qan qrupu

İnsanın qan qrupu ilə xasiyyəti arasında nə kimi əlaqə var?

Baxış sayı: 2. 304

İnsanı tanımaq çətin olsa da, bu, mütəxəssislər üçün o qədər də problemli deyil. Belə ki, bir sıra üsullar və müşahidələrlə, öz xasiyyətini büruzə vermək istəməyən adamın belə xasiyyətini anlamaq olar. Psixoloqlar bildirirlər ki, psixoloji testlər əsasında insanların xasiyyətinin qan qrupuna görə fərqləndiyi məlum olub.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, O (I) qan qruplu kişi evlənmək istədiyi qadına bu haqda fikrini açıq deyəcək: “Onlar yalan deyə və sevgilisini izləyə də bilər. Birinci qan qrupundan olan kişilər sevdiyi qadına görə hər şeyə hazır olurlar. Bu səbəbdən də arzuladığı qadınla evlənirlər. Hətta belə kişilərə rədd cavabı verməyə hazırlaşan qadınlar bir müddətdən sonra həmin adamla evlilik həyatı qururlar. Bunun necə baş verdiyini heç anlamırlar”.

Birinci qan qruplu qadınlar isə seçdikləri kişinin istedadı, karyerası, sosial statusuna önəm verirlər. Kişinin sadəqətli, mehriban olmasına isə elə də fikir vermirlər. Bu qadınlar realist və qənaətcil olduğu üçün pulunu saymağı və xərcləməyi bacarmayan kişilər üçün ideal həyat yoldaşıdır. Belə qadınlar ailə həyatını və karyerasını uşaqlıqdan planlaşdırır və arzuladıqlarına çatırlar.

Hisslərinə gəlincə, birinci qan qruplu qadınlar səmimi və sədaqətli olur. Lakin bəzən qənaətcil olmaları xəsisliyə, hər şeyi planlaşdırması isə onları soyuq insana çevirir. Bu tip qadınlar işdə uğur qazanmağı bacardığı üçün onlar karyerasına sakit münasibət bəsləyən kişilərlə ailə həyatı qurmalıdırlar.

A (II) qan qruplu kişilər cəsarətsiz olur və evlənmək təklifini etməyə tərəddüd edirlər: “Bunu nəzərə alaraq qadınlar onların evlənmək təklifinə dərhal və aydın şəkildə cavab verməlidirlər. Əks halda özünəgüvən hissi aşağı olan belə adamlar dərhal qadından uzaqlaşacaqlar. Bu qan qruplu kişilər iki tipə bölünürlər. Birinci tip ictimai insan və iş sevən adamdır. İşdə başı işə qarışır, evə qayıdanda isə sakit televizora baxır. O biri tip isə əksinə, işdə ləngdir, evə qayıdanda isə çox hökmlü olur. Yaxınlarına qarşı kobud və amansız davranır. Onun işdəki sakit davranışı ilə evdəki əsəbi vəziyyəti təzad yaradır”.

İkinci qan qruplu qadınlarsa ailə səadəti uğrunda maraqlarını, hisslərini qurban verirlər. Lakin səhvini başa düşdükdən sonra ailə həyatına davam edə bilmirlər. Araşdırmalar göstərir ki, boşanma ərizəsini məhz belə qadınlar verir. Çox vaxt belə qadınlar uşaqları olandan sonra həyat yoldaşlarına az diqqət göstərirlər. Bu da həyat yoldaşlarının narazılığına səbəb olur.

Mütəxəssis bildirib ki, B (III) qan qruplu kişilər ən gözlənilməz evlənmək təkliflərini edirlər: “Belə kişilər sərbəst həyata üstünlük edənlər üçün ideal seçimdir. Üçüncü qan qruplu kişilər ailədə lider olmağa çalışmırlar. Qadının evdə lider olması onları əsəbiləşdirmir. Onlar kiçik məişət problemlərini həll edə bilsələr də, böyük problemlərdən qaçırlar. Onların karyerası da dostluq münasibətlərindən asılı olur”.

Onun dediyinə görə, üçüncü qan qruplu qadınların iradəsi zəif olur. Onlar komplimentlərə tez təslim olurlar. Buna baxmayaraq, bu qan qruplu qadınlar ən yaxşı həyat yoldaşları sayılırlar. Belə qadınlar həmişə enerjili olur, öz gücünü ailə səadətini qorumağa sərf edirlər. Karyerada maddi nailiyyətlər əldə etdikdə belə, bunu ailənin problemlərini həll etmək üçün xərcləyirlər. Onlar ərinin nikahdan kənar əlaqələrinə göz yummağı bacarırlar. Bu qan qruplu qadınlar intellektual söhbətləri sevir və ağıllı kişilərə üstünlük verirlər. Onların əhval-ruhiyyəsi tez-tez dəyişir. Əsəblərini cilovlaya bilmir, qarşısındakı insanın kim olduğundan asılı olmayaraq ona fikirləşdiklərini deyirlər.

AB (IV) qan qruplu kişilər cəsarətsiz olur. Öz hisslərini bildirməyə çəkinirlər. Onlar evlənmək istədikdə belə bunu konkret demirlər. Özlərini laqeyd göstərsələr də, daxildə həyəcan keçirirlər. Onlar qadına hisslərini birbaşa bildirməsələr də, onunla oyun oynamağı xoşlayırlar. Belə ki, onlar istəyirlər ki, qadın özü hisslərini büruzə versin. Onlar nikahın nə dərəcədə lazım olması barədə şübhələrlə yaşayırlar. Lakin ailə həyatı qurmağı qərara alanda yaxşı ər və qayğıkeş ata olurlar.

AB (IV) qruplu qadınlar isə qətiyyətsiz olur. Belə qadınlar ünsiyyətcil və şəndir. Kişilərlə asanlıqla dil tapırlar. Lakin bəyəndikləri insanla münasibət qura bilmirlər. Çünki ətrafında kişilər çox olsa da, ideal kişi tapa bilmədikləri üçün məyus olurlar. Adətən belə qadınlar ya çox gec ərə gedir, ya da ümumiyyətlə ailə qurmurlar. Buna baxmayaraq, onların müxtəlif maraqları və məşğuliyyətləri olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir