ilham ve ferize

İlham və Fərizə: Bir eşq hekayəsi

Baxış sayı: 111

Ədəbiyyatı vərəqlədikcə burada ilahi eşqin, saf məhəbbətin, ülvi sevginin və sədaqətin şəninə, tərənnümünə həsr olunmuş yüzlərlə, minlərlə əsərlərin, roman və poemaların, şeir və qəzəllərin yazıldığını görürük. Böyük ustalıqla qələmə alınmış bu əsərlərdə aşiqin sevgisinə, sevgilisinin aşiqinə necə də sadiq olduğunu, hətta onun yolunda ölümə belə getdiyini görürük.

Eşq, məhəbbət, sevgi ədəbiyyatın daimi mövzusudur. Həmişə onunla yol yoldaşıdır. Neçə illər, qərinələrdir ki, yanaşı addımlayırlar. Bu mövzu heç vaxt dəbdən düşmür, köhnəlmir, “qocalmır”, unudulmur. Bu yolda həmişə yolçular var. Bu yolları heç vaxt toz-torpaq basmır. Məhəbbət və sevgi qarşısında heç vaxt qırmızı işıq yanmır.

Öz sevgilisi yolunda şirin canından keçmiş aşiqlər heç vaxt unudulmur, yaddan çıxmır. Sevənlər də, sevilənlər də həmişə özlərini onlara oxşatmağa, onlar kimi sevməyə və sevilməyə çalışırlar. Amma təəssüflər ki, heç də hər şey həmişə uğurlu alınmır. Sevgililər bir-birilərinə qovuşmurlar. Yolları həsrətdən, qəm-kədərdən keçir. Ayrılıb bir-birilərindən ayrı düşürlər. Əzablara düçar olub sevgi, məhəbbət və eşq odunda yanıb qovrulurlar. Əsli və Kərəm kimi, Leyli və Məcnun kimi, Romeyo və Cülyetta kimi.

Qədim şərqin Leyli və Məcnun hekayəsi əsrlərdir sevənlərin və sevilənlərin dilindən düşmür. Əfsanəyə, mifə dönmüş bu məhəbbət dastanı illərdir, əsrlərdir ürəklərdə, könüllərdə yaşayır. Sevənlərin və sevilənlərin qəlbləri fəth edir.

Azərbaycanın görkəmli, cahanşümul şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli də əsrlərcə əvvəl bu ilahi eşqi nəzmə çəkmişlər. Saf məhəbbəti tərənnüm etmişlər. İki gəncin o ülvi sevgisini vəsf edərək ayrı-ayrı əsrlərdə “Leyli və Məcnun” adlı poema qələmə almışlar. Bu poemalar zamanın sınağından keçərək oxuna-oxuna, sevilə-sevilə bu günümüzə gəlib çatmışdır. Heç şübhə yoxdur ki, məhəbbəti tərənnüm edən bu əsərlər hələ neçə qərinələri, neçə əsrləri geridə qoyacaq.

Azərbaycanın həmişəyaşar və dahi bəstəkarı Üzeyir Hacıbəyov da ölməz “Leyli və Məcnun” operası yazıb. Sanki bu məhəbbətə, bu sevgiyə bir az da şirinlik qatıb. Bu gün hər kəs bu operaya böyük maraqla, sonsuz sevgi ilə tamaşa edir. Neçə əsr bundan əvvəl baş verən bu hadisə, sonu faciə ilə bitən bu məhəbbət illər keçəndən, zamanlar ötəndən sonra mifə və əfsanəyə çevrilərək ürəyimizə, qəlbimizə hopub, yaddaşımızda dərin izlər qoyub.

Dəhşətli 20 Yanvar faciəsində sanki məhəbbətin, sevginin də yaddaşı təzələndi. Bu qanlı və qanlı hadisədə tükürpədici, kədər və qəmlə yüklənmiş “Leyli və Məcnun”a bənzər “Fərizə və İlham” dastanı da yarandı. Başqa qeyrətli oğullar kimi, İlham da müstəqilliyimiz və azadlığımız uğrunda mübarizəyə qoşulmuşdu. Sovet imperiyasının tankları ölkəmizin paytaxtına soxulanda o da yalın əllə sinəsini irəli verənlərdən biri olmuşdu. İmperiya əsgərlərinin atdığı odlu güllələr onun sinəsini deşik-deşik etmişdi. Hamı kimi yaşamaq üçün dünyaya göz açmış İlham şəhid olmuşdu.

Həmin gecə qapıları odlu güllələrlə bərabər qara xəbərlər də döyürdü. İlhamgilin evinə də onun şəhid olması barədə xəbərlər gəlib çatmışdı. Həyat yoldaşının şəhid olduğunu eşidən Fərizə bu acı xəbərdən sarsıldı. Ağlayıb acı göz yaşları axıtsa da, heç yerdə, heç nə ilə özünə təskinlik tapa bilmirdi. Doğulduğu bu həyatda İlhamsız yaşamaq, ömür sürmək istəmirdi. Çünki İlhamı ürəkdən sevmişdi, ona qəlbən, ruhən bağlanmışdı. İlhamın ölümü onun ürəyinə çalın-çarpaz dağlar çəkmişdi. Həyatını bir anlıq da olsa, onsuz təsəvvür edə bilmirdi. İlk olaraq fikrinə gələn bu oldu ki, özünü öldürsün və İlhamla bir məzarda dəfn olunsun. Çox götür-qoy etmədən o biri dünyada İlhama qovuşmaq üçün Fərizə ölümə üsyan elədi və ona qalib gəldi.

Ayrılığa dözmədi. Haqq dünyasında sevgilisi ilə görüşə tələsdi. Yaxınları, qohumları onları bir məzarda dəfn etdilər. Sevgililər əbədi olaraq qovuşdular. Fərizə son arzusuna, son istəyinə çatdı, İlhama qovuşdu. Bax beləcə, qanlı 20 Yanvar faciəsində “Fərizə və İlham” dastanı yarandı. Fərizə və İlham sadiqlik və sədaqətin rəmzinə çevrildilər. Leyli və Məcnun ruhu təzələndi.

Bu gün Şəhidlər xiyabanına gələnlər ən çox ayaqlarını İlham və Fərizənin məzarları önündə saxlayırlar. Bir dəqiqəlik sükutla onların ruhunu yad edirlər. Hər ikisinin sevgisi, sədaqəti və məhəbbəti qarşısında baş əyirlər.

Əsl məhəbbət haqqında

“20 Yanvar” Azərbaycan xalqının qəhrəmanlıq tarixi olsa da, bir çoxları üçünsə bu, sadəcə, faciədir. Ən azı, həmin gün həlak olanların yaxınları üçün… 24 ildir ki, hər dəfə bu günü xatırlayanda gözümüzün önündə mütləq iki qəhrəman canlanır – Ilham və Fərizə! Bu cütlüyün məzarları üzərindəki foto da hər birimizin yaddaşına həkk olunub. Onlar Milli Azadlıq Hərəkatının simvollarından birinə çevriliblər.

Türkiyəli müğənni Nilin mahnılarının birində belə bir sətir var:

“Modern zamanlarda, aşk buxarlanıb uçmuşmudur?”

İnternetin həyatımıza bu qədər daxil olduğu zamanda, insanların real münasibətlərdən qaçıb virtual həyata sığındığı bir dövrdə doğrudanmı “sevgi”, “sevgili” anlayışları yox olub, adiləşib, buxarlanıb?..

Əlbəttə ki, indi gənclərə “Leyli və Məcnun” nağıl görünə bilər. Amma bizim lap yaxın tariximizdə baş vermiş “Ilham və Fərizə” hadisəsi nağıl deyil, reallıqdır.

Bu, Azərbaycan insanının dəyərlər uğrunda, ideyalar uğrunda ölümə belə, hazır olduğunu sübut edən bir olaydır.

Demək ki, biz sevə və sevdiyimiz uğrunda ölə bilirik.

30 iyun 1989-cu il – onlar evlənirlər

Milli.Az “Azadlıq Radiosu”na istinadən bildirir ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu il – Sovet Imperiyası son günlərini yaşayır, Bakı küçələri qaynayır, meydanlar insanlarla dolur. Ilham işlədiyi zavoddan gəncləri meydanlardakı mitinqlərə aparır. Onları aktiv olmağa çağırır. Özü də bu işin təşkilatçılarından biri olur.

Belə bir qaynar dövrdə hələ də subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. Yığışıb deyirlər ki, “oğul, bir qız bəyən, gedib alaq sənin üçün”.

İlham heç kimi bəyənmir. Onlarla ad çəkirlər, amma İlham heç birinə razı olmur. Sonra deyirlər ki, “özün söylə görək, könlün kimdədir?”

İlham bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.

Elçi düşürlər, nişan olur. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış “Leyla” şadlıq evində baş tutur.

Yanvarın 19-dan 20-ə keçən gecə baş verənlər

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşamtərəfi İlham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. Amma bir qədər sonra İlham yoxa çıxır…

Qardaşı Elxan sonradan öyrənib ki, həmin vaxt İlhamgil bir qrup olublar. Əvvəldən döyüşmək üçün hazırlaşıblarmış. Hamısı da qara paltar geyinməliymişlər…

İlhamı həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurublar.

Doğma qan…

Gecə İlhamı çox axtaran Elxan kor-peşman evə qayıdır. Səhər tezdən anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar.

“Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki “20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…” deyir qardaşı Elxan.

İlhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Çünki o, hər an intihara hazır idi.

Bir-iki cümlə, göz yaşı və ölüm…

Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra İlham sonuncu dəfə evdən çıxarkən etdiyi hərəkəti təkrarlayır – balaca Əjdəri öpür. Ardınca da bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır…

Üstündən 21 il keçməsinə baxmayaraq, Elxan Allahverdiyev bu gün də baş verənləri danışarkən göz yaşlarını saxlaya bilmir.

Elxan Allahverdiyev Azərbaycan xalqının bu iki qəhrəmana münasibətindən razıdır. O, 30 iyunun “Sevgililər Günü” kimi qeyd olunmasını da gözəl bir təşəbbüs kimi qiymətləndirir.

Düz 24 ildir ki, hər dəfə 30 iyunda onların evinə yüzlərlə insan gəlir…

Bu sevgi dastanıyla bağlı əlavə şərhə ehtiyac duyulmur…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir