aile

İnternet, sosial problemlər, xəyanət… – AİLƏ FACİƏLƏRİNİN SƏBƏBİ

Baxış sayı: 1. 367

Son vaxtlar ailədaxili zorakılıq hallarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Hətta iş o yerə çatıb ki, cütlüklər indi soyuq silaha, bıçağa, baltaya əl atmaqdan belə çəkinmirlər.

Demək olar ki, hər gün belə xəbərlər eşitməyə qulağımız bir növ alışıb. Əvvəllər ərin arvadı bıçaqlaması, arvadın ərinə balta vurması xəbəri insanları, belə desək, şoka salırdısa, indi bu xəbərlər sanki adiləşib. Səbəb ailə-məişət zəminində baş verən bu cür münaqişələrin artmasıdır. Bəs görəsən, ailələrdə münaqişələrin kriminal həddə çatmasının səbəbi nədir?

 

Mütəxəssislər bunun bir çox səbəbləri olduğunu bildirirlər. Səhiyyə Nazirliyinin Psixoloji Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim psixiatr Səbinə Kərimova  hesab edir ki, insanda aqressiv halların yaranmasına bir sıra hallar yol açır: “Ümumiyyətlə, aqressiyanın yaranma səbəbləri müxtəlifdir. Ola bilər ki,  buna bioloji səbəblər daha çox təsir etsin. Məsələn, hansısa bir xəstəlik, beyin travmaları, irsi xəstəliklərdən yaranan aqressiv davranışlar… Bir də emosional insanlar var. Eləcə də psixoloji-sosial səbəblərdən yaranan aqressiv davranışlar var. Bura isə insanın öz tələbatlarını ödəmək imkanlarının olmaması və yaxud tələbatları ilə onun mövcud imkanlarının üst-üstə düşməməsi onun daxilində aqressiyanın yaranmasına səbəb olur”.

Image result for Səhiyyə Nazirliyinin Psixoloji Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim psixiatr Səbinə Kərimova

Ailədaxili münasibətlərdə tərbiyənin əsas rol oynadığını deyən Səbinə Kərimova bildirir ki, valideynlər ailədə  öz münasibətlərini pozduqları zaman bunun  uşaqlarda travmalara yol açmasının fərqində belə olmurlar. Bu isə gələcəkdə  onların aqressiv böyüməsi, real imkanları qəbul etməməsi kimi psixoloji hallara yol açır: “Ailədə valideyn münasibətləri, bacı-qardaş arasında konfliktlərin sonda ölümlə nəticələnməsi isə bəzən qanunlardakı boşluqlardan da irəli gəlir. Yəni insanların öz hüquqlarını, hətta ailədaxili münasibətlərdə belə qanuni olaraq öz haqlarını tələb edə bilməməsi onların bir-birinə mənfi münasibət bəsləməsinə gətirib çıxarır. Məsələn iki qonşudan biri digərindən borc alır, qaytarmayanda bəzən borc verən bıçağa əl atır”.

Ailədaxili münasibətlərin kəskinləşməsi insanların öz hüquqlarını bilməməsi, bilsə belə ondan düzgün yararlanmamasından qaynaqlanır: “Tərəflər ailə qurmamışdan əvvəl atdığı bütün addımları düşünməlidir. Elə bir ailə yoxdur ki, orda söz-söhbət, mübahisə və münaqişə olmasın. Konfliktin həlli yolu zorakılıqla nəticələnirsə bu yenə də ailənin bünövrəsinin qoyulmasından asılıdır. İnkişaf etmiş ölkələrdə də ailələrdə münaqişələr baş verir. Amma bizdən fərqli olaraq onlar bunu qanunla həll edə bilirlər. Çünki ailə qurmazdan əvvəl hər şey sənədləşdirilir. Biz də isə ailələr kortəbii qurulur. Tərəflər bir-birilə öz mülkiyyəti kimi davranır. Yəni bir-birlərini digər ailə üzvləri – qayınana, qayınata ilə paylaşa bilmirlər. Bu da sonda, dediyimiz kimi faciələrlə bitir”.

Image result for Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılovun məsələyə münasibəti fərqli oldu: “Ailədaxili zorakılıqların kompleks səbəbləri var. Ailə məsələsinə bəsit prizmadan yanaşırlar. Tərəflərin tərbiyələri, dünyaya baxışları, böyüdükləri mühit, genetik istəkləri və keyfiyyətləri tam başqadır. Amma bu halda belə, iki insan bir dam altında birləşir və bir ömür boyu birlikdə yaşamağa davam edirlər. Müxtəlif xarakterlərin üz-üzə gəlməsi əslində çox çətin məsələdir. Buna görə də münasibətlərin pozulmasını təbii qarşılayıram. Elə dəyərlər var ki, onları nəzərə alıb bu problemləri həll etmək mümkündür.  Düşünürəm ki,  böyüklərin məsləhətinə mütləq qulaq asmaq lazımdır. Amma tərəflərə bir-birini tanımaq imkanı verilməlidir. Ümumi cəhətlər olmalıdır ki, tərəflər ortaq məxrəcə gələ bilsin. Bu gün məqsədli evliliklərin sayı artıb. Buna görə də ən dəhşətli problemlər meydana çıxır”.

Millət vəkili sosial problemlərin də ailədaxili münasibətlərin kəskinləşməsinə təsirini də istisna etmir: “Həyat mürəkkəbdir. Elə məsələlər var ki, onlar sevgiyə son qoya bilir. Elə hədəflər var ki, o hədəfə çatmaq üçün məsafəni qət etməyə sevgi yetmir. Sırf insani münasibətlər,  saf məhəbbət üzərində qurulan uzun ömürlü ailələr var. Düşünürəm ki, bu gün Azərbaycanın ailə modeli dünyaya nümunə olacaq bir modeldir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir