irade isak

İradə İsaq: “Qorxularına qalib gəlməyən qadını xoşbəxtlik və uğur gözləmir” – MÜSAHİBƏ

Baxış sayı: 762

Qadınların karyerada qarşılaşdıqları problemlərdən söz açan İRİS Televiziya və Jurnalistika Məktəbinin rəhbəri, telejurnalist İradə İsaq hesab edir ki, güclü cəmiyyət güclü xanımların səyləri hesabına yaradılır.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən İradə İsakla müsahibəni təqdim edir:

– Özünü inkişaf etdirmək və hər işdə uğurlu olmaq istəyən qadın nədən başlamalıdır? Bu yolda qarşılaşdığı maneələri necə dəf edə bilər?

– Uğur hamıya nəsib olmur. Bu, təbiətin sənə sanki bir çağırışıdır. Maddi çətinlik içərisində bir çox qadın qıvrılır. Özünü işçi qafasında görən insanlar var ki, aldığı maaşa qane olur. Digər qrupu daha işgüzardır, karyeristdir. Hansısa dövlət işində vəzifə sahibi olmağa və irəli addımlamağa çalışır. Bu variant da mümkündür və dəfələrlə özünü doğruldub.

Başqa bir qrup insan da var ki, ancaq iş və biznes üzərində baş sındırır, öz yolunu bu istiqamətdə qurur. Həyatda öz yolunu tapmaq bu insanların əsas missiyasıdır. Mən də uzun illər belə bir insan olmuşam. Dərk etmişəm ki, özün qurduğu iş daha qiymətlidir. Bunun üçün qadın çox böyük bir yükün altına girməlidir. Bilirsiniz ki, karyerasını quran xanımlara ölkədə hələ də nə qədər qəribə münasibət var… Nəinki bu ölkədə, bütün dünyada belədir.

“Facebook”un Direktorlar Şurasının üzvü, “Facebook” tarixində yüksək postda çalışan ilk qadın Şeril Sendberqi misal çəkə bilərəm. Məsələn, o deyir ki, əgər qadınsınızsa və uğur qazanmısınızsa, kimsə onu sizə yaraşdırmaz. Arxada mütləq bir kişi axtaracaqlar. Uğur qazanan qadına ən yaxşı halda ifritə kimi baxırlar. İnsanlar inanmır ki, qadın özü sərbəst şəkildə uğur əldə edə bilər. Sendberq “Hərəkətə keçməkdən qorxma” kitabında Amerikada, hətta o şəraitdə qadın olmağın nə qədər çətin olduğunu vurğulayır. Bu ləkə orda da daim davam edir. Bəlkə də haqlıdır, çünki çox çətindir, hər qadın bunu bacarmır. Amma bacarmaq lazımdır. Bu, yalnız imkansızlıqdan atılan addım olmamalıdır. Hər bir xanım peşə sahibi olmalıdır, öz çörəyini qazanmalıdır.

Qadınlar ərlərindən iqtisadi cəhətdən asılıdır, bu mənada çox əziyyət çəkirlər. Ümumiyyətlə, qız uşaqlarının təhsil alması və bir peşə sahibi olması indiki dövrün ən mühüm məsələlərindən biridir. Bu, məndən əvvəl də dəfələrlə deyilib. Bəs qızlarımızın təhsil alması nə üçün lazımdır? Qapıda bir at olmalıdır, bu at qadının peşəsidir. İncidiləndə və bezdiriləndə çoxusu gedəcək yer tapmır, ana-ata qəbul etmir, deyir ki, boynumuza artıq yüksən. Qadınların əzilməsinin əsas səbəbi iqtisadi cəhətdən kişilərlə müqayisədə gücsüz olmasıdır. Odur ki, öhdəliyində uşaqları olan xanımlarımız iş qadını olmağa və ya öz işini qurmağa məcburdur. Ən azından çalışmağa məhkumdur. Çalışanda da “non-stop” demək olmaz. “Non-stop” dediyi an insan yıxılır, rəqiblər çoxdur. Birincisi, başlamaq ayrı bir zülmdür, ikincisi, meydana girmisənsə, rəqiblərinlə başa çıxmağı öyrənməlisən. Sən bu yolda yenisən, onlarsa yüz ildir ki, bu işi yürüdür, səndən çox irəlidədirlər. Fikirləşirsən ki, nə zaman onların uğurlarına çata bilərsən. Əmin olun ki, çata bilərsiniz. Bunun üçün işinizin keyfiyyətini ortaya qoyun. İstəyirəm ki, qadın ikiqat qoçaq olsun, öz inkişafı üzərində daha çox çalışsın. Elə nüfuzlu insanlar var ki, həyat yoldaşları da onlarla bərabər çiyin-çiyinə işləyir. Ölkənin birinci xanımı Mehriban Əliyeva ən gözəl nümunədir. Odur ki, əliboş oturmaq olmaz, daim həyat yoldaşından iqtisadi baxımdan asılı olmaq yaxşı hal deyil.

Allah canını sağ etsin, uşaqlarımın atasıdır, amma mənim də öz uğurlarım olmalıdır. Çünki uğurları olan adama həyat yoldaşı da daxil olmaqla, hamı hörmət edir. Biləsiniz ki, kişilər uğurlu qadından asanlıqla boşanmırlar. Kim “qızıl” yumurtlayan toyuğu və ya süd verən inəyi kəsər ki? Həm ailədə, həm də cəmiyyətdə hörmətli olurlar. Əlbəttə ki, əvvəlcə çətin olacaq, özlərindən yeni bir insan düzəltməyi bacarmalıdırlar. Üstəlik, uşaq varsa, xarakter qoymaq lazımdır ortaya. Həyat yoldaşlarınız ilk vaxtlarda mane olmağa çalışsa da, evə pul gəlməyə başlayanda dayanacaqlar. Həm ailə büdcəsinə kömək olacaq, həm də qadın artıq özünü təsdiqləyəcək. Kişi də görəcək ki, burada heç bir qəbahət yoxdur.

Biznesdə belə bir qayda var: Əgər sənə pul lazımdırsa, öz biznesini aç. Əgər pul təcili lazımdırsa, onda təcili aç. Buradan o nəticəyə gəlirik ki, özünü inkişaf etdirmək, xarakter ortaya qoymaq lazımdır. Tək qadınsınızsa, güclü olmağa ikiqat məhkumsunuz.

– Azərbaycanda uğurlu karyera qurmaq qadın, ya kişi üçün daha asandır?

– Qadın olmaq çətindir, xüsusən bizim ölkədə. Dilemma şəklində qurmayaq, sualın içindədir cavab. Qadın müstəqillik qazanarsa, nəzarət altında olmaqdan, asılılıqdan qurtular. Kişi eqoizmi heç vaxt bitmir. Hətta təhsilin ən yüksək səviyyəsində olan insanlar da bəzən qadının karyera qurmasına qarşı çıxır.

Adını çəkmək istəmədiyim bir eks deputat prezidentliyə namizədliyini irəli sürmüşdü. Seçki günü bütün namizədlərin xanımı gəlmişdi, ondan başqa. Bu barədə yazımda da qeyd etmişdim ki, qadınlara normal münasibət göstərirmiş kimi tanıdığımız adamın həyat yoldaşını niyə heç kim tanımır və görməyib? Bildiyim qədər, o insan işçilərinin ailə və toy məclislərinə də həyat yoldaşını aparmır. Qadını əsarəti altında saxlamaq istəyi kişinin fəlsəfəsində var. Amma müdrik və təhsilli ailə başçıları başa düşürlər ki, qadın çalışmalıdır.

– Bütün uğurlu xanımları birləşdirən ortaq xüsusiyyət və dəyərlər hansılardır?

– Güclü xarakter, sarsılmaz iradə, güclü əzm! Belə xanımlarla söhbət etsəniz, görəcəksiniz ki, hər birinin özünəməxsus güclü tərəfləri var, qarşınızda zəif adam yoxdur. Allah kişiyə riyazi və daha rasional düşünən bir beyin verib. Qadın beyni daha emosional düşünür. Lakin iş dünyasına atılanda, zirvəyə qalxanda artıq qadın da kişilər kimi rasional düşünməyə başlayır, iş dünyasının prinsipləri icazə vermir ki, qadın emosionallığa düşsün. Uğurlu qadın emosional düşünməyi tərgitməlidir. Bəzi məsələlərdə kişilər kimi qərar vermək lazım gələcək. Görəcəklər ki, çox kişilərdən də daha dəyanətli qadın ola bilirlər. Təsadüfi deyil ki, belə qadınlar haqqında “dəmir ledi” və ya “kişi kimi qadın” sözləri işlədilir. Çünki o xüsusiyyətləri özündə birləşdirir. Belə xanımlar xaraktercə hamısı bir-birinə bənzəyir, sanki eyni məktəbdə təhsil alıblar. Bioqrafiyalarında da ortaq keyfiyyətlər təsvir edilib, necə qoçaq, cəld, aktiv və çalışqan olublar. Bu keyfiyyətləri sonradan qazanmaq olmur, xarakter məsələsidir, genin özündə olur.

 

 

– Əlçatmazı əlçatan etmək üçün supergücə sahib olmalısan, ya sadəcə özünə inanmaq kifayət edir?

– Supergüc elə özünəinamdır. Əslində, özünəinam qeyri-dəqiq sözdür. Sadəcə, gördüyün işin keyfiyyətinə inanmalısan. Karyera qurmaq istəyən hər bir qadın özünə nə istədiyini və nəyi bacardığını sual verməlidir. Çünki biznesin ilk istehsalçısı özün olacaqsan. Toxucusansa, bu işi ilk özün görməyə başlayacaqsan. Bir müddət sonra müştəri axtaracaqsan. Müştəri axtaranda toxucu kimi effektli olmayacaqsan, odur ki, əlavə işçi götürəcəksən və işin yüngülləşəcək. Bir müddət sonra əlavə işçi də gələcək, beləliklə, biznesin daha da böyüyəcək və bir müddət sonra sifarişçi də axtarmayacaqsan, sadəcə ümumi işə nəzarət və rəhbərlik edəcəksən. Kimsə uğurlu restoran biznesi qurubsa, bu o demək deyil ki, hamı bu yolla varlana bilər. Restoran sahibləri o halda yaxşı qazanır ki, işi xırdalıqlarına qədər bilirlər. Təməlini bilməlisən ki, o işi yürüdə biləsən, yoxsa sizi aldadacaqlar. Əvvəlcə təcrübə yığmalı və sıfırdan öyrənməlisən ki, işi qura biləsən. Müəyyən qədər pul yığmaq və ya bankdan kredit də almaq olar. Ümumiyyətlə, uğurlu biznesin müxtəlif yolları var və hamısı da keçərlidir. Təbii ki, yeni başlayanda az pul qazanacaqsınız, amma işinizi düz aparsanız, az qazansanız da, uğursuzluqla rastlaşmaq ehtimalı azdır. Əgər ən uğurlu vaxtında işinizə bir az laqeyd yanaşsanız, bu halda ən böyük şirkətlər belə iflasa uğrayır.

– İnsanların, xüsusilə xanımların çoxu nə istədiyini deməkdən qorxur, bu səbəbdən də istədiklərini əldə edə bilmirlər. Qorxularına qalib gələ bilməyən xanımlara nə tövsiyə edərdiniz?

– Qorxularına qalib gəlməyən nəinki qadın, insan da heç vaxt xoşbəxt ola bilməyəcək. Taleyinə boyun əyən adamları xoşbəxtlik və uğur gözləmir. Özüm də çox əziyyət çəkmişəm, bunu dilə gətirməkdən də utanmamışam, amma içindən sıyrılmışam. Necə olur ki, pis həyat səni bezdirmir? Nə qədər dilənçi ruhunda yaşamaq olar? Oğluma uşaq vaxtı kimsə pul vermək istəyəndə pis olurdum. Bu gün heç kim deyə bilməz ki, İradənin oğluna pul vermişəm. Çünki icazə verməmişəm, oğluma da demişəm ki, gözünü yığ. Kasıb vaxtlarımda belə heç kimə “vızov” atmamışam. Amma yaşlı kişilərin indi də zəng edib söndürdüyünü görürəm. Demək istədiyim odur ki, qorxursansa, o həyatı yaşamağa layiqsən və məhkumsan. Ədəbiyyatda küllərindən doğulmaq ifadəsi var. Yalnız küllərindən törəyən, sıfırdan qalxan adamlar uğurlu olur. Məsələn, İlon Mask bu gün dünyanın ən nüfuzlu iş adamlarından biridir. O, bəlkə də azı 20 dəfə küllərindən doğulub, sıfıra enib, qəpiksiz qalıb. Trampın şirkəti böyük inflyasiyaya məruz qalıb.

Qorxursansa, qadın kimi səni həmişə istismar edəcəklər, sənə heç bir pislik etməsələr də, niyə əziyyət içində yaşamağa razı olasan ki? Hamının ona qüdrəti çatmır, lakin çətin olsa da, hər yolu sınamalıyıq ki, o vəziyyətdən çıxaq. İnsan istəsə, ölüm döşəyindən də çıxıb zirvəyə qalxa bilər. Dünyada bununla bağlı saysız-hesabsız nümunələr var. Deməsinlər ki, danışmaq asandır. Ən pis günü də görmüşəm, çox kasıb bir ailədə dünyaya gəlmişəm. O yağışlar bizim də evimizə damıb, yorğan-döşəyimiz suyun içində qalıb. Dilənçinin yanından qəpik vermədən keçmirəm, bilirəm ki, çarəsiz, çörəksiz və ac qalmaq nə deməkdir. Həm də onu bilirəm ki, bu vəziyyətdən çıxmaq mümkündür.

 Qeyd etdiniz ki, uğur qazanan qadına ən yaxşı halda ifritə kimi baxırlar. Səbəbini nə ilə izah etmək olar, bu, kişi qısqanclığıdır, ya qadın paxıllığı?

– “İfritə” artıq yaxşı mənada işlənməyə başlayıb, özünə müsbət çalar qazanıb. Düşünürlər ki, ifritə olmayan qadın irəli gedə bilməz. Bəlkə də həqiqət payı var, sözün özündə güc var. Qadın öz təbiətindən fərqli güc və qüvvə ortaya qoyanda bu, hər kəsi, xüsusilə kişiləri qorxudur və təəccübləndirir. Bu, kişi qısqanclığı da deyil, əlimdən çıxar, daha yuxarı qalxar və mən onun vəziyyətinə düşərəm, məndən də güclü olar qorxusudur. Problem sadəcə bundadır. Qadının zirvəyə qalxması o demək deyil ki, yanındakını əzməlidir. Təbii ki, həyat yoldaşınızın sizə göstərdiyi hörməti qorumalısınız. Uğurları çiyin-çiyinə birlikdə qazanan cütlüklərə heyranam, belə ailə biznesləri illərlə davam edir, addımları bir atırlar. Nə qadın kişinin gününü göy əskiyə bükür, nə də kişi qadına əngəl olur, 5 manat qazandığı pulu sevinclə xərcləyirlər. Belə cütlüklər və blogerləri bəyənirəm. Çünki qadın o kişinin yanında çiçək açır. Şükür ki, belə cütlüklər var, gənclərimizdən bu mənada razıyam. “Yox”lar əvvəlki nəsildə var idi, cavan nəsil o adət-ənənələrin izi ilə getmir. Kişinin həyat yoldaşının öz işində uğur qazanmasına yol açması möhtəşəmdir.

Mız-mız adam işdə də, evdə də, istirahət yerində belə sizi incidəcək. Onun mız-mızı həmişə özü ilə gəzir. Belələri toksik insanlardır, onlardan uzaq durun, əks halda sizi zəhərləyəcək, qadınları xüsusən əzib keçirlər. Əgər bir kişi “Sən nə qanırsan? Bunu başa düşməyinə hələ çox var” deyirsə, deməli, sizi manipulyasiya və gizli idarə edir. Çünki o, qorxur. Sözlər insanın düşüncələrini ələ verən kodlardır. Qadının qarşısını kəsən, əngəl olan, qadağa qoyan, kömək etməyən, arxasında durmayan, etinasız yanaşan, yanında dayanmayan kişilərin böyük əksəriyyəti kompleksdən əziyyət çəkirlər.

– İşdə cinsi ayrıseçkiliklə rastlaşmısınız?

– Təbii ki, rastlaşmışam. Cavan qız idim, istedadlı qələmim var idi. İşlədiyim qəzetlərdə yazılarımı az çap edirdilər və oğlanlara bizdən çox pul verirdilər. Televiziyada da kişi işçilərə daha çox üstünlük verilirdi. Müdirlər deyirdilər ki, ərə gedəcək, uşaq doğacaq, 2 il analıq məzuniyyətinə çıxacaq, sonra deyəcək ki, uşağım balacadır. Bu kimi səbəblərə görə qadın işçilərə daha soyuq münasibət görürdüm. Fikir versəniz, karyerist xanımların çoxu gec ailə qurub, ya da qurmayıblar. Seçim qarşısında qalıblar, biliblər ki, ailə qurandan sonra ən azı 5-6 il iş həyatından uzaqlaşmalıdırlar. Ambisiyalı qadın işindən necə uzaq dursun? Ya ömrünü belə bada verir, ya da o mübarizədə davam gətirmək üçün gec ailə qurur. Təbii ki, şanslıları da var, amma öz gücü ilə ayaq üstə duranların çoxu bu faciəni yaşayıb.

– Balzak deyir ki, qadın onu problemlərdən xilas edən kişiyə aid olmalıdır. Siz nə düşünürsünüz?

– Qadının kiməsə aid olması absurd fikirdir. Balzak kimi nəhəng bir yazıçı belə bir söz deyə bilməz. Qadın özünə aid olmalıdır. Həyat yoldaşınız yaxşı qazanırsa, bu, əladır. Sabah başına bir iş gəlsə, qəzaya düşsə, dünyasını dəyişsə və ya boşansa, bu qadın nə edəcək? Kişinin zəngin olması bəlkə də daha təhlükəlidir, başqa biri ilə münasibət qurmaq ehtimalı daha yüksəkdir. Az və ya çox, istənilən halda qadının, insanın öz büdcəsi olmalıdır. Niyə səni başqası saxlasın ki? Başqası qədər ömrün var. O başqasının havası ilə oynamaq da ayrı bir işgəncədir. İstəməzdim ki, heç kim övladından, hətta ata-anasından da pula görə asılı olsun.

Feminizmi qəti dəstəkləmirəm, gender bərabərliyinin tərəfdarıyam. İnsanıq, kişinin gözü qadından artıq deyil ki, hamımızda hər şey bərabərdir. Sadəcə cins olaraq ayrıyıq. Kişi fiziki baxımdan, qadın da digər tərəfdən güclü yaradılıb. Fiziki baxımdan kişilər güclüdür, lakin bu o demək deyil ki, qadın üzərində hegemonluq edə bilər. Kişinin qadından əvvəl yaradıldığına inanmıram, biz bərabər yaradılmışıq.

Qadın öz ayaqları üstündə dayanmağı bacarmalıdır, tövsiyəm odur ki, uğurlu və varlı bir insanla ailə qurmağı arzulamayın. O varlı oğlanın milyon dərdi var. Mənim dünyamda güclü qadın və güclü ailə ağıllı övladın yetişməsinin əsas səbəbkarıdır. Gözəl və inkişaf etmiş cəmiyyətdə yaşamaq istəyiriksə, qadınların irəli getməsinə şərait yaratmalıyıq. Rəhbər vəzifələrdə qadınların sayı artmalıdır, süni şəkildə artım yox, sən öz gücünə nail olmalısan. Məsələn, Qənirə Paşayeva jurnalist olmaq istəyən nə qədər qızlarımıza örnəkdir. Və yaxud özümə deyiblər ki, qızımın sizin kimi aparıcı olmasını istərdim. Niyə də olmasın? Güclü qadınlarla daha gözəl cəmiyyət quracağıq, nəinki qorxaq, zəif və bədbəxt qadınlarla.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir