aile

İnsanlar niyə pis bir münasibəti davam etdirir?

Baxış sayı: 1. 062

Yəqin ki hamı ətrafında yaxşı getməyən bir münasibəti israrla davam etdirən dost, qohum, yaxın bir insan görmüş və ya özünü heç cür bitirə bilmədiyi bir münasibətin içində tapmışdır. Kənardan baxıldığında zərərli bir münasibəti niyə davam etdirdiyi üçün bəlkə o insanlara hətta hirslənmisiz də. Qınamağı bir kənara qoyub zərərli bir münasibətdə qalmaqda davam edən insanları anlamaq üçün bunun psixoloji səbəblərinə baxmaqda fayda var. Bu səbəblərə nəzər salaq:

1. Qorxu və ya təşvişdən qaçmaq – artıq bir münasibətin içində olan şəxs bu münasibət bitdikdən sonra həyatı ilə nə edəcəyini, onu nələr gözlədiyini bilmir və bu qorxu ilə üzləşmək istəmir. Gələcək təşvişi, bitirmək qərarı almağa mane olur.
2. Depressiya və üzüntüdən qaçmaq – münasibət nə qədər pis olsa da sevgi hissi asanlıqla bitmir və şəxs tək qalacağı zaman mövcud partnyoru üçün darıxacağını düşünür, tək olarsa bunun öhdəsindən necə gələcəyini bilmir və münasibəti davam etdirməyi seçir.

3. Utanc – bəzən yaxşı bir münasibətə sahib olmaq, cəmiyyət üçün özünü təstiq etmə mənası daşıyır və alınmayan, pozulan münasibəti yaxınlara, dostlara demək şəxsə utanc hissi verir, onlara xəyal qırıqlığı yaşadacağını düşünür və bu səbəbdən düzəlməyən problemlərə baxmayaraq münasibət davam etdirilir.

4. Günahkarlıq və borclu hiss etmək – bu hissləri keçirən şəxs ona qayğı, sevgi göstərən insana qarşı borclu hiss edir və onu tərk etmək düşüncəsi günahkarlıq duyğusu yaradır. Bir növ uşaqlıqda ona qayğı göstərən valideynlərinə olan borcunu ödəmək fantaziyasını daşıyır. Bir başqa deyişlə şəxs əsl borclu olduğu insanlarla üzləşmək yerinə partnyoruna bu hissləri köçürür.

5. Asılılıq – öhdəlikləri öz üzərinə götürən, nəyin doğru nəyin yanlış olduğuna həmişə qərar verən, məsuliyyəti alan bir partnyoru itirməklə bərabər şəxs öz həyatının məsuliyyətini almaq məcburiyyətində qalmaqdan, yəni böyüməkdən qorxur.

6. Aşağı olan özgüvən – şəxs, mövcud partnyordan daha yaxşısını tapa bilməyəcəyini, çünki buna layiq olmadığını düşünür.

7. Bezginlik – düşüncələrin içində itmiş şəxs sağlam düşünə bilmir və problem həll etmə bacarıqları azalır. Bu şəkildə o artıq problem ilə bağlı düşünməməyə başlayır, ancaq, düşüncələri eşitməzdən gəlsə də hissi səviyyədə buna nail olmaq mümkün olmur.

8. Partnyoru dəyişmək ümidi – baxmayaraq ki təcrübələr çox vaxt əksini göstərir, pis bir münasibətdə olan şəxs partnyorun dəyişəcəyi və hər şeyin yaxşı olacağı fantaziyasını qorumağa çalışır və bu fantaziyadan qurtulub münasibəti bitirmək üçün addım ata bilmir. Unudulmamalıdır ki bu sadəcə bir fantaziyadır.

Nəzərə alaq ki, cütlük terapiyasında həmişə məqsəd münasibəti düzəltmək deyil, bəzən bitən bir münasibət terapiyayanın uğurlu olduğunu göstərir.

 

 

Uzman Psixoloq Cəmilə Rəhimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir