telefon

İlk telefon haqqında MARAQLI FAKTLAR

Baxış sayı: 1. 558

Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonların harda, nə zaman və kim tərəfindən ixtira edildiyi haqqında çox az insan məlumatlıdır. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, sosial şəbəkələrdən faydalanır. Eyni zamanda müxtəlif fərqli xidmətlərdən də istifadə edilə bilir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl cihazı ixtira edən mükəmməl adam isə amerikalı alim Martin Kuper olub.

“Gencaile.az” “Publika.az”-a istinadən mobil telefonlar haqqında maraqlı faktları təqdim edir:

1928-ci ilin 26 dekabrında Ukraynadan ABŞ-ın Çikaqo ştatına mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. 1950-ci ildə İllinoys Texnologiya İnstitutunun mühəndis-elektrotexnika fakültəsini bitirən M.Kuper ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət etməyə başlayıb. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən “Western Electric” şirkətində işə düzəlir. Lakin 1954-cü ildən o, “Motorola” şirkətində işə başlayır. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmağı unutmur. Kuper “Motorola” şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi.

M.Kuperə mobil rabitənin yaradılmasına stimul verən əsas ideyalardan biri , hələ 1946-cı ildə “AT&T Bell Labs” şirkətində ağlına gəlmişdi. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün hibridi idi – maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı. 1960-cı illərin əvvəllərinə kimi şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdilər. Onlar elə düşünürdülər ki, prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin “AT&T” təcrübəsi də onların qarşısını kəsirdi. Belə ki, şirkət 1947-ci ildə “yol xidməti” sistemini yaratdı – o, radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı. Amma təxminən 10 il “AT&T Bell Labs” və “Motorola” paralel olaraq mobil rabitənin yaradılması üstündə tədqiqatlar aparmağa başladılar. Nəticədə, “Motorola” Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi.

Martin Kuperin texnologiya əsrini fəth edən möhtəşəm ixtirası

Kuper deyirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin 20-ci əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmamışdı. 1973-cü il 3 aprel tarixində “Motorola”nın rəqibi “Bell Laboratories” şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. “Tap, mən hardan zəng edirəm?” – dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Koel Enqel eşidir. – “Mən sənə əsl mobil telefondan zəng edirəm”.
Mobil telefondan edilən ilk zəng faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı olub.

Mobil telefonun ilk modelinin hazırlanmasına şirkət tərəfindən 90 milyon dollar vəsait ayrılır. İlk yığcam telefonun ixtirasına qədər 14 kiloqramlıq telefonlardan istifadə edildiyi halda, yeni dövr telefonlarda bütün bu texnologiya 1 kq kiçik qutuya yerləşdirildi.

Martin Kuperin “DynaTAC” modelinin ölçüləri 22,5×12,5×3,75 sm, çəkisi 1 kiloqram olub. Sözügedən qurğuda ümumilikdə 2 min olub. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün bəs edirdi. İlk simsiz zəng həyata keçirən Martin şirkətin ilk mobil telefonu bazara yalnız 10 il sonra çıxarıb. Lisenziyanın alınması və şəbəkənin yaradılması uzun müddət vaxt tələb edib. Nəhayət, 1983-cü il, 6 mart tarixində dünyada ilk mobil telefon buraxıldı. Həmin gün “Motorola” şirkəti “DynaTAC 8000X” aparatını təqdim etdi. İlk olaraq ABŞ-ın Rabitə üzrə Federal Komissiyası tərəfindən telefonun kommersiya məqsədilə istifadəsi təsdiq edildi. Telefonun satış qiyməti 3995 dollar təşkil edirdi. “Motorola” nümayəndələrinin sözlərinə görə, yüksək qiymətə baxmayaraq, yeni ixtira istifadəçiləri o qədər ruhlandırdı ki, “DynaTAC 8000X”-ı əldə etmək üçün növbəyə minlərlə amerikalı yazılmışdı.

 

Mobil rabitənin inkişafı

İlk illərdə şirkət texniki səbəblərə görə mobil telefona sahib olmaq arzusunda olanların əksəriyyətini bu qurğu ilə təmin edə bilmirdi. Lakin sonrakı illərdə texniki problemlər aradan qaldırıldıqdan sonra telefon istifadəçilərinin sayı sürətlə artdı. Dünyada artıq 1990-cı ildə 11 milyon mobil telefon abunəçisi var idi. Mobil texnologiyaların yayılması bu xidməti daha ucuz, keyfiyyətli və əlçatan etdi. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 1995-ci ildə artıq mobil telefon istifadəçilərinin sayı 90.7 milyon nəfərə çatdı, sonrakı 6 il ərzində istifadəçilərin sayı 10 dəfə artdı. 2003-cü ildə isə artıq 1.29 milyard abunəçi qeydə alınmışdı.


Hazırda dünyada mobil telefon abunəçilərinin sayı əhalinin sayını keçmək üzrədir. BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı gələn il mobil telefon abunəçilərinin sayının 7 milyardı keçəcəyini açıqlayıb. Hazırda isə bu rəqəm 6 milyard 800 milyondur. Abunəçi sayına görə rekord qıran bölgə Müstəqil Dövlətlər Birliyidir. Mobil telefondan ən az istifadə edən əhalinin böyük hissəsi Afrika qitəsidir. Əhalisinin 300 milyonu gündə bir dollardan az pulla yaşayan Hindistanda isə xalqın yarısından çoxunun mobil telefonu var. Bu ölkədə mobil telefon istifadəçilərinin sayı 900 milyon civarındadır.

Telefonun ilk ixtiraçısı M.Kuper bu gün müasir smartfonları bəyənmir. O, müasir mobil telefonları tənqid edərək bildirib ki, çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı qurğular daha çox aktual olacaq. Kuper həmçinin “Apple iPhone” smartfonunun interfeysinin narahat olduğunu bəyan edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir