imtahan

İmtahan həyəcanı, stres və qorxu: NECƏ ETMƏLİ?

Baxış sayı: 511

Həyat imtahanlarından başqa, yaşadığımız həyatda bizi gözləyən test imtahanları da var. Bugünkü mövzumuz məhz ikinci qism haqqında olacaq. Həyatın sorğu-sualı ilə ömrümüzün istənilən mərhələsində, bəzən qəfil üzləşirik. Amma test imtahanlarında iştirak edərkən əvvəlcədən hazırlıqlı və xəbərdar oluruq. Qısa müqayisə əsasında yəqin ki, hər birinizə həyat imtahanı daha çətin gəldi. Əfsuslar olsun ki, bəziləri hələ də məhz test imtahanlarını özləri üçün ölüm-qalım məsələsinə çeviriblər.

Bəli, bu gün  imtahan öncəsi  stress, özünəinamsızlıq, bütün həyatını imtahana bağlayanlardan danışacağıq. Cavabları naməlum olan sualların yaratdığı həyəcan azmış kimi, bir də valideyn basqısı… .

Artıq şənbə günü imtahanların olacağı hər birinizə məlumdur. Qəbul imtahanlarına az vaxt qaldığı bir dönəmdə məsələni araşdırmaq üçün mütəxəssislərə müraciət etdikn.

Suallar psixoloji baxımdan imtahan verənin “daşıya biləcəyi” qədər olmalıdır

Filologiya üzrə fəlsəfə doktoru, təhsil  eksperti  Xanım Qasımova bildirdi ki, imtahan suallarının psixoloji baxımdan təhlili önəmlidir: “Suallar abituriyentdə  rahat bir ortam və psixoloji baxımdan müsbət təsir yaratmalıdır. Təqdim olunan sual psixoloji baxımdan da imtahan verənin “daşıya biləcəyi” qədər olmalıdır. Deməli, abituriyent yalnız bilik, bacarığı nümayiş etdirmək üçün  deyil, psixoloji baxımdan da  özünü səfərbər etməlidir. Bu keyfiyyətlərə sahib olmaq isə müəllimlər, valideynlər,  psixoloqlar tərəfindən uzunmüddətli  hazırlıq  prosesi tələb edir. Son dövrlərdə imtahanda təqdim olunan suallarda pandemiyanın abituriyentlərdə yaratdığı stress, ruh düşkünlüyü,  davamlı əyani təhsildən uzaq olmaq kimi aspektlər nəzərə alınır. Bu isə imtahan verənin özündən asılı olan səbəblər deyil.”

Üzərində qrammatik tapşırıqları işləmək üçün təqdim olunan mətn  ağırdırsa… Bu  psixoloji yükü ikiqat artırmaqdır…

Ekspert əlavə etdi ki, son dövrlərdə  Azərbaycan dili, ədəbiyyat fənnindən təqdim olunan  mətn və ya suallarda əxlaqi – mənəvi dəyərlərin təbliği, vətənpərvərliyə, əməyə, xeyirxahlığa çağırışın olması müsbət haldır. Bəzən isə mətnlərdə bədbinlik, pessimist ruh olur, bu isə psixoloji yükü ikiqat artırmaq deməkdir: “Üzərində qrammatik tapşırıqları işləmək üçün təqdim olunan mətn  ağıdırsa, yəni, yas mərasimində ölən üçün oxunan şifahi ədəbiyyat nümunəsidirsə, yaxınını itirən, ya da heç itirməyən abituriyentə bu, necə müsbət təsir göstərə bilər?  “Nə qədər çalışsan da, ali məktəbə daxil  ola bilməyəcəksən” cümləsini oxuyan abituriyent, sizcə, hansı psixoloji vəziyyətdə ola bilər? Belə nümunələrlə qarşılaşan imtahan verənlər ikiqat yük daşımalı olacaq: həm  həyəcan, həm də mənfi emosiya yükü. Napaleonun təbirincə desək, imtahan “müharibə”dən də çətindir. Bu çətinliyi dəf etmək üçün yalnız bilik deyil, psixoloji hazırlıq da önəmlidir.”

Valideyn çalışmalıdır ki, övladına dəstək olsun, ona gərginlik yaratmasın, uşaqların üzərinə getməsin…

Təhsil eksperti Kamran Əsədov isə imtahan öncəsi valideyn-övlad münasibətlərindən bəhs etdi: “Abituriyentlərə valideyn tərəfindən imtahan öncəsi psixoloji dəstək göstərilməsi çox önəmlidir. Çünki, valideyn uşaqları imtahana hazırlayır. Əslində, təkcə övladlar imtahan vermir, onlarla bərabər valideynlər də imtahan verirlər. Təhsil, hazırlıq illəri ərzində valideyn övladının təhsili ilə yaxından maraqlanır və elə vəziyyət yaranır ki, valideyn özünü imtahanın içində hiss edir.”

300 bal toplayan abituriyentdən 600 bal gözləyirlər

Müsahibimiz əlavə edir ki, bəzən elə valideynlər var ki, övladından çox şey tələb edir. İmtahanda 300 bal toplayan abituriyentdən 600 bal gözləyir. Bu, doğru hərəkət deyil. Valideynlərin  2 il müddətində hazırlaşaraq sınaq imtahanlarından 200-300 bal toplayan abituriyentdən 600 bal toplaması düzgün deyil. Demək ki, o uşaq zaman-zaman çalışmalı, hazırlaşmağı vərdiş halına gətirməlidir.

Ailədə sistematik hay-küy, qalmaqal olmamalı, abituriyenti davamlı şəkildə qınamaq, onu pərt etmək olmaz

K.Əsədov qeyd edir ki, sınaq imtahanlarında uğursuz nəticə əldə edilən zaman həm valideyn, həm də abituriyent həyəcanlanır. Belə vəziyyətdə valideynlər əsəbiləşirlər. Amma valideyn gərək əsəbiləşməsin. Valideyn narahat olur ki, övladı niyə uğursuz oldu, niyə sınaq imtahanlarında aşağı bal topladı. Valideyn bunun səbəbini bir anda deyil, yavaş-yavaş övladıyla qarşılıqlı söhbət edərək öyrənməlidir. Bəzən abituriyentlər düşünürlər ki, sınaq imtahanlarında aşağı bal toplayıbsa, deməli bir daha yüksək nəticə göstərə bilməyəcək və valideynləri onlara təzyiq göstərəcəklər. Ruhən haldan düşmək, həvəssiz olmaq doğru deyil. Bu halda valideynlər övladlarına kömək etməlidirlər. “Eybi yox mənim balam, bu imtahanda başarısız oldun, o biri imtahanlara çalışarsan, səhvlərini düzəldərsən, xətalarını araşdırıb taparsan. İstəyirsən bunu bir yerdə araşdıraq, istəyirsən müəllimlərinlə çalış, buna görə əsəbləşməyə, həyacanlanmağa ehtiyac yoxdur” deyərək təsəlli verməlidir. Valideynlər elə etməlidir ki, övladları imtahana hazırlaşdıqları ərəfədə evdə gərginlik yaranmasın, sıxıntı verəcək hallar olmasın. Ailədə sistematik hay-küy, qalmaqal olmamalı, abituriyenti davamlı şəkildə qınamaq, onu pərt etmək olmaz. Abituriyentə ruh yüksəkliyi, nikbinlik verilməlidir. Valideyn özünü uşağının yerinə qoyaraq bunun çox çətin bir proses olduğunu qəbul etməli və övladını buna hazırlamalıdır.”

Həyəcan stresi artırır, bildiklərini unutmağa gətirib çıxarır

Azerbaijan Quantum & Coaching Cooperation” Şirkətinin əməkdaşı,  Life coach, Thetahealing terapisti Fidan Qəhrəmanova isə mövzunun təhlilinə psixoloji aspektdən yanaşdı: “Abituriyentlərdə imtahan zamanı yüksək həyəcan müşahidə olunur ki, bu imtahanaqədərki stresi artırır, imtahanda bildiklərini unutmağa, “sürüşdürmə” etməyə və ya vaxtı düzgün planlaşdırmamağa gətirib çıxarır. Belə hallarda nəticə ya gözlənilən kimi olmur, ya da ümumiyyətlə uğursuz olur: “Bu həyəcanı artıran bir çox səbəblər var: gələcəklə bağlı planlar, düzgün ixtisas seçimi, dost-tanış və qohumlar tərəfindən “qınanmaq” qorxusu, valideynlər tərəfindən “qəbul olunmamaq”, “dəstək görməmək” qorxusu,  bəzi hallarda isə valideynlərin stress və həyəcanının uşaqlara keçməsi kimi bir çox səbəblər bu həyəcanı artırır.”

 

Bəs, imtahanqabağı nələrə diqqət etməliyik?

Həmsöhbətimiz  bildirdi ki, imtahanqabağı təlaşı aradan qaldırmaq üçün uğurları, imtahan prosesi ilə bağlı müsbət keyfiyyətləri və gələcəklə bağlı gözəl günləri düşünmək lazımdır. Bu, abituriyentdə özünə və gücünə inam yaradacaq: “İmtahanqabağı mümkün qədər dərsləri azaltmalıyıq. Beyni yormaq olmaz. Yuxu saatına diqqət edilməli, imtahana yaxın bir neçə gündə isə yuxu vaxtını 1 saat artırmalıyıq. Səhər gec durmaqla deyil, axşam tez yatmaqla bunu tənzim etməliyik. Yuxudan öncə axşam yürüyüşü etmək də öz faydasını göstərəcəkdir.  Axşam gəzintisi yuxunu sağlam və möhkəm edəcək ki, bu da beyinin dincələrək öz qüvvəsini bərpa etməsinə kömək edir. Bu dövrdə səhər idmanları da beyni gücləndirməyə yaxşı təsir edir. Bu zamanlarda bədii ədəbiyyatdan, televizordan, kompyuter və oyunlardan uzaq durmaq lazımdır. Çünki hər informasiya müəyyən qədər yer tutur və üzdə yerləşir. İmtahanda lazım olmayan informasiyalarla beyni doldurmaq nəticəni bir az daha aşağı saldığından bu hallar yolverilməzdir.

İmtahana hansı əhval-ruhiyyə ilə girməyiniz, birbaşa imtahanın gedişinə təsir edəcək

F.Qəhrəmanova  xatırladır ki, gülümsəyərək, rahat, hər şeyin yaxşı olacağına inanaraq imtahana getmək lazımdır. Sevdiyiniz, sizə rahat olan paltarları axşamdan hazırlamalı, səliqəyə salmalı və imtahana gedərkən geyinməlisiniz. İmtahan zamanı əsas diqqət maksimum dərəcədə həmin ana yönəldilməlidir. Mübahisələrə qoşulmaq, hirslənmək, diqqəti yayındırmaq, cavablarda tələskənliyə yol vermək olmaz. Həmin vaxt abituriyent biliyinin necə qiymətləndiriləcəyi barədə fikirləşməməlidir. Gələcəyi düşünmə narahatlığı və həyəcanı artırmaq zehni işin məhsuldarlığını və bütövlükdə, nəticəni azalda bilər. Abituriyentin beyni əgər, tez yorulandırsa, testlərin həllinə seçdiyi ixtisas üzrə yüksək çəki əmsalına malik olan fənlərin suallarından başlamalıdır. Səbrli, möhkəm sinir sisteminə malikdirsə, onda asan suallardan başlayıb sonra çətin suallara keçmək lazımdır.

İmtahanda uğursuz nəticə göstərən abituriyentlərdə depressiya, hətta intihar hallarına rast gəlirik

Mütəxəssis belə çətin və ağır günlərdə valideynlərin rolundan da bəhs edib: “İmtahan zamanında valideynlərin dəstəyi mühüm rol oynayır. Valideynlər abutiriyentlərə motivasiya verməli, onları yaxşı nəticə göstərəcəklərinə inandırmalıdır. İstər yaxşı nəticə olsun, istərsə də olmasın, valideyn hər iki halda övladını dəstəkləməli və onun yanında olduğunu, qeyd-şərtsiz sevdiyini hiss etdirməlidir. Günümüzdə imtahanda uğursuz nəticə göstərən  abituriyentlərdə  ailə və yaxınlarlndan gördüyü təzyiq nəticəsində, imtahandan sonra əsəb sistemlərinin pozulduğu, psixosomatik xəstəliklər yarandığı, depressiya, hətta intihar hallarıba rast gəlirik.”

Övladlarına “Nə qədər pul tökmüşəm, səni məşğələlərə göndərmişəm. Görək, imtahanlardan necə keçəcəksən” deyirlər

“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri, sosioloq Zəminə Səfərova bildirir ki, imtahan dövründə valideynlər uşaqlara tez-tez eşitdirirlər ki, “mən  nə qədər pul tökmüşəm, səni məşğələlərə göndərmişəm. Görək, imtahanlardan necə keçəcəksən”. Bu ifadə o qədər işlədilir ki, sonda  övlad fikirləşir ki, bu qədər  xərc çəkilib, imtahandan kəsilsəm, böyük bir faciə baş verəcək. Yaxşı olar ki, yaranmış bu qorxu yerinə valideyn sevgi hissi cücərtsin. Övlad da ata-ana sevgisini hiss etsin.

Sosioloq qeyd edir ki, valideyn əvvəla ixtisas seçiminə məcbur etməməlidir. Övladının istəyi olmadan onu hansısa ixtisasa yönəldəndə və usaq uğur qazanmayanda bu, ikiqat zərbə olur. Nəticədə, uşaq özünə istənilən xəsarəti yetirə, özünə qapana, hətta intihar edə bilər. Ona görə də məcburi qaydada uşağı hansısa ixtisasa yönləndirmək düzgün deyil. Valideynlər ilk olaraq övladlarının istəyini nəzərə almalı, onun fikrinə hörmətlə yanaşmalıdır.  Atalar sözündə deyildiyi kimi, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Yəni, uşaqla da necə davranacaqsansa, elə də  qarşılığını görəcəksən. Ona görə də valideyndən çox şey asılıdır ki, övladına düzgün tərbiyə və yol göstərsin və istiqamətləndirsin. Valideyn övladına sevgi, güvən inam vermirsə,  övlad tədricən ailədən və evdən uzaqlaşacaq. Valideyn övladının dostu olmalıdır. Belə olanda övlad ailədə özünü mühüm biri kimi hiss edəcək.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir