derman

İmmunopreparatlar haqqında bilmədikləriniz

Baxış sayı: 1. 626

İnsanların əksər hissəsi immunitetin müvəqqəti zəifləməsi ilə üzləşir. Bu halın səbəbləri müxtəlif ola bilər:

– keçirilmiş ağır xəstəliklər, cərrahiyyə əməliyyatları,

– bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (məsələn, antibiotiklərin),

– güclü zehni, fiziki və psixoloji gərginliklər,

– streslər,

– fəsillərin dəyişilməsi,

– bəzi yaş dövrləri (uşaqlıq, yeniyetməlik, qocalıq),

– qadınlarda hamiləlik zamanı və s.

 

İnsanın orqanizmi özü özünü bərpa etmək qabiliyyətinə malikdir. Bu immun sistemimizə də aiddir. Lakin insan bu işdə öz orqanizminə kömək etməlidir. Düzgün və tamdəyərli qidalanma, normal yuxu və istirahət, açıq havada gəzintilər və s. immun sisteminin bərpa olunmasına kömək edir.

Lakin bəzən immun sisteminin bərpası üçün insana müəyyən dərman preparatları tələb oluna bilər. Bu preparatlar əsas xəstəliyin müalicəsi zamanı, ya ayrı təyin oluna bilər.

İmmun sistemini bərpa edən preparatlar bir neçə qrupa bölünür.

Bu preparatların arasında immunomodulyatorlar (immun sistemini bərpa edirlər), immunokorrektorlar (immun sisteminin müəyyən hissəsini bərpa edirlər) və immunostimulyatorlardır (immun sistemini möhkəmləndirirlər).

İmmun sistemini bərpa edən preparatları yalnız həkim və bəzən müəyyən analizlərdən sonra təyin etməlidir. Bəzən insanlar özlərinə müstəqil şəkildə müxtəlif dərmanlar “təyin edirlər”. Bu, çox təhlükəlidir. İnsanlar özlərinə xüsusilə müxtəlif vitamin kompleksləri, mineralları və həmçinin immunopreparatları “təyin etməyi” xoşlayırlar. Lakin immunopreparatlar heç də “zərərsiz” deyillər. Bu preparatların özbaşına qəbulu insana nəinki xeyir, hətta zərər gətirə bilər. Lazım olandan artıq stimulyasiya olunmuş immun sistem öz hüceyrələrini məhv etməyə başlaya bilər ki, nəticədə insanda autoimmun xəstəliklər inkişaf edə bilər.

Beləliklə, əgər immun sisteminin fəaliyyətində müəyyən pozulmalar hiss edirsinizsə, həkimə müraciət edin. Diaqnoz təsdiq olunduqda həkim sizə lazım olan müalicə təyin edəcək.

Hal-hazırda müxtəlif bitkilər, dəniz yosunları, arıçılıq məhsulları və s. təbii maddələr əsasında hazırlanmış çoxlu sayda təbii immunopreparatlar var. Təbii ki, belə preparatlar daha zərərsizdir. Lakin hətta bu preparatları da həkimin məsləhəti olmadan qəbul etmək olmaz.

 

Bitki mənşəli belə immunopreparatların tərkibinə aşağıdakılar daxildir:

– Exinaseya bitkisi. İmmun sisteminin möhkəmləndirilməsi üçün geniş şəkildə istifadə olunur. Onun tərkibində yaranın sağalmasına kömək edən maddələr vardır. Exinaseya bir çox bakterial və virus infeksiyalarının, şiş və autoimmun xəstəliklərin müalicəsinə kömək edir.

– Göbələklər (çaqa, şiitake və s.) ekstraktları. Onlar orqanizmi radiasiya təsirindən qoruyur, şiş əleyhinə xüsusiyyətlərə malikdirlər. Onkoloji xəstəliklərin müalicəsində istifadə olunur.

– Jenşen bitkisi də çox istifadə olunan vasitələrindən olub, orqanizmə ümumi möhkəmləndirici və tonuslandırıcı təsir göstərir. Jenşen preparatları əqli və fiziki yorğunluq hallarında, uzun sürən və ağır keçən xəstəliklərdən sonra, orqanizmin xeyli dərəcədə zəiflədiyi zamanı istifadə olunur. Əks göstəriş: hipertoniya xəstəliyidir. Jenşen preparatlarının uzun müddət ərzində böyük dozalarda qəbul edilməsi ürək döyünməsinə, baş ağrılarına, baş gicəllənməsinə, ürək ağrısının yaranmasına səbəb olur.

– Eleuterokokk bitkisi – immun sisteminin möhkəmlənnməsinə kömək edir, interferonun hazırlanmasını sürətləndirir. Əks göstəriş: hipertonik kriz, miokard infarktı, yüksək qızdırma ilə müşayət olunan vəziyyətlər, kəskin infeksion xəstəliklər, psixiki  oyanıqlılıq.

– Cır limon (Çin limonu) – mərkəzi sinir sisteminin fəaliyyətini stimullaşdırır, zehni və fiziki yorğunluqdan sonra insanın öz qüvvələrini bərpa etməsinə, iş qabiliyyətinin saxlanmasına kömək edir, maddələr mübadiləsini, regenerativ və immunobioloji prosesləri aktivləşdirir. Cır limon preparatlarını yalnız həkim məsləhətindən sonra qəbul etmək olar. Bu preparat sinir oyanıqlığı, yuxusuzluq, arterial təzyiqin yüksəlməsi və ürək fəaliyyətinin pozulması, ürək-damar sisteminin xəstəlikləri zamanı əks göstərişdir!

– Aloe bitkisi əsasında hazırlanan preparatlar. Bunların tərkibinə fermentlər, amin turşuları, minerallar və polisaxaridlər daxildir.

– Bütün arıçılıq məhsulları – bal, propolis, perqa (arı tozcuqları). Arılar tərəfindən hazırlanan perqa maddəsi xüsusi gücə malikdir. Onun təkrarolunmazlığı elmi araşdırmalarla da təsdiq olunmuşdur. Perqa – vitaminlərin və təbii elementlərin çox dəyərli bir mənbəyidir. Onun tərkibində bütün B qrupu vitaminləri, karotinoidlər, rutin, C, D, E vitaminləri, proteinlər, amin turşuları, fermentlər və hətta təbii antibiotiklər də daxildir.

Propolis virus, iltihab və şiş əleyhinə xüsusiyyətlərinə malikdir, orqanizmin müdafiə imkanlarını gücləndirir, tonuslaşdırıcı və cavanlaşdırıcı təsir edir. Propolis yanıq və sınıqlardan sonra zədələnmiş toxumaların bərpa olunmasını tezləşdirir.

Propolis B1, B2, РР, Е, С, provitamin А, mikroelementlərlə zəngindir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir