is gorusmesi

İş axtarırsınızsa, belə geyinin – TÖVSİYƏ

Baxış sayı: 1. 508

İşinizi itirmisiniz və iş axtarırsınız. Sizi işə qəbul etmək üçün işgüzar görüşə çağırırlar. Belə hallarda geyiminizin sizi işə qəbul etmək istəyən adama necə təsir göstərməsindən çox şey asılıdır. Çünki sizin hansı cavabı almağınızda ilk təəssürat çox vacibdir. Təbii ki, burada geyiminizlə yanaşı saçınızın, saatınızın, hətta çantanızın da rolu çox böyükdür. Geyiminizin ətrafınızdakı insanlara, həmçinin sizin işgüzar həyatınıza təsirindän isə yəqin ki, uzun-uzadı danışmağa ehtiyac yoxdur. Digər tərəfdən, bu da bir həqiqətdir ki, tarix boyu geyimlər insanların kimliyindən xəbər verib. Hətta, bəzi ölkələrdə hər kəsin öz təbəqəsinə görə geyimi olub. Həmçinin, bu geyimlər qanun tərəfindən müəyyän edilib. İnsanlar bir-biriləri ilə geyimlərin dili ilə danışıblar. Əslində, bu gün üçün də eyni şeyi demək olar. Ona görə də, cəmiyyətdə uğur qazanmaq istəyənlər bu dili öyrənməyə məcburdurlar.

Digər tərəfdən, geyimdə bu günün sözü ilə desək aksesuarların da çox böyük əhəmiyyəti var. Məsələn, bir işgüzar görüşə getdikdə saatınızı, gündəliyinizi, çantanızı çox diqqətlə seçməlisiniz. Və ya heç vaxt yeni tanış olacağınız adamın qarşısına adi qələmlə çıxmamalısınız.

Bundan başqa, geyimdə rənglərin də öz xüsusi yeri var. İlk növbədə, rənglər sizin təqdim etmək istədiyiniz imiclə üst-üstə düşməlidir. Məsələn, qara rəng sizin nüfuz sahibi olduğunuzu göstərsə də, eyni zamanda sizin insanlardan uzaq olduğunuzu ifadə edir. Sizin peşəkarlığınızdan xəbər verən mavi və boz rənglər isə qara rəngdən fərqli olaraq insanlara daha yaxın olduğunuzu göstərir. Açıq qəhvəyi rəng qeyri-səmimiliyi ifadə edir. Qəhvəyi rəngə gəldikdə isə, iş arzusunda olanlar mümkün qədər bu rəngdən uzaq olmağa çalışmalıdırlar. Nə qədər qəribə görünsə də, geyimdə corabların rəngi də çox vacibdir. Məsələn, kimsə sizə üstündə qırmızı naxışları olan yaşıl rəngli corab hədiyyə edibsə, yaxşısı budur bu corabları iş yerində yox, evdə geyinəsiniz.

Ümumiyyətlə, çalışın ki, geyim məsələsində xəsislik etməyəsiniz. Həmişə ən keyfiyyətli köynəyi və qalstuku seçin. Çünki köynək və qalstuk geyiminizin ən mühüm elementləridir. Üstəlik, köynək pambıq olsa, daha yaxşı olar. Qalstuk üçün konkret material təklif olunmasa da, mümkün qədər köynəyə uyğun qalstuk seçilməlidir. Qalstukla köynəyin yaxalığının uyğun olmasına da diqqət yetirmək lazımdır. Çalışın, qısa qollu köynək geyməyəsiniz. Əgər buna ehtiyac varsa, yaxşısı budur, köynəyinizin qollarını qatlayasınız. Yaxşı olar ki, üçü ağ və ya krem rəngində olmaq şərti ilə ən azı beş iş köynəyiniz olsun. Geyiminiz qədər saçlarınızın da qayğısına qalmağı unutmayın. Saçlarınızı təcrübədən keçirdiyiniz, inandığınız bərbərdə kəsdirin. Əgər bütün bunlardan sonra yenə iş tapmaqda çətinlik çəkirsinizsə, narahat olmayın. Çünki yaxşı geyinmək qədər insanın əhvali-ruhiyyəsini yüksəldən ikinci bir şey çətin ki, olsun.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir