ish

İş axtaran yox, axtarılan işçi olmaq üçün nə etməli?

Baxış sayı: 1. 394

Karyera yolunun əvvəlində hər kəs iş axtarır, çünki bir yerdən başlamaq lazımdır. Bir az gec, bir az tez hər kəs iş tapır. Amma bu, sadəcə yolun başlanğıcıdır, əsas olan isə davamı necə gətirməkdir. Bax, bu, hər kəsdə fərqli şəkildə özünü göstərir. Kimi bunu alındıra bilmir, kimi də normal CV formalaşdırıb növbəti işlərə rahatlıqla müraciət edə bilir. Amma bir qrup da var ki, onlar işi yox, iş onları axtarır, iş dəyişmələri əsasən, gələn təklifləri dəyərləndirməklə baş verir.

Əslində, hər bir şəxs belə bir işçi olmağı arzulayar. Maraqlıdır, bəs bu, necə olur? Hər kəs axtarılan kadr ola bilərmi?

 

Düzgün peşə seçimi

Karyerada yolunda ilk addım peşə seçimidir. Kadr hazırlığı üzrə mütəxəssis, psixoloq Orxan Oruc deyir ki, axtarılan kadr olmaq üçün ilk növbədə ixtisas seçimindən başlamaq lazımdır: “Hər dövrün müəyyən məşhur ixtisasları olur və çox adam seçim zamanı buna önəm verir. Amma populyarlığın meyarları heç də o sahədə olan tələblə müəyyənləşmir. Hansısa sahə məşhur olanda o istiqamətə yönələnlərin sayı da çoxalır və bir müddət sonra o ixtisas üzrə kadr da lazım olandan artıq olur. İnsanlar məşhur sahələrə gedirlər, amma gələcəkdə iş məsələsini də düşünmək lazımdır. Axtarılan işçi olmaq üçün ilk növbədə spesifik sahələr seçilməlidir. Spesifik sahədə ixtisaslaşmağa başlamaq, o ixtisasın peşəkarı olmaq önəmlidir”.

Özünü satmaq bacarığı

Orxan Oruc hesab edir ki, hər kəs bir növ özünün marketoloqu olmalı, təqdimatını gözəl şəkildə aparmalıdır: “Elə insan var ki, sahəsinin peşəkarıdır, amma özünü təqdimetmə forması doğru olmadığı üçün heç də bacarığını düzgün göstərə bilmir. Bəzən bacarığı zəif olan özünü elə formada təqdim edir ki, diqqəti daha tez çəkir. Ona görə insanlar özlərini təqdimetmə formalarına da diqqətlə yanaşmalıdırlar”.

 

Ekspert, dosent İsa Qasımovun fikrincə, insanın özünü bazara təqdimetmə qabiliyyətindən çox şey asılıdır: “Çox yüksək bacarığa malik olmayan biri özünü bazara yüksək qiymətə satırsa, burda təşəbbüskarlıq amili ortaya çıxır. Təşəbbüskar davranışları ilə fərqlənən insanlar həm öz bilik və bacarıqlarını inkişaf etdirirlər, həm də özlərini bazara baha sata bilirlər”.

Daha bir məsələ özünü bazara çıxarmağı bacarmaqdır. Peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev deyir ki, müasir iş dünyasında bilik, savad və təcrübə ilə kifayətlənmək olmaz. Həm də özünü təqdim etməyi, bir növ satmağı da bacarmalısan: “İş dünyasında artıq bilik, savad və təcrübə yetərli deyil, həm də bunları doğru şəkildə, doğru zamanda, doğru insanlara, doğru tərzdə təqdim edə bilməlisən. Bu, olduqca vacib xüsusiyyətdir. Azərbaycanda ünsiyyət qurma, özünü təqdim etmə, özünü göstərmə və sata bilmədə zəif olan onlarla savadlı insan tanıyıram ki, iş həyatında uğurlu ola bilmirlər. Peşəkar olaraq inkişaf edir, amma karyerada heç də bu inkişaf özünü göstərmir. İnsan həm də özünü təqdim etməyi bacarmalıdır”.

 

“Təşəbbüskar insanlar şirkətlərə hər zaman lazımdır”

İ.Qasımov deyir ki, şirkətlər problem həll edənləri, təşəbbüskarları axtarırlar: “Ümumiyyətlə, şirkətlərdə iki tip işçi olur. Birincisi, verilən tapşırığı yerinə yetirənlər. Bu qismin özü də bir neçə yerə bölünə bilir. Tapşırığı vaxtında dəqiq yerinə yetirənlər, yarımçıq edənlər, bir neçə dəfə deyəndən sonra işi görənlər və s. İkinci tip işçilər isə problem həll edənlərdir. Onlar şirkətin maraqlarına uyğun araşdırmalar aparırlar, yeni həll yolları təklif edirlər. Bu kimi şeylər şirkətə mənfəət qazandırır, reytinq gətirir və s. Araşdırmaçı, yenilikçi, təşəbbüskar insanlar şirkətlərə hər zaman lazımdır. Rəqabət mühiti güclü olanda bu cür kadrları şirkətlər özləri cəlb etməkdə maraqlı olurlar, axtarıb tapırlar”.

İ.Qasımov qeyd etdi ki, təşəbbüskar adamların özlərini göstərməsi üçün uyğun mühit də olmalıdır: “Tək insanın özü ilə də olmur, çalışdığı mühit də təşəbbüskarlığa zəmin yaratmalıdır. Təşəbbüskar adam elə mühitə düşə bilər ki, orda təşəbbüskarlığına görə neqativ məqamlar ortaya çıxar. Elə mühit var ki, təşəbbüskar adam təşəbbüsləri ilə həm şirkətə xeyir gətirir, həm də özünü inkişaf etdirir. Düzdür, təşəbbüslərin riskləri də var. Amma böyük şirkətlər işçilərin təkliflərinə önəm verirlər. Şirkətlər 1 verib 5 tələb etməməlidirlər. Onlar da təşəbbüskarlıq üçün mühit yaratmalıdırlar”.

 

Öz üzərində işləmək…

F.Ağayev hesab edir ki, tələb olunan mütəxəssis olmaq yüz faiz insanın özünə bağlıdır: “Bu, istənilən ölkədə keçərlidir. Yaşından, tutduğu vəzifədən, maddi imkanlarından asılı olmauaraq iş dünyasında axtarılan insan olmaq üçün ilk növbədə davamlı olaraq kadrlar peşəkar inkişafları üzərində işləməlidirlər. Yəni, bu gün böyük şirkətdə direktor olsan da, davamlı şəkildə gündəlik iş dünyasında meydana gələn yeniliklərdən nəinki xəbərdar olmalı, həm də öyrənəli, tətbiq etməlisən. Mütəxəssis olaraq rəqabət gücünü itirməməlisən”.

 

O.Oruc da hesab edir ki, istənilən sahədə axtarılan kadr olmaq üçün insan öz üzərində işləməlidir: “Ümumilikdə isə spesifik və ya məşhur ixtisas olmasından asılı olmayaraq, əzmkar, öz üzərində işləyən, gördüyü işi daha yaxşı etmək üçün çalışanlar istənilən sahədə irəli gedə bilərlər”.

 

İ.Qasımov da deyir ki, xarakter nə qədər əhəmiyyətli olsa da, insanın özündən çox şey asılıdır: “Xarakter əhəmiyyətlidir və insanın formalaşmasında başlıca rol oynayır. Amma kiminsə xarakteri bazarın şərtlərinə uyğun deyilsə, öz iradəsi ilə çox şeyi dəyişə bilər. İnsan oxuyaraq, bazarın mexanizmlərini öyrənərək özünü yetişdirib inkişaf etdirə bilər. Belə nümunələr var”.

Öz brendin

İnsan Resursları üzrə mütəxəssis Firuzə Məmmədovanın sözlərinə görə, işəgötürənlərin daha yaxşı imkan və şərtlər təklif edərək sizi axtarıb, cəlb etmələrinə nail olmaq üçün bəzi tövsiyələrə əməl etməlisiniz. Bunlardan biri şəxsi brendin üzərində işləməkdir: “Şəxsi brendın yaradılmasına bir neçə yolla nail olmaq olar, belə ki, konfranslar və dəyirmi masalarda aktiv iştirak etmək, professional resurs üzərində bloq yaradaraq orada məqalələr yazmaq, peşəkar və populyar mövzularda müzakirələrə qoşulmaq, qüsursuz nüfuza malik olmaq, bilikləri daim genişləndirərək təhsilinə diqqət yetirmək, öyrənməyə meyilli olmaq, imicin üzərində işləmək və s.

Bütün bunlar şəxsi brendinizin tələb olunan formaya salınmasında kömək edən amillərdir. Lakin forma üzərində işləyərkən məzmunu unutmamaq çox vacibdir. Qazandığınız təcrübə sözsüz ki, sizin işinizin nəticəsinin göstəricisidir və bu, sizin biznes aləminə mənsubiyyətinizi göstərəcək, amma sizin bir peşəkar kimi tanınmanız üçün kifayət deyil. Burada vacib olan məqam öz təcrübənizi təhlil edərək, orada unikal hesab etdiyiniz məqamları önə çəkərək vurğulamaqdır. Güclü kompetensiyalar və bazarın tələblərinə cavab vermək – bütün dünyada işəgötürənlər buna görə mübarizə aparacaq”.

F.Ağayev isə bildirdi ki, şəxsi brendini formalaşdırmaq üçün insanın peşəkar əhatəsi olmalıdır: “İstənilən insan 30 yaşdan sonra ancaq bilik və bacarıqları ilə seçilməli deyil, həm də özünü brend olaraq ortaya çıxara bilməlidir. Burada isə önəmli məsələ peşəkar əhatənin formalaşdırılmasıdır. Qərb iş dünyasında buna netvörkinq deyilir. Biz peşəkar əhatəmizi də gücləndirməliyik”.

 

Seçilmək

F.Ağayev qeyd etdi ki, insan iki sualı özünə verməli və cavabına baxmalıdır: “İş dünyasında axtarılan kadr olmaq istəyən yaşından asılı olmadan hər kəsə iki vacib sualı özlərinə verməyi tövsiyə edirəm. Birincisi, hər axşam yatağa girəndə sual versin: Son 24 saat ərzində gələcək peşəkar həyatım, inkişafım üçün nələr etmişəm? Bir də hər kəs özünə hər həftə sual verməlidir: Məni olduğum sahədəki 1000 nəfər mütəxəssisdən fərqləndirən nədir? Mən 1000 nəfərdən 1-iyəm, yoxsa fərqliyəm? Yəni, seçilən, axtarılan mütəxəssisəm? Təbii ki, bu 1000 rəqəmi ölkənin miqyasına görə dəyişir. Miqyasa görə 1000, 10 000, 100 000 kadrın içində fərqlənməlidir ki, axtarılan, seçilən olsun”.

Bəxt
Bəzən isə işgüzar aləmdə tələb olan adamlarla bağlı “bəxti var”, “adamda gərək naxış olsun” kimi fikirlər səsləndirirlər. F.Ağayev bu mövzuya da toxundu: “Bəlkə də bəxt var, amma mən 25-30 yaşımda necə bilim ki, bəxtim var, yoxsa yox? Ona görə, işi bəxtə buraxmaq olmaz. Bəlkə də bəxt var, amma mən işi bəxtə buraxım, bir də 50 yaşımda oyanım ki, aaa məndə bəxt yoxuymuş ki. İşin zəmanətli yolu çalışmaqdır. Mən bəxtə inanmıram. İndiyə qədər əldə etdiyim uğurlarım bəxtin nəticəsi deyil. Təcrübəmdən bir misal çəkim. Deməli, marafonda 42 km qaçmağa hazırlaşırdım. Müxtəlif səbəblərə görə iki dəfə gedə bilmədim. 3-cü dəfə isə yarışdan 3 gün öncə dizimdə problem yarandı deyə, gedə bilmədim. Dizim əməliyyat olundu, bir il əsayla gəzdim. Həmin müddətdə mənimlə görüşən çox adam axsayan ayağıma baxaraq deyirdi ki, idman budur, gördün nə təsirləri olur? Hər kəs bu mövzuda mənimlə zarafatlaşırdı. Amma bir il sonra 5 dəqiqə qaçmağa başladım, sonra 6 dəqiqə, sonra 10 və artırdım. Bir il də məşq etdikdən sonra İstanbulda 42 km marafonu bitirib Azərbaycana medalla döndüm. Məni əvvəllər qınayanlar “Fəxrinin həmişə bəxti gətirib” dedilər. Cəmiyyət sizin uğurlarınızı bəxtə bağlayacaq. Bəxt o zaman olardı ki, məşq etməzdim, oturub medalımı alardım”.
Müsahiblərin fikirlərindən də görünür ki, insanın özündən çox şey asılıdır. Yəni, insan istəsə, bunun üçün çalışsa, çox şey edə bilər. (“Kaspi.az”)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir