ferqane mehmanqizi

İntihar niyə cavanlaşıb? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 853

Sabirabadda intihar hadisəsi baş verib. 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.R.Əsədov hadisədən əvvəl “Facebook” hesabında son sözlərini yazıb:

“Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Elə bilməyin ki, bir anda hər şeydən imtina edib getmək asandır. Yox, çox çətindir.

Heç kim sənin nələr yaşadığını, nə dərdinin olduğunu, içində nələr çəkdiyini, nələrlə mübarizə apardığını, hətta necə bir insan olduğunu bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əskik danışmağı çox yaxşı bilər.

Həyatda “Bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Səni ayaq tozuna layiq olmayanlara dəyişdim, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə deyirəm ki, məni əsla qınamayın və pis olmayın!

 

Sən mənim həyatımsan, oğlum!

Olduğun yer nəfəsdir mənə

Sən qolum-qanadımsan, oğlum!

Varlığın belə yaşamağa bəsdir mənə.

 

Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil.

Əlvida!”.

 

Qeyd edək ki, R.Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, R.Əsədov təxminən bir ay əvvəl Sabirabad Rayon Gənclər və İdman İdarəsindən öz istəyi ilə çıxıb:

“O, avqustun 4-dən Sabirabad Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi vəzifəsindən çıxıb. Bununla bağlı nazir Azad Rəhimov əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr imzalayıb. Ailəsində nə baş verdiyindən xəbərsizik”.

 

Baş verənləri şərh edən psixoloq Fərqanə Mehmanqızı bildirir ki, pandemiya dövründəki gərginliklər getdikcə daha pis hadisələrə səbəb ola bilir. Cəmiyyətdə intiharlar, ailədaxili şiddət və cinayətlər baş verir. Psixoloq vurğulayıb ki, bir insan fərqi yoxdur qarşı tərəfi öldürür ya özünü, qatil qatildir. Deməli, bu şəxs hər hansı bir psixoloji gərginlikdən əziyyət çəkir və öz dünyasını sonlandırır:

“İntihar səbəbləri təbii ki, müxtəlifdir. Üzdə görünən səbəblər, ölən şəxin özünün öncədən bildirdiyi səbəblər, iqtisadi durum və yaxud bu məktubda olduğu kimi-vicdan əzabı. Xəyanət edib, sonra vicdan əzabı çəkib və intihar edib. Bunların hamısı bəhanədir, beynin bizimlə oynadığı oyunlardır. İntihar bir virusdur, xəstəlikdir.

Müəyyən zaman ərzində insanda bu xəstəliyin toxumları yetişir. Baş verən hadisədə intiharın dəqiq səbəbi bilinmir. Amma o şəxs həmin məktubu evdə sadəcə yoldaşına yazıb da intihar edə bilərdi. Sosial şəbəkədə yazmağı bir daha sübut edir ki, bu şəxs özgüvənsizlikdən, daxili zəiflikdən, ictimaiyyətdə tuta bilmədiyi mövqedən narahatdır və əzilir. Əzildiyi üçün də intihar edib”.

F.Mehmanqızı vurğulayır ki, bəziləri sosial şəbəkələrdə intihar edəcəklərini yazırlar və artıq ölüm seçimi üçün bir nümunə yaranır:

“Saytlarda və TV-lərdə bu ölüm barədə xəbərlər yayılır və bunu qəhrəmanlıq kimi görürlər. İctimaiyyətdə vacib fiqur ola bilməyənlər belə ölümü seçirlər ki, ölümü səsli-küylü olsun. Məsələn, bu ölüm kimi. İntihar edən kişi məktubda yazdığı düşüncələrdə olsaydı, ümumiyyətlə xəyanət etməzdi. Üzr istəyən, səhvini görən şəxs gücünü toplayıb səhvini düzəltməyə çalışar. Sosial şəbəkədə intihar edəcəklərini yazan şəxsləri qəhrəman kimi təqdim edirlər”.

Psixoloqun fikrincə, müəyyən dərəcədə bir yerdə olmaq yaxşıdır. Lakin karantin rejimi insanların daha çox birlikdə vaxt keçirməsinə şərait yaratdı:

“Amma bir yerdə olmağın da müəyyən ölçüsü var. Bu ölçünü aşdıqda müəyyən faciələr baş verir. İntihar başqalarına nümunə ola bilməz. Həm dinimizdə günahdır, həm də ictimaiyyətdə düzgün qəbul olunmur. Təəssüf ki, intiharların sayı artıb. Nə qədər müraciətlər var, gənclər və digər yaş qrupundan olan insanlar bezdiyini, intihar etmək istədiyini deyir.

Ümid edirəm ki, psixoloji gərginlik keçirən hər kəs mütəxəssislərə müraciət edib, düzgün mövqe seçərlər”.ferqane mehmanqizi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir