kend sheher

İnsanlar kənd, yoxsa şəhər həyatında daha xoşbəxt olurlar?

Baxış sayı: 2. 614
İnsan psixoloji varlıqdır və məkan onu motivasiya edir. İnsan 5 duyğusunu istifadə edərək, qəbul etdiyi hissləriylə məkan haqqında hissiyyat meydana gətirir və təsirlənmə səviyyəsinə görə məkan haqqında müəyyən fikirlərə gəlir.

Hər bir yer insan psixologiyasına özünə uyğun təsir edir. Saraylar, abidələr, şəhər həyatı, təbiət – hərəsi özünə uyğun təsiretmə qabiliyyətinə malikdir. Mütəxəssislərə görə, şəhər həyatı insanlara mənfi təsir göstərir, onları depressiyaya salır.

Dünya Xoşbəxtlik Məlumat Bannkı 90 ölkədə aparılan araşdırmaların nəticəsi olaraq müəyyən edib ki, insanlar kənd həyatında daha xoşbəxt yaşayırlar. İnformasiya çoxluğu, rəqabət, xəyal qırıqlığı, səs-küylə dolu olan şəhər həyatı insan ömrünü azaltmaqla yanaşı insanı depressiyaya, stresə salır.

Psixoloq Nərmin Süleymanovanın sözlərinə görə, şəhər həyatı yaşamı rahatlaşdırsa da, psixologiyaya böyük mənfi təsir göstərir. “Şəhərdə iş tapmaq, ünsiyyət qurmaq, parklar və gəzməli yerlər çox olsa da, şəhər həyatı səssiz olmadığı üçün insan psixologiyasını pozur. Əsəb, stress yaradır. Düzdür, deyirlər ki, insan hər yerdə özünü motivasiya edə bilər. Amma bəzən məkan insanı o qədər motivasiya edir ki, insan öz duyğuları ilə bacara bilmir. Qaynar həyat, tıxaclar, səs-küy, işə gecikmələr (tıxaclara görə), insanların aqressivliyi, maddi çətinliklər insan psixologiyasında yaşama zövqü hissini tədricən məhv edir. İnsan zamanla robotlaşır. Kənd həyatında isə saydıqlarımın heç biri yoxdur” deyən müsahibimizə görə, insan yüngül əsəb keçirdiyi təqdirdə, özünü meşədə, çöldə, dağda, göl kənarında sakitləşdirə bilir. Buna görə də kənd insanı şəhər insanı ilə müqayisədə daha çox yaşayır.

Həmsöhbətimiz bildirir ki, şəhər həyatının mənfi cəhətlərindən biri də texnologiyanın daha çox inkişaf etməsidir. Telefon, internet insanlar arasında aidiyyət duyğusunu öldürür. Zamanla insan mənəvi hisslərindən məhrum olur.

Psixoloqun dediyinə görə, bu hisslərdən uzaq olmanın yeganə yolu insan tanımağa zaman ayırmaqdır. “Mənə toxunmayan ilan min yaşasın” fəlsəfəsindən uzaq olmaq, insanlar arasında başadüşmə, qarşılıqlı anlayış hissini inkişaf etdirmək lazımdır”.

40 yaşından yuxarı insanlar şəhər həyatında daha çox aqressivləşirlər. N.Süleymanova hesab edir ki, bəlkə də artan cinayətlərin səbəbi şəhər həyatının yaratdığı depressiyadır. Onun sözlərinə görə, son zamanlar kənddən şəhərə axın güclənib. “İnsanlar şəhər dedikdə modern, müasir, rahat bir məkan düşünürlər. Gəldikdə isə çox zaman xəyal qırıqlığı yaşayırlar. Sakit kənd yerlərindən gələn insanlar şəhər həyatına rahat öyrənə bilmirlər. Buna görə də öyrənə bilməmək onlarda müəyyən problemlərin yaranmasına səbəb olur. İnsanlarla aqressiv münasibətlər, stress, depressiya, mənfi vərdişlərin yaranması da daha çox kənddən şəhərə gəlib uyğunlaşa bilməyən insanlarda özünü büruzə verir. Kənd insanı şəhər həyatına çərin öyrənir”.

ABŞ-da aparılan araşdırma zamanı məlum olub ki, kənd insanı şəhər insanından 20 il daha çox yaşaya bilir və daha sağlam olur.

Mütəxəssislər şəhər həyatının insan sağlamlığı üçün də böyük təhlükələri olduğunu bildirir. Ətraf mühit, ucalan göydələnlər, avtomobillərin tüstüsü şəhər mühitini çirkləndirir. Çirkli hava isə birbaşa insan orqanizmi üçün təhlükə yaradır. Ekoloq Araz Əliyevin sözlərinə görə, son 10 ildə paytaxtda göydələnlərin sayının artması hava çirkliliyini də artırıb. Buna görə də iqlim dəyişiklikləri ilə qarşılaşırıq. “Bəzən fəsillər də özünü unudur. Nə yayı yay, nə yazı yaz kimi keçmir paytaxtın. Maşınların çirkli qazı, zibilliklər, bir də ucalan göydələnlər Bakının atmosferini zəhərləyir. Çox demirəm, 10 il belə davam edərsə, düşünürəm, dünyaya gələn uşaqların mutasiyaya uğramayacağına, şikəst doğulmayacağına kimsə zəmanət verə bilməz”.

İradə Cəlil




1 şərh “İnsanlar kənd, yoxsa şəhər həyatında daha xoşbəxt olurlar?

  1. Güneş

    Salam.yazdiqlarinizla razilasiram.duzdu amma bulari yoxuyandan sonra mativasyam asagi dusdu .bilir siz niye mende seherde yasayiram

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir