərləri sıxca yayılmağa başladı. Bu haqda fikirlərimi sizlərlə bölüşmək istərdim.

Biz istər sağlam olun, istərsə də ürək-damar xəstəliyiniz olsun, mütəmadi idmanla məşğul olmağı məsləhət görürük.

Sağlam bir insan həftənin 5-7 günü ən azı 30 dəqiqə müddətində (həftədə 2,5-5 saat) aerobik idmanla məşğul olmalıdır. Sürətli şəkildə yürümə, qaçma, velosiped sürmə, üzgüçülük, avarçəkmə ürək-damar sisteminə ən yaxşı təsir edən aerobik idman növləridir. Əgər siz daha öncə idmanla məşğul olmamısınızsa və idmana yeni başlayacaqsınızsa, 1 ay maksimum 15-20 dəqiqə məşğul olunmalıdır.

İnfarkt keçirən, şuntlama əməliyyatı ilə damarları dəyişən və ya stend taxılan hər bir insan həftənin ən azı 3 günü başlanğıcda (4 həftə) maksimum 15-20 dəqiqə olmaqla ən azı yarım saat müddətində yuxarıda saydığım idman növləri ilə mütləq məşğul olmalıdır. Baxın, “xəstə istəyirsə ola bilər” demirəm, “mütləq olmalıdır” deyirəm. Ancaq idmanla məşğul olarkən də bəzi önəmli nüanslara diqqət edilməlidir. Biz idmanla məşğul olduğumuz zaman nəbzimiz və təzyiqimiz qalxır, oksigen ehtiyacımız artır. İdmanla ağır və məsləhət görülməyən şəkildə məşğul olduğunuz zaman ürəyiniz buna tab qətirməz və infarkt, hətta ölüm ortaya çıxa bilər.

Bəs idmanla məşğul olarkən nələrə diqqət edilməlidir?

Hər şeydən əvvəl ürək-damar xəstəliyi olmayan, ancaq şəkərli diabet, köklük, hipertoniya kimi xəstəlikləri olan, illərdir siqaret çəkən və ya birinci dərəcəli qohumlarında (ana, ata, qardaş, bacı və uşaqlar) qadınlarda 55, kişilərdə 65 yaşından öncə ürək-damar xəstəliyi ortaya çıxan insanlar idmana başlayacaqsa, idmandan öncə ürək-damar xəstəliyi araşdırılmalıdır. Həmçinin 40 yaş üstü kişilər və 50 yaş üstü qadınlarda araşdırılmalıdır.
İdman zamanı infarkt keçirmə riskini artıran bir neçə önəmli faktor vardır. Bunlardan birincisi idmanın növüdür. Ağır idmanla məşğul olmaq infarkt riskini artırır. Biz istər sağlam, istərsə də ürək-damar xəstəliyi olan insanların məşğul olacağı idman növlərini bilirik. “Body” və “Fitnes” kimi idman növlərindən mümkün olduqca uzaq durulmalıdır. Bu idman növləri ürəyə olduqca neqativ təsir edir. Bunların əvəzinə sürətli şəkildə yürümə, velosiped sürmə, üzmə, aşağı sürətlə qaçma kimi aerobik idman növləri tərcih edilməlidir. İdmana yeni başlayan insanların idman zamanı heç bir şikayətləri olmasa belə, ilk vaxtlarda (4 həftə boyunca) bədənlərinin uyğunlaşması üçün idmanla qısa müddətli- maksimum 15-20 dəqiqə və daha az şiddətdə məşğul olmalıdırlar. Nə qədər uzunmüddətli və mütəmadi idmanla məşğul olursanız, infarkt keçirmə riski o qədər az olacaqdır. Sıx-sıx uzunmüddətli aralar verib idmanla məşğul olmaq məsləhətli deyil.

İkincisi, yemək yedikdən sonra idmanla məşğul olunmamalıdır. Yemək yedikdən sonra idmanla məşğul olmaq infarkt riskini artırır. Yemək yedikdən sonra ən azı 2-3 saat sonra məşğul olmaq lazımdır. Hər hansı bir gün psixi və fiziki cəhətdən özünüzü yaxşı hiss etmirsinizsə, o gün idmanla məşğul olmayın.

Səhər, yoxsa axşam?

Səhər saat 9 və ya 10-da idmanla məşğul olmaq daha uyğundur, ancaq bu, iş vaxtı səbəbiylə mümkün deyilsə, axşam yeməyindən ən azı 2-3 saat sonra idmanla məşğul oluna bilər.
İdmanla məşğul olarkən ortaya cixan agrıya diqqət!

Mütəmadi olaraq idmanla məşğul olan bir insan yenə bir gün idman zamanı anidən sinəsində və ya kürəyində yanma, basqı şəklində ağrı hiss edərsə və ya şiddətli nəfəs darlığı, baş dönməsi hiss edərsə, o an idmanı mütləq buraxmalıdır.

Bütün bu dediklərim “idmanla məşğul olmaq təhlükəlidir” anlamına gəlmir. Bunları deməkdə məqsədim arıqlamaq və ya sağlam bədənə sahib olmaq üçün idmanla məşğul olanları məlumatlandırmaqdır. (Kaspi.az)

Yalçın Velibey
Uzman həkim 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir