intihar

İntiharların artma və “gəncləşmə” səbəbi nədir? – EKSPERLƏR DANIŞIR

Baxış sayı: 732

Artıq bir müddətdir ki, gənclərin, hətta yeniyetmələrin bir-birinin ardınca intihar etməsi ilə bağlı xəbərlər yayılır. Xüsusən də bu cür intiharlar daha çox özünü hündürmərtəbəli binadan atma “dəbi” ilə müşahidə olunur.

İki gün öncə Sumqayıtda yaşayan 18 yaşlı tələbə Könül Misirli gecə saatlarında doqquzmərtəbəli binadan özünü ataraq intihar edib. Məlumata görə, gənc qız Sumqayıt Dövlət universitetinin tələbəsi imiş. O, Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə I yerə çıxıb. Azərbaycan universitetlərinə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb. İddia olunur ki,  K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib. Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb.

Bir neçə gün öncə isə paytaxtın Xətai rayonunda 20-25 yaşlı gənc oğlan «Həzi Aslanov» metro stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların birinin 10-cu mərtəbəsindən özünü ataraq, intihar edib. İntiharın hansı səbəbdən baş verməsi isə məlum deyil.

Beləliklə, intiharların artması və “gəncləşməsi” cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Bəzi ekspertlər bunun əsas səbəbi kimi pandemiyanın və postmüharibənin yaratdığı fəsadları göstərir, bəziləri isə bu cür xəbərləri yayan media qurumlarını qınayır. Qeyd olunur ki, mətbuatda, mediada nə qədər intihar xəbərləri ictimailəşdirilirsə, bir müddət bu mövzudan söz açılırsa, şüuraltı intihara meyl artır və sairə.

 

Bəs mütəxəssislər necə düşünür – intiharların artma və “gəncləşmə” səbəbi nədir?

Musa Gasimli.jpg

Millət vəkili Musa Qasımlı mövzu ilə bağlı aşağıdakıları dedi: “İntiharlar demək olar ki, bütün ölkələrdə baş verir.  İntiharlara təsir edən bəzi amillərin mövcud olduğu qənaətindəyəm. Senzuranın olmadığı ölkəmizdə sosial şəbəkələrdə intiharların təbliği az qala genişlənir. Məktəblərimizdə psixoloqların olması, valideynlərin məktəblə sıx əlaqə saxlamaları vacibdir. Qeyri-hökumət təşkilatları maarifləndirici layihələr həyata keçirə bilərlər”.

 

Psixoloq Fərqanə Mehmanqızı isə qeyd edib ki, intiharlar göründüyü qədər deyil, əslində daha çoxdur: “Əminəm ki, heç bir jurnalist ”Semaşko” və yaxud digər xəstəxanaların toksikologiya, travmatologiya, reanimasiya şöbələrinə girib, oradakı intiharların statistikasını aparmayıb. Qanunla yazılanlar da, yazılmayanlar da var. Həmçinin ailə tərəfindən ört-basdır edilənlər var. Xüsusən də regionlarda ört-basdır edilən intiharlar çoxdur. Yəni bu gün doğrudan da dalğa böyükdür. Cəmiyyətdə həm daxili, həm də xarici aqressiya, panik atak, depressiya, xroniki depressiya mövcuddur. İntihar depressiyanın ağır formasının nəticəsidir. Karantinlər, pandemiyanın yaratdığı fəsadlar xüsusən psixoloji cəhətdən həssas olan insanlara mənfi təsir göstərib. Hətta psixoloji və mənəvi cəhətdən güclü olan insanlara belə pandemiya mənfi təsir göstərir. Bu gün heç kəs əminliklə deyə bilməz ki, həmin insanlar intihar edə bilməz. Çünki karantin, pandemiya dalğası davam edir. İnsanın xisləti cəzanı, hər hansı bir qanunauyğunluqları pozduğu zaman ən böyük cəzası həbs cəzası olub. Bu gün insanlar evlərinə həbs olunur və bu da şüuraltı azadlıqdan məhrum kimi qəbul olunur. Bunun verdiyi istər psixoloji, istərsə də maddi, iqtisadi travmalardan nə zaman azad olunacağımızı hələ bilmirəm.  Bəzən bu pandemiyanı üçüncü dünya müharibəsinə bənzədirəm. Bu savaşda kiminlə döyüşdüyümüzü belə bilmirik ki, ona uyğun silahlanaq. Son zamanlar intiharların çoxalmasına səbəb indiki durumdur. Təkcə intiharlar deyil, ailədaxili cinayətlər artıb. Onların böyük əksəriyyəti heç mətbuata sızmır”.

Fərqanə Mehmanqızı: “Bir ildə iki qəbul imtahanı verən uşaqda təbii ki, stres olacaq”

Fərqanə Mehmanqızı intiharların gəncləşməsindən də söz açdıı: “Ümumiyyətlə, ailədə üzvlər arasında psixoloji uyğunlaşma olmalıdır. Hər bir valideyn övladını tanımalı, əzbərləməli, onunla necə davranmalı olduğunu bilməlidir. Yəni valideyn övladına təsir etməyi bacarmalıdır. Bunu bacarmadıqda övlad valideyni dominant kimi qəbul etmir və psixoloji uyğunluq pozulur. Bunun nəticəsində bir-birini dinləmək istəmirlər. Ümumiyyətlə, bu gün cəmiyyət, ailə, fərd kimi eşidilməyə, dinlənilməyə ehtiyacımız var. Bizim ən böyük problemimiz dinlənilməməkdir”.

Psixoloq intihar xəbərlərinin mətbuatda ictimailəşdirilməsinə də münasibət bildirdi: “Bəzən görürsən ki, mətbuatda intiharla bağlı elə başlıqlar seçilir, sanki intihar edən şəxs haqlıdır. Və yaxud intihar edən şəxsi yazıq, günahsız kimi göstərirlər. Daha bir məsələ, intihar edən şəxsi təhqir etmək olmaz. Xəbər başlığını elə seçmək lazımdır ki, nə intihar xəbəri təqlin olunsun, nə də intihar edən şəxs ətrafında müzakirələr aparılsın. Hər bir intihar xəbərinin ardınca mütləq bu problemdən necə qaçmağın yolları haqda bildirilməlidir ki, insanlar intihardan çəkinsinlər”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da onu agent adlandırdı" - MÜSAHİBƏ

ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu isə bildirdi ki, intihar psixoloji problemlə bağlıdır: “Bu, elmi şəkildə sübut olunub. Yəni sağlam psixologiyaya malik olan insan heç vaxt intihar etməz. Çünki canlılığın əsas hədəfi ömrü mümkün qədər uzatmaqdır. Hətta bioloji varlıq olsaq belə çalışırıq ki, ömrümüzü uzadaq. Bu baxımdan bütün intihar edənlərin hər birinin bioqrafiyasını  araşdırsaq, görərik ki, onlarda ciddi psixoloji pozğunluq olub. Beləliklə, şəxsdə hansısa psixoloji problem olub və hansısa sosial məsələ onu provokasiya edib, bu zaman psixi pozğunluq aktivləşib, insan özünə qəsd edib. Hesab edirəm ki, gənclər arasında psixatrik və psixoloji yardım düzgün təşkil olunmalıdır. Eləcə də cəmiyyətə bu barədə çox ciddi şəkildə maarifləndirmə işi aparılmalıdır. İkinci bir tərəfdən, sosial faktorların provakatsiya etməsinin qarşısını almaq lazımdır. Məsələn, işsizlik, ailə problemləri ilə bağlı və sairə. Bu gün dünyada hər şeydən vacib psixoloji yardımdır. Dünyanın bir sıra ölkələrində ailə psixoloqları uşaq anadan olandan ona psixoloji yardım göstərir, daim yanında olur. Ölkəmizdə də psixoloji yardım işini genişləndirmək lazımdır. Daha bir məsələ, valideyn diqqət etməlidir ki, uşaq sosial şəbəkələrdə. Internet resuslarında az vaxt keçirsin, daha çox real ünsiyyətə üstünlük versin”.

Sərdar Cəlaloğlu intihar xəbərlərinin mətbuatda yayılmasına isə bu cür münasibət bildirdi: “İntiharlar hər zaman olub. Yəni insan yaranandan intihar da yaranıb.  Beləliklə, ölkəmizdə təkcə bu gün deyil, hər zaman intihar hadisələri baş verib. Sadəcə əvvəllər bu cür hadisələr mətbuatda çox da işıqlandırılmırdı. Mətbuatın yazması ilə intihar və digər cinayət işləri əməl gəlmir. Onu da qeyd edim ki, ölkəmizdə intihar məsələsi o qədər də təhlükəli həddə deyil. Avropada və digər Şərq ölkələrində intiharlar bizdəkindən qat-qat çoxdur”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir