is

İş tapmaq üçün bacarığın, yoxsa adamın olmalıdır? – POLEMİKA

Baxış sayı: 166

“İş insanın cövhəridir”, “işləməyən dişləməz”. İş haqqında olan bu kimi hikmətli sözlər və aforizmləri saymaqla bitməz. Deyilən bu sözlərin üstündən min illər keçsə də, dəyişməyən yeganə həqiqət var ki, işləmədən yaşamaq mümkün deyil. Müasir dövrdə isə işimiz həyatımızın ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın bu qədər sürətli inkişaf etdiyi, şirkətlər, insanlar arasında rəqabətin artdığı bir dövrdə işə ehtiyac da təbii olaraq artır.

Bəzən gənclər üçün iş tapmaq əsl müşkülə çevrilir. Bəziləri deyir ki, hansısa şirkətdə böyük vəzifədə çalışan bir tanışın yoxdursa, iş axtarmağın heç bir mənası yoxdur. Hara getsən, bütün qapılar üzünə bağlanır. Digər bir qisim isə fikirləşir ki, əgər yaxşı mütəxəssissənsə, iş özü səni tapacaq. Bəs gənclərimiz bu haqda nə fikirləşir? Tanış, tapşırıq olmadan iş tapmaq mümkündür, ya yox?

 
“Hər iki variant keçərlidir”
 
Gülşən Mehdiyeva, jurnalist
 
Gülşən deyir ki, hər iki hal mümkündür. Həmsöhbətim uzun müddət işsiz qaldıqdan sonra ilk iş təcrübəsinə tanışı sayəsində başlayıb: “Mən universiteti bitirdikdən sonra uzun müddət işsiz qaldım. Çünki heç bir iş təcrübəm yox idi. Bir neçə dəfə cəhd etsəm də, özümə uyğun iş tapa bilmirdim. Hətta buna görə bir müddət ciddi depressiyaya da düşdüm. Düzünü desəm, ilk işimə tanışlıq vasitəsilə düzəlmişəm. Yəni belə demək olarsa, istəməsəm də, bu işə getməyə məcbur oldum. Orada cəmi 2 ay işlədim. İlk işimdən ayrıldıqdan sonra isə bir neçə dəfə cəhd elədim, müxtəlif şirkətlərə öz CV-lərimi göndərdim. Nəhayət, hazırda işlədiyim şirkət CV-mə baxıb məni işə qəbul etdi. Yəni, buraya heç tanışlıq, tapşırıq olmadan düzəldim. Demək istədiyim odur ki, bizdə hər iki hal mümkündür”.

Günel onu da əlavə etdi ki, amma ümumilikdə götürəndə, Azərbaycanda tanışlıq vasitəsilə işə düzələnlər digərlərinə nisbətən daha çoxdur: “Bir müddətdən sonra insanlar istər-istəməz tanışa müraciət etməyə məcbur olurlar. Çünki indiki dövrdə işsiz qalmaq çox ciddi problemdir. Məsələn, mən özüm də bu işdən çıxsam, yeni bir iş tapıb-tapmayacağıma əmin deyiləm və buna görə narahatam. Bütün hallarda fikirləşirəm ki, insan tanışsız, tapşırıqsız qəbul olduğu iş mühitində özünü daha rahat hiss edir. Bunu öz təcrübəmdən deyirəm. İnsan hansısa tanışına yox, öz potensialına, gördüyü işə arxayın olmalıdır. Bunun üçün çalışmaq daha doğru və ədalətlidir deyə düşünürəm”.

“Tanışlıqla işə düzələn kiminsə haqqını yeyir”
 
Elina Qazıyeva, tələbə


Elina deyir ki, işi tanışımız yox, özümüz tapmalıyıq. Kimdənsə iş istəmək qətiyyən düzgün deyil: “Hesab edirəm ki, universiteti yeni bitirən, təcrübəsi az olan gənclər üçün iş tapmaq çətin olur. CV göndərdiyin şirkətlər çox vaxt səndən iş təcrübəsi tələb edir. Yəni, kifayət qədər iş təcrübəsi olan şəxsin işə qəbul olmaq şansı daha yüksəkdir. Bəzən iş axtarışları müsbət nəticə verməyən gənclər məcbur qalıb tanışlarından kömək istəyir. Bu, geniş yayılmış bir iş tapma üsuldur. Amma bunun çox ədalətli olduğunu düşünmürəm. Çünki tanışının tapşırığı ilə işə düzələn və göstəriciləri yüksək olmayan şəxs təcrübəli birinin yolunu kəsir. Ona görə də hər kəs öz üzərində işləyib hədəflərinə çatmalıdır. Tanışı vasitəsilə işə düzələnin həmin işdə uzun müddət qalacağına heç kim təminat verə bilməz. Bəzən şərtlər dəyişə bilər və işini itirməli olarsan. Belə olan halda, sənin öz gücünə inamın azalır, “mən özüm iş axtarsam, CV göndərsəm, belə iş tapa bilməyəcəm” düşüncəsi ilə yaşayırsan. Düşünürəm ki, CV göndərməklə iş tapmaq daha yaxşı üsuldur. Bu, insanda özünə inamı artırır, gəncin yaradıcılıq potensialını ortaya qoymasına kömək edir. Əsas məsələ ilk işini tapıb özünü inkişaf etdirə bilməkdir. Sən öz sahəndə təcrübə qazanıb irəlilədikcə, iş tapmaq və ya işini dəyişmək şansın o qədər də artır”.

“Yaxşı işi tanışlar tapır”
 
Toğrul Bayramlı, gənc fəal



Toğrul isə digərlərindən fərqli olaraq fikirləşir ki, iş tapmaq üçün daha çox tanışın, yəni “day-day”ın olmalıdır: “Mənə elə gəlir ki, istədiyin işi tapmaq üçün tanışlıq əlaqələri vacibdir. Tutalım ki, bir nəfər təcrübəli və bir nəfər də təcrübəsiz şəxsi şirkət işə götürüb. Peşəkar olan şəxs öz işində mütəxəssis olduğu üçün saxlanılır. Amma hər nə qədər peşəkar olsa belə, ondan daha yaxşısı mütləq var. Əgər belə biri olarsa, yaxud ümumiyyətlə, şirkətdə ixtisar gedərsə, işdə ona ehtiyac qalmadığı təqdirdə, o mütləq öz işindən azad ediləcək. Təcrübəsi olmayan, işə yeni başlayan şəxslər üçün tanışlıq mütləqdir. Çünki hətta səhv eləsə belə, güzəştə gedəcəklər. Aydındır ki, təcrübəsiz insan çox səhv edir. Düzdür, peşəkar insan üçün çox yerdə iş var. Amma işin daimi olacağına heç kim zəmanət vermir. Bunun üçün işlədiyin yerdə tanışın olması çox vacibdir. Hətta ən kiçik səhv etdikdə belə, tanışın yoxdursa, işdən azad edilmə riskin çoxdur. Buna görə də sən daim gərgin iş rejimində işləməli olursan”.

Həmsöhbətim deyir ki, ümumilikdə tanışın olmadan istədiyin işi tapmaq çox çətindir, hətta demək olar ki, mümkün deyil: “Bundan başqa, işdən və şirkətdəki mühitdən də çox şey asılıdır. Məsələn, tutaq ki, mən bir şirkətin rəhbəriyəm və mənə işçi lazımdır. Bu zaman öz ətrafımda olanlar arasından uyğun namizədlərə üstünlük verirəm, nəinki şirkətin “e-mail”inə gələn CV-lərə. Bu, təbii haldır. Çünki bir tanışım bu işə uyğundursa və işə ehtiyacı varsa, niyə də onu işə qəbul etməyim ki? Hazırda əksər şirkətlərdə də bu, adi hala çevrilib. Bizdə CV daha çox formal xarakter daşıyır. Əlbəttə, sən öz CV-in sayəsində aşağı vəzifələrdə bir işə qəbul oluna bilərsən. Amma istədiyin yuxarı vəzifələrə heç vaxt qəbul oluna bilməyəcəksən. Bunun üçün hansısa tanışın sənin haqqında işə götürmək istəyənə müsbət rəy verməlidir. Önəmli olan məhz budur”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir