xestelik

İnfeksiya və qripin müalicəsinə antibiotiklərlə başlamaq düzgündürmü?

Baxış sayı: 165

Çərşənbə günü Kliniki Tibbi Mərkəzin (“Semaşko”) inzibati korpusunda payız mövsümündə kəskin respirator xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva iştirak edib, kəskin respirator xəstəliklərdən qorunmaq üçün tövsiyələrini bildiriblər.

Bakı şəhərinin baş terapevti Rəhilə Əliyevanın sözlərinə görə, payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlardır: “Risk qrupuna həmçinin, tənəffüs yollarının xəstəliklərindən, şəkər və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər, habelə hamilə qadınlar da daxildir”.

Əliyeva bildirib ki, hər bir mövsümdə həmin mövsüm üçün xarakterik olan xəstəliklər aktivləşir: “Payız və qış mövsümündə qripə yoluxma halları ilə müqayisədə kəskin respirator infeksiyalara yoluxma halları daha çox olur. Onların törədiciləri bakteriyalar, viruslar, ibtidailər də ola bilər”.

Dediyinə görə, kəskin respirator infeksiya və qripin müalicəsi antibiotiklərlə başlanılmalı deyil: “Antibakterial müalicə ehtiyac olduqda aparılmalıdır. Əgər xəstəlik ağırlaşmalar verərsə, xəstəyə virus əleyhinə dərmanlar verilir. Daha çox həyata keçirilməsi vacib olan profilaktik tədbirlər odur ki, mümkün qədər əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaq olmaq lazımdır. Aktiv həyat tərzi keçirmək, açıq havada olmaq lazımdır”.

Baş terapevt bildirib ki, həkimlər zökəmin, öskürəyin və soyuqdəymənin digər təzahürlərinin səbəbini dəqiq bilməyəndə kəskin respirator xəstəliyi diaqnozu qoyur: “Virus infeksiyalarının kəskinləşməsi də bu qrupa aiddir. Əgər vətəndaş hərarətin yüksəkliyini müşahidə edirsə, ehtimal ki, bu, qripin əlamətidir. Soyuqdəymə nadir hallarda yüksək hərarətlə müşayiət olunur. Terapevt mövsümi xəstəliklərə tutulmamaq üçün uzun müddət soyuq havada qalmamağı məsləhət görür. Bundan əlavə, tərkibində vitaminlər çox olan qida qəbul etmək lazımdır. Fəal həyat tərzi də zəruridir. Geyimlər mövsümə uyğun olaraq olmalıdır. Fəsil dəyişikliyi gözləmədən fəsil dəyişən kimi adaptasiya üçün həkimə müraciət etmək məsləhətdir. Tərkibində vitaminlər çox olan qidaları qəbul etmək mütləqdir”.

Səhiyyə Nazirliyinin baş terapevti, professor Yaqub Qurbanovun sözlərinə görə, bəzi mövsümi xəstəliklər atmosfer təzyiqinin kəskin düşməsi ilə bağlıdır: “Bu, meteohəssas insanlara daha çox aiddir. Belə ki, meteohəssaslıq meteoroloji amillərin (hava şəraitinin) təsirinə orqanizmin reaksiyasıdır. Geniş yayılmış bu hal əsasən insan üçün qeyri-adi sayılan iqlim şəraitində baş verir. Bu tip reaksiyaların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, insanların xeyli hissəsində onlar meteoroloji şəraitin dəyişməsi ilə eyni vaxtda və ya bu hadisəni bir qədər qabaqlayaraq müşahidə olunur. Havanın rütubəti də atmosferdə oksigen sıxlığının saxlanmasında həlledici rol oynayır, istilik mübadiləsinə və tər ifrazına təsir göstərir. Əksər hallarda nisbi rütubət yüksək olduqda ürək-damar sistemi xəstəlikləri kəskinləşir. Qeyd etmək lazımdır ki, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Hipertoniyadan və aterosklerozdan əziyyət çəkən insanlar rütubətli havaya xüsusilə həssas olur”.
Y.Qurbanov bildirib ki, bəzən infakt, insult keçirən insanlar istirahət üçün öz yaşadıqları ərazidən uzaq yerlərə gedirlər: “Əslində isə, belə insanların olduqları yerdən uzağa getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəflətən yüksələ və təhlükə yarana bilər”.

Qeyd edək ki, il ərzində sahə həkimi tərəfindən qoyulan diaqnozların əksəriyyətində Kəskin Respirator Xəstəlik (KRX) yazılır. KRX dörd ümumi əlamətləri ilə birləşmiş xəstəliklər qrupudur. Onlar infeksion mənşəlidirlər. Viruslar, bakteriyalar tərəfindən törənirlər. Xəstəlik törədiciləri orqanizmə hava-damci yolu ilə – tənəffüs üzvləri vasitəsilə keçirlər. KRX zamanı birinci növbədə məhz tənəffüs üzvləri zərər çəkirlər. Ona görə də xəstəliyi respirator adlandırırlar, yəni “tənəffüslə əlaqəsi olan”. Bütün KRX tez inkişaf edirlər və qısamüddətli olurlar.

KRX törədicinin növündən asılı olaraq üç yerə bölünür: Kəskin respirator-virus infeksiyaları (KRVİ), bura aiddirlər qrip, paraqrip, adenovirus infeksiyası. Rinovirus infeksiyası və iki yüzdən artıq digər KRX; bakterial KRX, onları streptokoklar, stafilokoklar, pnevmokoklar və çoxlu digər bakteriyalar törədə bilərlər;  mikoplazmalı KRX çox nadir xəstəlikdir və onun inkişafında hüceyrə əhatəsi olmayan bakteriyalara oxşar mikoplazmalar-mikroorqanizmlər günahkardırlar.
Törədicilər xəstə adamla əlaqədə olarkən hava ilə öskürərkən, asqırarkən, danışarkən keçirlər.

Viruslar və bakteriyalar tənəffüs yoluna düşürlər, selikli qişada qalırlar və qanla bütün orqanizmə yayılan ziyanlı maddələr –  toksinlər yaradırlar. Keçirilmiş xəstəlikdən sonra immunitet dayanıqlı deyil və ona görə də hər bir insan ildə 3, 4 və daha çox hansısa KRX-ə yoluxa bilər.

KRX qəflətən və kəskin başlayır. Yoluxmadan təxminən iki gün sonra xəstəlik inkişaf edir.

Xəstəlikdən əvvəl adamı narahat edən əlamətlər: əzginlik, zəiflik, əsəbilikdir. Daha sonra bu simptomlar artır, baş ağrısı, hədsiz dərəcədə zəiflik, əzələ ağrıları, hərarətin yüksəlməsi, tərləmə başlayır.

Bəzi hallarda tənəffüs yollarının zədələnməsi ilə bərabər gözün də zədələnməsi – konyuktivit baş verə bilər. İlk görünüşdə o qədər də ciddi örünməyən xəstəlik sonra ağırlaşmalar verə bilər. Məsələn, pnevmaniya, otit, sinusit, ürəyin zədələnməsi və hətta meningit. KRX zamanı çox vaxt adamda olan digər xəstəliklər kəskinləşə bilər.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir