intihar

İntihara sürükləyən depressiya: Düzgün müalicə necə olmalıdır?

Baxış sayı: 1. 461

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 350 milyon adam depressiyadan əziyyət çəkir. Təşkilat 2020-ci ildə bu xəstəliyin dünyada 3-cü ən geniş yayılmış xəstəlik olacağını proqnoz edib. Depressiya nədir, hansı formaları var, müalicə edilmədikdə nə ilə nəticələnə bilər, depresiyanın düzgün müalicəsi necə olmalıdır və bunun üçün kimə müraciət etmək lazımdır? “Gencaile.az”  bütün bu suallara cavab tapmağa çalışıb.

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, həkim psixiatr Orxan Fərəcli Ailem.az-a bildirib ki, depressiya əksər insanların həyatının bəlli bir dönəmində rastlaşdığı xəstəlikdir. İnsanlarda depressiyanın ən çox təsadüf edildiyi dövr 25-30 yaş qruplarıdır. Lakin bu rəqəmin ildən ilə gəncləşməsi tendensiyası müşahidə olunur.

Xəstəliyin əlamətlərindən danışan O.Fərəcli deyib ki, depressiyada olan insan özünü hədsiz narahat və kədərli hiss edir: “Bu kədər hissi o qədər yüksək olur ki, insan özünü lazımsız və dəyərsiz hiss etməyə başlayır. Sevərək gördüyü işlər, doğmaları ilə görüşmək belə onları sevindirə bilmir. Heç bir şeydən zövq ala bilməyən bu insanlarda sürətlə arıqlama və yaxud da kökəlmə başlayır, yuxu rejimlərində ciddi dəyişiklər baş verir. Onlarda ağlamaq və kövrəlmək kimi hisslərə tez-tez rast gəlinir. Depressiya diaqnozu qoymaq üçün üç əsas və təxminən yeddi əlavə əlamət var. Əsas əlamətlər – əhval ruhiyyənin uzun müddət, ən az iki həftə enməsi, maraq və zövq almanın azalması, hər gün müşahidə olunan yorulma və güc tükənməsidir. Əlavə əlamətlər isə özünə inamın azalması, günahkarlıq hissi, özünəqəsd fikirləri, fikir cəmləmə qabiliyyətinin enməsi, tormozlanma, yuxu rejiminin və çəkinin dəyişməsidir. Əgər bir insanda iki həftə müddətində iki əsas və ən az iki əlavə əlamət müşahidə olunubsa, deməli, həmin şəxsə yüngül dərəcəli depressiya diaqnozunu qoymaq olar”.

Psixiatrın sözlərinə görə, depressiyanın konkret bir yaranma səbəbi yoxdur: “Biz bu məsələyə biopsixososial model çərçivəsində baxırıq. Yəni depresiyanın yaranmasının həm bioloji, həm psixoloji, həm də sosial səbəbləri var. Bioloji səbəblərə beyində serotonin adlanan maddənin miqdarının azalması göstərilir. “Xoşbəxtlik hormonu” da adlandırılan bu maddənin baş beyində azalması nəinki depressiya, hətta həyəcan, qorxu, təşviş kimi nevroz əlamətlərinin də ortaya çıxmasına səbəb olur. Psixoloji səbələrə uşaqlıqda keçirilən travmalar, ailədəki problemlər, yaxın insanın itirilməsi, ağır xəstəliklər, boşanma və sair ola bilər. Nəhayət, sosioloji səbələrə isə müharibələr, kütləvi travmalar, işsizlik, əmək haqqının aşagı olması kimi səbəblər daxil edilir”.

Depressiyanın formalarına gəlincə isə, psixiatr qeyd edib ki, bunun bir neçə forması var. Məsələn, major depressiya – ən çox rast gəlinən və haqqında mətbuatda ən çox yazılan klassik depressiya formasıdır: “Onun əsas əlamətləri əhavalsızlıq, özünə qapanma, halsızılıq, ağlama və kövrəlmə kimi hallardır. Distimiya – 2 ildən çox davam edən yüngül depressiya halına deyilir. Bu vəziyyiətdə olan insalar bəzən özlərinin depressiyada olduqlarının fərqinə belə varmadan kefsiz bir şəkildə həyatlarını davam etdirirlər. Atipik depressiya – əsas fərqləndirici əlaməti kimi insanda çox yemək, çox yatmaq, kədərli hadisələr zamanı vəziyyətin daha da pisləşməsidir. Bipolyar affektiv pozuntu – bu, depresiyanın elə bir formasıdır ki, xəstələrin vəziyyəti uzun müddət davam edən dərin depressiyadan sonra anidən çox yüksək səviyyəyə qalxaraq coşqun bir hal alır. Bu vəziyyətə maniakal hal da deyilir. On beş gün, bir ay davam edən bu yaxşılaşma halından sonra insan yenidən depressiyaya yuvarlanır. Beləcə, xəstəlik depressiya və maniyalarla növbələrlə davam edir”.

O.Fərəcli mövsümi və doğuşdan sonrakı depressiyadan da danışıb. O qeyd edib ki, mövsümi depressiya spesifik olaraq yaz və payız aylarında başlanan depressiya formasıdır: “Müdaxilə olunmazsa, bütün fəsil boyu davam edə bilir. Doğuş sonrası depressiyaya isə doğuş keçirən hər 10 qadından birində rast gəlinir. Doğuşdan sonrakı bir ay içərisində formalaşan bu depressiya forması mütləq həkim müdaxiləsi tələb edən vəziyyətlərdəndir”.

Psixiatr bildirir ki, özündə depressiv əlamətlər hiss edən şəxslər müalicə almaq üçün mütəxəsis həkim-psixiatra müraciət etməlidlər. Onun sözlərinə görə, bu problemlər zamanı nevropatoloq və terapevtlərin müdaxiləsi bəzən istəmədən problemin artmasına gətirib çıxara bilər: “Sahə həkimlərinə depressiya və nevrozun bəzi yüngül formalarını müalicə etmələrinə icazə verilsə də, onlar diaqnostik çətinlik zamanı və müalicələr effektsiz olduğu təqdirdə mütləq pasientləri psixiatra yönəltməlidirlər. Bir məsələni də qeyd edim ki, beynəlxalq müalicə protokollarının heç birində depressiyanın müalicəsi zamanı bitki tərkibli dərmanlar tövsiyə olunmur. Bu məqsədlə ancaq peşakar şəkildə müasir tipli antidepressant dərmanlardan istifadə edilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir