Maska

Insanlar niyə “evdə qal”a əməl etmir? – SOSİOLOQ YANAŞMASI

Baxış sayı: 1. 072

Artıq üç gündür polislə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də paytaxt küçələrində insanların toplaşmasının qarşısını almaq, evdə qalmalarını təmin etmək üçün xidmət keçirlər. Lakin bir sıra insanlar qadağalara yenə də məhəl qoymurlar. 

Polis onları küçədən evə yığır, vətəndaşlar isə bu dəfə çıxıb binaların damında toplaşırlar. Bir sözlə sanki bir qrup vətəndaşlar evdə otura bilmirlər. Bu cür insanları küçəyə çıxmağa, evdən qaçmağa sövq edən səbəblər nədir?

Professor sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, müəyyən sayda insanların bütün çağırış və qadağalara baxmayaraq evdə qalmamalarının bir neçə sosial-psixoloji səbəbləri var: “Bəzi insanlar evdən çıxıb pul qazanmağa məcburdur. Ailəsinin gündəlik çörəkpulunu qazanmaq, kirayə qaldığı evin kirayəsini ödəmək, götürdüyü borcu vaxtında qaytarmaq üçün evdən çıxıb haralardasa işləməyə getmək məcburiyyətində qalanlar var. Ona görə də bu kateqoriyadan olan adamları müəyyənləşdirmək lazımdır. Dövlət artıq müəyyən qərarlar qəbul edib ki, bu cür insanlara maliyyədəstəyi verilsin. Evdə qala bilməməyin daha bir səbəbi də bir sıra insanların evlərində gərginlik olması ilə bağlıdır. Əgər hər 100 evlənəndən 28-i boşanırsa bu, çox ciddi məsələdir. Əgər 28 ailə boşanırsa bu o deməkdir ki, iki dəfə artıq sayda ailənin içində isə evdə gərginlik hökm sürür,sadəcə onlar hələ boşanmayıblar. Belə olduğu halda isə ailənin əsasən kişisi evdə otura bilmir və həyətə çıxır, günün keçirmək üçün evdən kənarda vasitələr axtarır. Bir qsim insanlar isə ümumiyyətlə məsuliyyətsizdir, hər şeyə etinasızdırlar. İzolyasiya tədbirlərinə, evdə qal çağrışlarına baxmyaraq binaların, evlərin qarşısında, hətta damında çıxıb gününü keçirən insanlar əsasən bu cür insanlardır. Mən də belə bir mənzərəni pəncrədən baxıb müşahidə edirəm”.

ehmed qesemoglu

Ekspert hesab edir ki, pul ehtiyacından evindən çıxanlara maddi dəstək verildikdən sonra evdə qalmayan, küçəyə,binaların qarşısına çıxan insanlara sərt inzibati cəza tədbirlərinə əl atılmalıdır. Evdə qalmayıb həyətdə boş-boşuna dayanan, gəzən insanları çox ciddi cəzalandırmaq lazımdır: “O şeylər ki, xalqın, dövlətin taleyi üçün çox mühüm əhəmiyyət daşıyır, orada maarifləndirmə öz təsirini göstərməyəndə çox ciddi inzibati tədbirlərə ehtiyac var. Çünki bir adamın xəstələnməyi tək o adamın şəxsi işi deyil. Çünki o adam çoxlu sayda adamı yoluxdura bilər. Ona görə də xalqın taleyi üçün mühüm bir məsələyə məhəl qoymamağın inzibati cəzası olmalıdır. Elə edilməlidir ki, başqalarına da görk olsun”.

 

Etibar Seyidağa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir