facebook status

İnsanların şəxsi məlumatları necə ələ keçirilir və bunun qarşını hansı yolla almaq olar?

Baxış sayı: 1. 501
Son günlər “Facebook” sosial şəbəkəsində istifadəçilərin şəxsi məlumatlarının ələ keçirilməsi xəbəri hər kəsi narahat etdi desək, yanılmarıq. Dünyanın demək olar ki, hər bir yerində istifadə olunan sosial şəbəkənin imicinə xələl gətirəcək bu cür hadisənin baş verməsi birmənalı qarşılanmadı. Dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəs öz şəxsi profilində fikirlərini bölüşdü. Baş verən hadisəni tənqid edib, bunu istifadəçilərin təhqir olunması kimi qiymətləndirənlər, hətta “delete facebook” həştəqi ilə bu sosial şəbəkəni boykot edənlər belə oldu. Hadisənin ardınca,  bu başlıqlı həştəqin yaradılmasını isə “Facebook”a ikinci zərbə kimi hesab etmək olar.
“İnsanların şəxsi məlumatlarının necə ələ keçirilir və bunun qarşını hansı yolla almaq olar” sualı ilə mütəxəssislərə müraciət etdik.
Sosial media mütəxəssisi Orxan Rzayev deyir ki, əslində bu, son dövrlər tez-tez eşitdiyimiz bir hadisədir: “Bu, “Facebook”a rəqib olan şirkətlərdə, platformalarda da rast gəlinən haldır. Ehtimal etmək olar ki, istənilən sosial media hesabı bir çox məqsədlər üçün istifadə olunur. Yəni onlar nə qədər də açıqlasalar ki, istifadəçilərin hüquqları qorunur, amma yenə də söhbət yüz milyonlarla istifadəçidən gedirsə, bu məlumat bazasından istifadə edilmə ehtimalı yüksəkdir. Yəni şirkətlərə hansısa bir məlumat lazımdırsa, bunu bizə demədən istifadə edə bilərlər. Burada bizim edə biləcəyimiz bir şey yoxdur.”
Mütəxəssis qeyd edir ki, bəzən bu tipli xəbərlər bilərəkdən də yayılır: “Belə xəbərləri ya kimlərsə həmin şirkətlərə, platformalara zərbə vurmaq üçün və yaxud da elə həmin şirkətlərin özləri bilərəkdən, müəyyən bir şou düzəltmək üçün yayırlar. Bu hadisə zamanı Markın açıqlamasından sonra bəlli oldu ki, onlar istifadəçilərin “Facebook”u tərk etməyindən narahat deyillər. Və ciddi bir boykot aksiyası da yoxdur. Bu da onu göstərir ki, əslində, ciddi bir problem yaşanmır. Sadəcə olaraq, Elon Muskun kiçik bir “təxribata” uyaqra şirkətlərinin səhifəsini silməsi məsələyə rəng qatdı və mövzu daha da böyüdü”.
O. Rzayevdən bu sahədə olan riskləri azaltmağın mümkünlüyü barədə də soruşduq: “Təəssüf ki, bizim informasiyalarımızın götürülüb-götürülmədiyini müəyyən edə bilmirik. Çünki bu platformaları quran proqramçıların hansı alqoritmlərdən necə istifadə etdiyini anlamaq mümkün deyil. Sadəcə, onların bizə verdiyi məlumata inanmağa məcburuq. Digər tərəfdən isə bizim informasiyadan toplu halda istifadə edilə bilər, yəni məsələn Bakı üzrə filan mövzu aktualdır, filan mövzu müzakirə olunur kimi. Yoxsa mənim hansısa dostuma yazdığım mesaj heç kimə maraqlı deyil”.
“Premark” şirkətinin rəqəmsal marketinq üzrə mütəxəssisi Fərid Hacıyev deyir ki, insanların bütün məlumatları “Facebook” serverlərindədir və onların məsuliyyəti altındadır: “Əslində bütün istifadəçilərin məlumatları hər zaman “Facebook”da da, “İnstagramda”da, “Google”da da toplanır. Demək olar ki, biz internetdə atmış olduğumuz hər addımda özümüzdən sonra iz buraxırıq. Sadəcə, hər bir şəbəkə, xidmət bu məlumatları başqasına satmayacağını bildirir, amma reklam məqsədləri üçün istifadə olunacağını vurğulayır. Nəticədə biz – rəqəmsal marketinqlə məşğul olanlar həmin məlumatlara əsasən reklamlar yaradırıq, internetdə kampaniyalar keçiririk. Lakin bizim bu məlumatlara sadəcə statistik olaraq girişimiz var. Məsələn, Azərbaycanda “Facebook”da subay olduğunu qeyd edən neçə xanımın olduğunu bilirik. Ancaq insanların bütün məlumatları “Facebook” serverlərindədir və onların məsuliyyəti altındadır”.
“Kiminsə insanların məlumatlarını toplaması məsələsinə gəldikdə isə əslində məsələ çox sadədir, heç kim istifadəçilərin məlumatlarını oğurlamır, istifadəçilər buna icazə verirlər” deyən F.Hacıyev bildirir ki, bəzi tətbiqlərdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır: “”Facebook”da qarşımıza tez-tez müxtəlif tətbiqlər çıxır “Hansı şəhərsən?”, “Hansı məhşursan?” və s. Məhz bu tətbiqlərin məqsədi məlumat toplamaqdır, gündəmdə olan istifadəçilərin şəxsi məlumatlarının oğurlanması hadisəsində də məlumat bu yolla toplanılıb. Həmin tətbiqlərdən istifadə edərkən “Facebook” istifadəçidən soruşur ki, bu tətbiq sənin bu məlumatlarını oxumaq üçün icazə istəyir, verirsənmi? İstifadəçi də oxumadan, icazə verir. Yəni məlumatların toplanması mərhələsinə istifadəçilər könüllü olaraq özləri razılıq verirlər. Təbii ki, heç bir tətbiq proqramı yazmır ki, mən sənin məlumatlarını kimlərəsə satacağam. Eyni hal həmçinin hər hansı  bir sayta “Facebook” ilə daxil olan zaman da baş verir”.
Mütəxəssis deyir ki, təhlükəsizlik mövzusunda təbii ki, “Facebook” və digər şirkətlərin məlumatları necə qoruması məsələsində onların bizə açıqladıqları ilə kifayətlənirik:   “Ancaq ən azından istifadəçilər öz məlumatlarını bilərəkdən 3-cü şəxslərə verməyə bilərlər. Bunun üçün ilk olaraq “Facebook”da hər hansı bir tətbiq (oyun, viktorina) istifadə edərkən baxmaq lazımdır ki, o hansı məlumatları oxuyacaq. Kimin proqramını, oyununu istifadə etdiyimizi bilməliyik. İstər-istəməz qlobal şirkətlərə daha çox inanırıq. Ən azı düşünürük ki, məlumatımızın “qayğısına qalacaq”. Mesaj vasitəsi ilə gələn hər linki açmaq olmaz. Şübhəli gələn linkləri sadəcə, blok etmək və ya silmək lazımdı. Profildə hər kəsə açıq (public) paylaşılan məlumatları, hamı ilə nələri paylaşmaq istədiklərimizi  tənzimləmək lazımdır. Hər şey aləti necə istifadə etməyimizdən və onu nə qədər başa düşməyimizdən asılıdır”.
Baş verən hadisənin və onun ardınca yaradılan “delete facebook” həştəqinin “Facebook”un imicinə necə təsir etdiyini Pr və Kommunikasiya məsələləri üzrə mütəxəssis Azər Nəzərovla müzakirə etdik. Müsahibimiz deyir ki, “Delete Facbook” aksiyasında diqqət etməli olduğumuz bir məqam bu şəbəkəni kimlərin boykot etdiyini bilməkdir: “Ümumiyyətlə, bir aksiyanın tutarlı ola bilməsi üçün ona qoşulanların içində ictimaiyyətə təsir edə bilən adamlar – ideya meykerlər, influnserlər, selebritilər və s olmalıdır. Hazırda bu aksiyanın ən başında həm “SpaceX”in, həm də “Tesla”nın “Facebook”dakı hesablarını silən Elon Musk dayanır. Deyə bilərəm ki, aksiya artıq “Facebook”un imicinə mənfi təsir göstərib. Bu aksiya kommunikasiya böhranı yaratmasaydı, “Facebook” komandası buna reaksiya verməzdi. Hazırda, Markın özü bu barədə izahat verməyə ehtiyacı duyur və imici bərpa etmək üçün çalışır. Deməli, “Facebook”un özü də aksiyanın ona olan təsirlərindən narahatdır. Burada əsas məsələ, sosial şəbəkənin nə qədər istifadəçi deyil, nə qədər maddi dəyər itirməsidir. “Delete Facebook” aksiyası müddətində şirkət artıq milyardlarla pul itirməyə başladı. Mark və komandasını narahat edən əsas məqam da budur. Bu məsələdə biz fərz edə bilirik ki, aksiya əslində, güclərin savaşıdır. Bilirsiniz ki, “Facebook”un özü kifayət qədər gücə sahib bir sosial şəbəkədir. Şirkət həm “İnstagram”, həm də “Whatsapp”ı idarə edir. Digər tərəfdən Elon Musk və onun son dövrlər həyata keçirdiyi layihələri var. Bəlkə də, hələ görünməyən başqa tərəflər də bu aksiyaya cəlb olunub. Ola bilər ki, “Facebook”a alternativ bir şəbəkə yaradılır və onun imicini zədələyirlər. Hər halda, belə bir hal varsa, bunu tezliklə görəcəyik”.
Artıq “Delete Facebook” aksiyasına qarşı “Support Facebook” aksiyasının başladığını deyən A. Nəzərov bildirir ki, bu aksiyanın da kifayət qədər nüfuzlu dəstəkçilərini gözardı edə bilmərik: “Bunlar əsasən “Facebook”u əlverişli ünsiyyət vasitəsi kimi dəyərləndirənlər və biznes modulları üçün istifadə edənlərdir. Qlobalda bu aksiya “Facebook” üçün çətinliklər yaratsa da, tutarlı təhlükə kimi görünmür. Amma, düşünürəm ki, bu aksiyanın istifadəçilər üçün faydaları olacaq. Gözləniləndir ki, “Facebook” türklər demiş, özünə çəki-düzən verəcək, insanların şəxsi məlumatlarının 3-cü tərəfə ötürülməməyi məsələsini daha tutarlı edəcək. Bundan sonra “Facebook” öz təhlükəsizlik tədbirləri barədə insanları daha da məlumatlandırmağa çalışacaq. Bu hadisə insanların datalarını toplayan digər şirkətləri də diqqətli olmağa sövq edəcək”.
Həmsöhbətimiz  baş verən hadisələrin fonunda, sosial şəbəkənin ölkəmizdəki imicinin vəziyyətindən də danışdı: “Ölkəmizdə isə “Facebook”un imicinin zədələnməsi ehtimalına baxsaq, bu imic böhranının Azərbaycana demək olar ki, təsiri sıfırdan aşağıdır. Bizim istifadəçilər 3-cü tərəfin əldə etdiyi datanı necə istifadə etdiyini hələ qəbul edə bilmirlər. Amerikada böyük şirkətlər və böyük influnserlər “Facebook”u boykot edirlər. Bir dəfə Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi oxşar bir hal barədə açıqlama verib, əhalini məlumatlandırmışdı. Hazırda da insanların dövlət tərəfindən məlumatlandırılmasına ehtiyac var ki, onlar şəxsi məlumatlarını paylaşarkən diqqətli olsunlar”.
Günel Azadə 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir