bosanma

İnsanlar boşanmaya meyilli olmasına səbəblər nələrdir?

Baxış sayı: 1. 736

Vətəndaşlıq vəziyyəti aktlarınının qeydiyyatı (VVAQ) şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb. Bu isə mütəxəssisləri həyəcan siqnalı çalmağa vadar edir. Bundan öncə Azərbaycanda 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40 min 256 nikah, 9 min 787 boşanma halı qeydə alınmışdı. Həmin müddətdə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 qeyd olunub. 2017-ci ilin 7 ayı ərzində isə bu göstərici 32864 nikah və 8,532 boşanma olub.

Qeyd edək ki, uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi bunun bir nəticəsi olmayıb. Maraqlıdır, insanlar son zamanlar niyə boşanmaya bu qədər meyilli olub? Buna zəmin yaradan əsas hansı səbəblərdir?

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysova bildirdi ki, bu təəssüf doğuran bir məqamdır: “Bütövlükdə bunun müxtəlif səbəbləri var. Biz bununla bağlı komitə olaraq araşdırma apardıq, onlayn sosial sorğu keçiririk. 2000-ə yaxın insan bu sorğuda iştirak edirdi və boşanma ilə bağlı müxtəlif səbəblər göstərirdilər. Təhlillərin nəticələri göstərir ki, nikaha girən cülüklər bir çox hallarda ailə qurmağın sosial və mənəvi məsuliyyətini dərk edə bilmir. Məsuliyyətin dərk olunmaması birgə yaşayış zamanı bir sıra problemlər yaradır. Ailədə cütlüklər arasında 3 uyğunlaşma olmalıdır. Birinci sosial uyğunlaşma, yəni hər iki insanın dünya görüşünün, fikirlərinin bir-biri ilə uyuşması. İkinci psixoloi uyuşma, üçüncü isə fizioloji uyuşmadır. Bunlar olanda ailənin təməli də uğurlu olur. Ailədə sosial mənəvi məsuliyyət də çox vacibdir. Çünki insan bəlli bir yaşa qədər özünün tərbiyə alıb böyüdüyü, sosial davranışları olan bir mühitdə, ailədə böyüyür. Birgə yaşayış zamanı bu davranış formalarına, münasibətlərə görə gərək tərəflər bir-birinə güzəştə getsin. Ailə qurmusansa həyat yoldaşına hörmətlə yanaşmalısan. “Yalnız mənim istəklərim, mənim fikirlərim reallaşmalıdır” fikrini yürütmək olmaz. Bəzən baxırıq ki, insanlar bir-birini həddən artıq çox sevir, həyatlarını bir-biri olmadan təsəvvür edə bilmirlər. Amma sevməklə birgə yaşayış başqa məqamları özündə əks etdirir. Birgə yaşayışda təkcə sevgi yox, güzəşt, qarşılıqlı anlaşma, məsuliyyət məsələsi var. Bu həm kişinin, həm də qadının üzərinə düşür. Çünki onlar həm də gələcəyin valideynlərdir.

Image result for boşanma

Biz bununla bağlı çox böyük maarifləndirmə işləri aparırıq. Bəzən sual verirlər ki, sosial, maddi durum boşanmaya gətirib çıxarır. Tam səmimi deyim ki, bizim əldə etdiyimiz həm rəsmi məlumatlar, həm də özümüzün apardığınız sorğular deməyə əsas verir ki, boşanmaya səbəb birinci növbədə xarakterlərin uyğun gəlməməsidir. Sonrakı yerlərdə sağlamlıq, xüsusən də sonsuzluq məsələsi, ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi, ailədaxili məişət zorakılığı, tərəflərdən birinin zərərli vərdişlərə aludəçiliyi və s. durur. Maddi durum da səbəblərdən biridir. Amma bu əsas yerdə dayanmır”.

Image result for boşanma

A.Veysova boşanma hallarının sayının azalması üçün müəyyən tədbirlər və layihələr həyata keçirdiklərini bildirdi: “Biz insanları maarifləndirmək üçün müəyyən tədbirlər, layihələr həyata keçiririk və hər kəsi buna cəlb edirik. Biz “sağlam ailə sağlam cəmiyyətin təməlidir”, “erkən nikahlara yox deyirik”, “qeyri rəsmi nikahların qarşısının alınması” üçün çox böyük tədbirlər həyata keçirmişik. “Ailə, məktəb və cəmiyyət” adlı böyük bir layihəmiz olub. Beynəlxalq təşkilatlar və Heydər Əliyev fondu ilə Azərbaycan ailəsi bayramını, film festivalını keçiririk ki, həm də ekran və obrazların dili ilə insanlara həm problemli, həm də nümunəvi ailələri göstərək ki, bu istiqamətdədə maariflənsinlər. Yeni layihəmiz də “Ailə akademiyası” adlanır. Bu layihəyə mütəxəssisləri cəlb etmişik. Biz ailə qurmağa hazırlaşanlarla söhbətlər aparırıq. Problemli ailələrlə görüşlər keçirib boşanmaların qarşısını almaq istəyirik. Vaxtında sağlam müdaxilə olanda bəzən səbəbsiz yerə olan boşanmaların qarşısını almaq mümkün olur. Bu məsələləri valideynlərlə də işləyirik. Əslində burada hər kəsin üzərinə bir məsuliyyət düşür. Dövlət komitəsi olaraq bizim üzərimizə düşən, KİV-lər olaraq sizin üzərinizə düşən məsuliyyət var. Yaxşı olardı ki, apaılan maarifləndirici tədbirlər zəncirvari olsun. Bəzən görürük ki, bizim apardığımız maarifləndirmə işlərinin əksinə olaraq elə yazılar, məlumatlar çıxır ki, bizim əziyyətlə birləşdirməyə çalışdığımız ailələr darmadağın olur. Biz hər zaman tövsiyə edirik ki, uğurlu ailə modellərinin təbliği çox vacibdir. Avropa ölkələrinin birində belə bir pilot layihə keçirilmişdi. 3 ay müdətində heç bir televiziyada, saytlarda, qəzetlərdə nə boşanma, nə məişət zorakılığı, nə də kriminal xəbərlər verilmirdi. Sadəcə pozitiv xəbərlər verirdilər. Bu 3 ayda dinamikaya baxmışdılar ki, boşanmaların, cinayətlərin, məişət zorakılığı hallarının sayı aşağı düşüb, nikahların sayı artıb. Bu onu göstərir ki, KİV-in və televiziyaların təbliğinin çox böyük gücü var. Biz hamımız bu işdə maraqlı olmalıyıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir