intihar

İntihar sondur! – “Psixoloji durum ələ alınmalıdır”

Baxış sayı: 728
Son zamanlar ölkəmizdə intiharlar kütləvi hal alıb. Təəssüf ki, hər gün 2-3 nəfərin canına qıydığının şahidi oluruq. İntiharların səbəbi araşdırılıb, çıxış yolları üçün mətbuatda müəyyən fikirlər səsləndirilsə də, vəziyyət dəyişmir. Xoşagəlməz halların aradan qaldırılması istiqamətində geniş maarifləndirmə aparılsa da, vəziyyət günü-gündən pisləşir. Maraqlısı budur ki, artıq intihar edən şəxslərə haqq verənlər də çoxalıb. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Bəziləri düşünür ki, intihar edənləri qınamaq olmaz. Çünki bəzən tək “çıxış yolu” məhz intihardır.
Mövcud durumla bağlı danışan sosioloq Sahib Altay bildirir ki, karantinin gətirdiyi travmalar insanlarda böyük ümidsizlik yaradıb:
“Karantin bir çox sahələri sıradan çıxardı. Elə müəssisələrə iqtisadi zərbə vurdu ki, çox sayda işçi ixtisara düşdü. Bunun nəticəsində çox adam işsiz qaldı. Bəlkə də, tək adam üçün bu, o qədər də problem yaratmaya bilər. Amma ailə, valideyn məsuliyyəti daşıyan, adi vaxtlarda gəlirləri az olan insanların bu dönəmdə gəlirləri azalmadı, ümumiyyətlə, kəsildi və bu da ağır travmalara səbəb oldu.
İntihar sondur. O an gəldiyində insan həyatdan heç bir zövq ala bilmir. Problemləri üçün çıxış yolu tapa bilmir. Yeganə yolu ölümdə görür ki, həyatdan qurtulsun, daşıdığı yüklərdən azad olsun.
Əmək fəaliyyəti təkcə pul qazanmaq üçün vasitə deyil. Pul insanın müəyyən fəailiyyəti qarşılığında əməyinə verilən dəyərdir. Stimulverici bir qüvvədir. İnsan sosial varlıq olduğundan müəyyən əmək fəaliyyəti ilə məşğul olmağı onu yararlı hiss etdirir.
Sosioloqun sözlərinə görə, müharibə də, karantin də bizim üçün müəyyən qədər travma yaşadıb:
“Hər bir halda nəzərə almalıyıq ki, ağrı-acını da, sevinci-qüruru da birlikdə yaşamışıq. İstər karantin rejiminin çətinlikləri, travmaları, istərsə də müharibənin stressi, həyəcanı özünü, təxminən beş ilə yaxın bir müddətdə göstərmiş olacaq.
Bu müddət ərzində də intiharların olması gözləniləndir. Sayının çoxalması da ehtimal oluna bilər.
Buna görə də mətbuat vasitəsilə insanlara müəyyən məsləhətlər verilməli, onların müsbətə köklənməsinə yardım edilməlidir. Ümumi psixoloji durumu ələ almaq vacibdir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir