sevgi

İlk görüşə necə hazırlaşmalı?

Baxış sayı: 13. 801

Yeni tanış olan insanlar arasında münasibətlərin davam edib-etməməsi ilk görüşdən çox asılıdır. Uğurlu və romantik keçən ilk görüş evlilik təklifi ilə nəticələnən bir sevginin başlanğıcı ola bilər. Amma ilk görüşlər nadir hallarda uğurlu keçir. Xüsusilə də, gənc qızlar ilk görüş günü çox həyəcanlı olur. Özlərini təbii apara bilmir, ya ifrat dərəcədə çox gülür, ya susur, ya da danışdığı cümlələr bir-biri ilə uzlaşmır.

Psixoloq Arzu Qubanovanın sözlərinə görə, adətən qarşı tərəf üçün o qədər də vacib olmayan insanla ilk görüş uğurlu keçir: “Ona görə ki, qarşı tərəfin səni bəyənib-bəyənmədiyi o qədər də maraqlandırmır. Çox arzuladığın bir insan səni görüşə dəvət edəndə isə sanki yer ayaqlarının altından qaçır. Əksər hallarda aşiq olan insanlar ilk görüşü səbirsiliklə gözləyir və çox həyəcanlanırlar. Hər iki tərəf də eyni dərəcədə bir-birinə aşiq olanda buraxdıqları səhvlər müsbət kimi görünə və ya diqqətə alınmaya bilər. Lakin heç də bütün sevgilər ilk baxışdan yaranmır. Bu səbəbdən də ilk görüşə ciddi yanaşmaq lazımdır”.

A.Qurbanova bildirib ki, ilk görüş zamanı əsas məqsəd qarşı tərəfi məftun etməkdir: “Bunun üçün arzuladığınız insan qarşısında hansı obrazda görünəcəyinizi xırdalıqlara qədər düşünün. Elə görünməlisiz ki, özünüzü sehirli şahzadə kimi hiss edəsiz. Qarşı tərəf isə sizə valeh olmalıdır”.

İlk görüş həmişə romantika ilə assosasiya olunur. Deməli xanım da romantik görünməlidir. Romantik geyim tərzi ilk görüşdə əvəzolunmazdır. Saç düzümü, makiyaj da geyimə uyğun olmalıdır. Hündürdaban ayaqqabı isə romantik obraza zəriflik verəcək. Əlbəttə, əgər xanım belə ayaqqabılarda gəzə bilir və belini dik tuta bilirsə. Ayaqqabı rahat olmalı və geyimə uyğun seçilməlidir.

Müsahibimiz qeyd edib ki, ilk görüş günü necə görünməyiniz əsas olsa da, düzgün davranmaq da vacibdir: “”Geyiminə görə qarşılayar, ağlına görə yola salarlar” deyimi bu məsələdə özünü doğruldur. Odur ki, ilk görüşdə davranış qaydalarına fikir verib və düşünüb danışın”.

Psixoloqun dediyinə görə, ilk görüşdə səmimi və sərbəst olmaq mehriban ab-hava yaradacaq: “Davranışı ilə çox diqqət çəkmək isə müsbət hal deyil. İlk görüşdə yüngül təbiətli kimi görünmək ən böyük səhvlərdəndir”.

Qurbanovaya görə, görüşün maraqlı keçməsi üçün maraqlı həmsöhbət olmaq lazımdır: “Görüş maraqlı keçsə, o, sizinlə yenə görüşmək istəyəcək”.

İlk görüş bəyəndiyiniz və ya bəyənməyə çalışdığınız insanı yaxından tanımaq üçün münasibətlərin başlanğıcında atılan ilk addımdır. Münasibətinizin davam edib-etməməsi ilk görüşdən asılıdır. İlk görüş zamanı qırışmış paltar və ya pozulmuş makiyaj hər şeyi korlaya bilər. Çirki saç və geyim, ümumilikdə gigiyena qaydalarına əməl etməməkdən isə söz belə gedə bilməz.

Mütəxəssis bildirib ki, ilk görüşdə çox vaxt gənc xanımlar həyəcanlandığı üçün özlərini qeyri-təbii aparırlar: “Həddindən artıq hündürdən gülür, mənasız suallar verir. İlk görüşdə xanım özünü gülünc və şit apararsa, qarşı tərəf ona görə utana da bilər”.

Bəzən qadınlar ilk görüş günü hündürdən danışır, keçmiş sevgililərindən şikayət edirlər. Buna oxşar mövzular qarşı tərəfi bezdirə və maraqsız görünə bilər. İlk görüşdən şikayətlənməyə başlamaq da münasibətin bitməsi ilə nəticələnər. Söhbət üçün seçilən mövzu hər iki tərəf üçün maraqlı olmalıdır.

Qarşı tərəf danışarkən onun sözünü kəsməyin. Fikrini tam ifadə etməyə imkan verin. Dinləmək həm mədəniyyətdir, həm də onu dinləyərkən necə insan olduğunu, nə ilə maraqlandığını, necə bir insan olduğunu öyrənirsiz.

İlk görüşddə mobil telefonu səssiz rejimə salmağınız məsləhətdir. İlk görüş günü kişiyə onunla çox maraqlandığınızı göstərmək də yanlış addımdır. Bu, əks reaksiya doğura bilər. Özünü çox tərifləmək də yersizdir.

Psixoloqun fikrincə, ilk görüşə tələsik hazırlaşmaq da düzgün deyil: “Yaxşı olar ki, ilk görüşü boş vaxtınız olan günə salasız. İlk görüşə tələsik qərar verib qaçaraq getməyin. Görüşə istirahət etmiş, səliqəli və özünü rahat hiss edərək gedin”.

Stilist Səidə Kərimovanın sözlərinə görə, görüşə işdən çıxıb işgüzar geyimlə getmək düzgün deyil: “İlk görüş günü necə görünməyiniz qarşı tərəfə olan münasibəti göstərir. Hazırlıqsız gəlməyiniz qarşı tərəflə ciddi münasibətin davam etməsinə marağınızın olmadığını göstərir. Gündəlik geyimdə getməyiniz də yanlış addımlardan biridir. İdman tərzində geyimdə gəlməyiniz qarşı tərəfə laqeydliyinizi göstərəcək”.

Görüşün yerindən və saatından asılı olaraq geyim tərziniz, saç və makiyaj fərqi olmalıdır. İlk görüşdə qeyri-adi geyim, saç və s.-dən uzaq durun. Açıq-saçıq geyimlər də məsləhət deyil. Mini yubkalar, sinəsi açıq, şəffaf köynək və donlar yolverilməzdir. Bağlı gözəl don, ipək köynək və qələm ətək, isti havalarda yüngül sarafan, yüngül tulum kafedə və ya restoranda gözlənilən ilk görüş üçün münasibdir. Çox dəbdəbəli geyimdə, ziyafət paltarında ilk görüşə gəlməyiniz, çox makiyaj etməyiniz isə qarşı tərəfə “səndən ötrü ölürəm” siqnalını verəcək.

Əgər ilk görüş parkda keçəcəksə, təmiz havada gəzintidirsə, tam başqa geyim seçilməlidir: “Rahat cins şalvar və köynək, təbii parçadan sarafan, gözəl köynəklə uzun ətək geyinmək olar. Əsas odur ki, geyim sizə yaraşsın. Saç düzümü sadə düz və ya romantik dalğalı olmalı. Makiyaj az və gündəlik edilməli. Ayaqqabılar qısa dabanlı və ya altı düz seçilməlidir”.

Aksessuarlardan qolbaq, boyunbağı, bijuteriya və ya bir-iki üzük və asqı taxmaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir