Nermine Abbasova

İnsanlıq tarixində ən çox ölümə səbəb olan XƏSTƏLİK

Baxış sayı: 509

“Çiçək çox yoluxucu olan və tez-tez yoluxmuş insanlarda eybəcər yara izləri qoyan yoluxucu bir xəstəlikdir. Simptomlara hərarət, qusma, ağız yaraları və dəhşətli dəri səpkiləri daxildir. Çiçək xəstəliyinin müalicəsi olmasa da, qarşısını almaq üçün bir peyvənd var.

Bu sözləri oxucularımızı çiçək xəstəliyi ilə bağlı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi,həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

Həkim-terapevt bildirdi ki, çiçək xəstəliyinin klinik gedişini bir sıra dövrlərə bölmək olar:

“İnkubasion dövr orta hesabla 9 gündən 14 günə qədər davam edir. Prodromal dövr 3-4 gün davam edir və temperaturun qəflətən yüksəlməsi, bel nahiyəsində ağrılarla, mialgiya, başağrısı, tez-tez qusma ilə xarakterizə olunur. İki-üç gün ərzində xəstələrdə qızılca və ya skarlatina səpgilərinə bənzər səpgilər meydana çıxır. Prodromal dövrün axırına yaxın temperatur düşür. Bu zaman dəri üzərində və selikli qişalarda çiçək səpgiləri görünür. Xəstəliyin 7-8-ci günü çiçək elementləri irinləyir, eyni zamanda xəstənin temperaturu xeyli yüksəlir, halı kəskin surətdə pisləşir. Həmin pustulalar, yəni kiçik irinliklər çoxkameralı quruluşunu itirir, deşilərək boşalır. Bu, son dərəcə ağrılı olur. Xəstəliyin 15-17-ci günü pustulalar açılır, quruyaraq qartmaq əmələ gətirir. Bu zaman ağrı hissi azalır, dəri dözülməz surətdə qaşınmağa başlayır”.
Nərminə həkim qeyd edib ki, xəstəliyin 4-5-ci həftəsi ərzində bədən temperaturu normal olur, dəri intensiv qabıq verir, qartmaqlar qopub düşür. Qartmaqların yerində isə kələ-kötür (“çopur”) görünüş verən ağımtıl dərin yara zolaqları qalır:

“Xəstəlik ağırlaşmadan cərəyan edəndə 5-6 həftə davam edir. Müalicəsi zamanı çiçək əleyhinə qamma-qlobulindən, metisazondan, geniş spektrli antibiotiklərdən və dezintoksikasiya vasitələrindən istifadə etməklə kompleks müalicə aparılır”.

Həkim vurğuladı ki, xəstələrin çoxunda tamamilə yaxşılaşma görülməsinə baxmayaraq, 30% ölümlə nəticələnə bilər:

“Xəstəliyin adamdan-adama keçişi xəstəlikli adamdan çıxan virus ehtiva edən tüpürcək parçacıqları ilə mümkündür. Çiçək xəstəliyi olan kəslərdə başqasına keçirilmə xəstəliyin ilk həftəsində ən yüksək səviyyədədir. Çünki bu ilk həftə içərisində tüpürcəkdə çox miqdarda virus var. Ancaq keçmə ehtimalı səpinti tamamilə tökülüb ortadan qalxana qədər də davam edə bilər. Xəstələri təcrid etmək, həmçinin təmasda olan şəxslərə vaksin vurub, onları 14 gün nəzarət altında saxlamaq lazımdır. Karantin tədbirləri tam həcmdə görülməlidir”.

Çiçək xəstəliyinin tarixinə diqqət çəkən Nərminə xanım bildirdi ki, bu xəstəliyə qarşı tətbiq olunan təkrarlanan peyvənd proqramları 1972-ci ildə sona çatıb. 1980-ci ildə isə ÜST 30 % ölüm riski olan xəstəliyin tamam yox edildiyini elan edib. Lakin virusun son nümunələri hələ də Rusiya və ABŞ-da xüsusi qaydada qorunan laboratoriyalarda saxlanılır. Bunun səbəbləri arasında isə iki ölkənin bir-birinə qarşı inamsızlığı, eləcə də xəstəliyin araşdırılması və sair durur.

Həkim-terapevtin sözlərinə görə, 1972-ci ildən əvvəl və ya 1972-ci ildə çiçək peyvəndi edilmiş olan kəslərin bu an bu xəstəliyə qarşı dayanıqlılıqları, yəni immun olub olmadıqları naməlumdur. Başqa sözlə desək, bu an hər kəsin çiçək xəstəliyinə qarşı həssas olduğu qəbul edilməkdədir:

“Uşaqlarda tez-tez rast gəlinən yoluxucu bir xəstəlik olan çiçək, insanlıq tarixində ən çox ölümə səbəb olan xəstəliklərdən biridir. Qeyd edim ki, çiçək xəstəliyi adını irinlə dolu blisterlərdən alır. Adları çox oxşar olsa da, fərqli bir virusun səbəb olduğu daha yüngül suçiçəyi xəstəliyi ilə əlaqəli deyil. Çiçək variola virusunun səbəb olduğu çox ciddi bir xəstəlikdir. Xəstəlik çox asanlıqla diaqnoz edilə bilər. Çünki xəstəliyə xas əlamətlər meydana gəlir. Əlamət dəridə maye və qabıqla dolu olan blisterlər kimi görünür. Bu suçiçəyi kimi görünə bilər, ancaq blisterlər su çiçəyindəki blisterlərdən fərqli görünür.

Həkim deyir ki, çiçək virusuna məruz qalan kəslərdə əgər 4 gün içərisində peyvənd edilsə, xəstəliyin şiddəti azala bilər və ya xəstəlik heç görülməyə bilər:

“Ümumiyyətlə, çiçək xəstəliyinə tutulan şəxslərə dəstəkləyici müalicələr məsləhət görülür, məsələn, atəş salıcı, ağrı kəsici dərman. Eyni zamanda, bakterial bir infeksiya əmələ gəlməməsi üçün çiçək xəstəliyinin üzərinə antibiotik istifadə edilə bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir