qetl

İnsanları qatil edən səbəblər – EKSPERTLƏR DANIŞIR

Baxış sayı: 168

Son günlərdə cəmiyyəti dərindən sarsıdan intiharlardan sonra özünəqəsd düşüncələrinin səbəbləri müzakirə olunmağa başlayıb. Əvvəlki yazımızda insanların özünə zərər verən davranışlarına və bunun qarşısını almaq üçün nə edə biləcəyimizə nəzər saldıq. Bu yazıda isə intihar, qətl hadisələrinə ümumi diqqət yetirəcəyik.

Təəssüf ki, fevralın 13-də saat 21 radələrində Sabunçu ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna xəbər verilib. İlkin araşdırmalar nəticəsində zərərçəkmişin oğlu, 2002-ci il təvəllüdlü Cahangir Şükürlü şübhəli qismində saxlanılıb.

Fevralın 14-də saat 01 radələrində isə Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyit aşkar edilib.

Aparılmış araşdırmalar əsasında 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bacısı 1989-cu il təvəllüdlü Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaşamaq üçün çox səbəb olduğu halda insanları şəxsi münasibətlər zəminində qətl törətmək dərəcəsinə çatdıran nədir?!

Qətl hadisələri ilə bağlı danışan sosioloq-alim Əhməd Qəşəmoğlu cəmiyyətdə gərginliyin çox olduğunu bildirib. Onun sözlərinə görə durum mürəkkəbləşdikcə, əhali arasında gərginlik də artır:

“Əgər cəmiyyətdə maddi deyil, mənəvi dəyərlər üstünlük təşkil etsə, gərginlik azalar. Təəssüf ki, mənəvi dəyərlər hazırda arxa plana sıxışdırılıb. Dini kitablar da, eyni zamanda alimlər də , hansı cəmiyyətdə maddi dəyərlərin təsiri çoxalarsa, gərginliyin də yüksələcəyini deyirlər.

Bir şəxs həyatda öz yerini tapa bilmir və sabahdan da bir şey gözləmədiyi üçün intihara və ya qətlə əl atır. Elə etməliyik ki, gənclərin sabaha inamı, ümidi çoxalsın. KİV-də, həmçinin ictimai rəydə də bu barədə sosial işlər aparılmalıdır”.

Ə.Qəşəmoğlu vurğulayır ki, cəmiyyət olaraq bu tendensiyanın qarşısını almaq üçün məsələyə elmi yanaşmalıyıq:

“Elmi fəaliyyət proqramı qurmalıyıq. O zaman KİV-lərin üzərinə düşən öhdəlik , həmçinin qanunvericiliyin necə olacağı müəyyən ediləcək. Maarifləndirməni hansı istiqamətdə aparacığımızı aydınlaşdırmalıyıq. Lakin belə məsələlərdə məsul şəxslərin elmi təminat barədə qanedici təsəvvürləri yoxdur. Ona görə də bu vəziyyətdəyik”.

Məsələ ilə bağlı fikirlərini bölüşən yazıçı-kulturoloq Aydınxan Əbilov isə hesab edir ki, koronavirus pandemiyasının psixoloji gərginlik yaratdığı bir zamanda yaşayırıq. Həmçinin Azərbaycanda əhaliyə Qarabağ müharibəsinin də təsiri oldu. İstər-istəməz müharibə dönəmində insanlarda psixoz vəziyyət yaranır:

“Pandemiya qadağaları, iş yerlərinin bağlanması, insanların evin içində qalması və çölə çıxa bilməməsi, iqtisadi-sosial durumun ağırlığı, təhsil müəssisələrinin bağlanması insanlara , xüsusilə gənclərə böyük təsir göstərdi. Bir dəfə vurğulamışdım ki, post-pandemiya və post-müharibə dövründə əhalinin müxtəlif qrup nümayəndələrinə mənəvi yardım edilməlidir. Əks təqdirdə intihar, cinayət hadisələri baş alıb gedəcək. İl yarım əvvəl dediklərim artıq reallaşmağa başlayıb.

Azərbaycanda özünəqəsd halları başqa ölkələrlə müqayisədə çox azdır. Hətta varlılar, tanınmış insanlar arasında da intihar hadisələrinin yaşandığını müşahidə edirik. Müharibədə iştirak edən qazinin dostu onun gözü qarşısında şəhid olursa, çox güman psixoloji, mənəvi yaralar 3 il ərzində davam edəcək”.

Aydınxan Əbilov təklif edir ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in və Qeyri-hökumət təşkilatlarının birgə komissisyası olmalıdır:

“Baş verən hadisələrlə bağlı monitorinqlər keçirilməlidir. Hökumətə müəyyən təkliflər verməlidirlər ki, belə hadisələrin sayını azalda bilək.

Ailədə şəxsi münasibətlər zəminində də baş verən qətl hadisələri də gözlənilən idi. Bunun qarşısını almaq çətindir.

Ümumiyyətlə, gənclər hərəkət, fəaliyyət deməkdir.

Təəssüf ki, pandemiya və müharibə qadağaları gəncləri evin içərisinə saldı. “SMS”lə icazəli çölə çıxmaq psixoloji sarsıntılar yaratdı. Gənclərimizin böyük hisəsi işsizdir, yaxud da azmaaşlıdırlar.

Bilirsiz ki, gənclik həm də sevgi, məhəbbət deməkdir. Onlar sevdiyi şəxslə ailə qurmağa icazə verilmədiyinə, məhəbbətdə uğursuzluqla qarşıladıqlarına , toyların keçirilməsinə məhdudiyyət tətbiq edildiyinə görə sarsıntıyla üzləşirlər. Ona görə də çıxış yolunu intiharda görürlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir