OFİS

İşgüzar xanımlarla evdar xanımların arasında əsas fərq nədən ibarətdir?

Baxış sayı: 113

Demək olar ki, qadınların qarşılaşdığı problemlər məkanından və zamanından asılı olmayaraq eyni olur. Sosial təminat, cəmiyyətdə tutduqları mövqe, ailə qayğıları, həyat yoldaşı ilə münasibətdə yaranan çətinliklər və s. Lakin problemlər qadınların evdar və ya işgüzar olmasına görə dəyişə bilir.
Müasir xanımların həyatında iş mühüm rol oynayır. İş həyatı xanımlara özünü cəmiyyətdə təsdiq etmək şansı verir, sözün əsl mənasında, müstəqilliyinə imkan yaradır. Daha dəqiq desək, xanımların iqtisadi asılılığına son qoyur. Lakin çox vaxt qadının işləmək, karyera qurmaq arzusu qarşısında süni maneələr yaradılır və cəmiyyətin özü üçün təyin etdiyi modeldən uzaqlaşmayan və bundan kənara çıxmağı hədəfləməyən evdar qadın həyatını özü üçün çəkilən sərhədlər içərisində yaşamağa başlayır. Süni maneələr də ilk növbədə cəmiyyətdə hökm sürən stereotiplərdən, xüsusən də bu sahədə mövcud olan ənənələrdən irəli gəlir. Bəs işgüzar xanımlarla evdar xanımların arasında əsas fərq nədən ibarətdir?

Elmir Əkbər: “Kişilər ağıllı xanımlara üstünlük vermirlər”
Psixoloq Elmir Əkbərin sözlərinə görə, işgüzar xanımların dünyagörüşü evdar xanımların dünyagörüşündən çox fərqlidir: “İşgüzar xanımlar ağıllı xanımlardır, bəzən kişilər ağıllı xanımlara üstünlük vermirlər. Səbəbsə birdir, türklər demişkən, tahammül edə bilmirlər. Bir də işləyən qadınlar cəmiyyət arasında çox olduqları üçün əksər kişilər qəbul etmir”. Psixoloqun fikrincə, evdar qadınlara nisbətən işləyən xanımlar intim münasibətdən uzaq olmağa can atırlar. İşgüzar qadın daha çox ətrafına özünü sübüt etmək üçün can atır. Evdar qadının işi-gücü isə ev işləri və seriyallardır.
Bu barədə bir çox araşdırmalar, tədqiqatlar var. Bəzi evdar xanımlar özləri evdə qalmağa, ana və həyat yoldaşı vəzifəsini layiqincə yerinə yetirməyə üstünlük versələr də, əslində, onlar bu vəziyyətlərindən razı deyillər. Çünki bu zaman evdar qadınlar yalnız başqalarının həyatı ilə yaşamağa məhkum olurlar. Özlərinin maraqları isə diqqətdən kənarda qalır. Bundan başqa, onlar özlərinə inamsız yanaşır, özləri haqqında mənfi rəydə olurlar. Qətiyyətsizlik də bu qadınların xarakterik xüsusiyyətidir.Onlar qarşılaşdıqları problemlər qarşısında çox zaman aciz qalır, depressiyaya daha tez düçar olurlar. Üstəlik, bu vəziyyətdən çox gec çıxırlar. Ev xanımı rolunun qadına necə təsir göstərdiyi barədə fikirlər bölünsə də, hamı bu rəydədir ki, pul qazanan qadın evdə daha böyük hakimiyyətə malikdir. Ümumiyyətlə, ailə hakimiyyəti nəzəriyyəsinə görə, burada əsas məsələ iqtisadi imkandır. Həqiqətən də həyat yoldaşından maliyyə asılılığı olan evdar xanımlar ailədə nüfuzsuz fiqura çevrilirlər. İşgüzar xanımlarsa ailədə daha yüksək hörmətə malik olurlar.
Evdar qadın “rolu” isə milliyətindən, mədəniyyətindən asılı olmayaraq, dünyanın dörd bir tərəfində mövcuddur və qadınların böyük əksəriyyəti tərəfindən oynanılır. Bu xarakter, demək olar ki, hər bir qızın uşaqlıq illərindən arzuladığı və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərində quracağı, ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş-yavaş bir model formalaşmağa başlayır. Yaxşı ailə qurmaq, gözəl ev sahibi olub, sağlam uşaqlar dünyaya gətirmək, qohum və dostlara qonaq getmək, uşaqların tərbiyəsi, alış-veriş, ev təmizliyi və buna bənzər işlər bu modelin təməl xarakterini meydana gətirir.
Kimi evdarlığı peşə kimi qəbul edir, kimi işsizlik, kimi də sadəcə həyat tərzi. Bəzilərinin fikrinə görə isə, evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Lakin bir şey də var ki, çox vaxt ailə quran qızlar arzuladığı işin, karyeranın arxasınca gedə bilmirlər.
Bəs görəsən, qadın nəyə görə işindən və ya işləyə biləcəyi peşələrdən imtina edib, evdə oturmağa məcbur olur? Ən çox qarşılaşılan səbəb ərin istəyi və ya tələbidir. Buna kişinin dünyagörüşü, həddən artıq qısqanclığı səbəb ola bilir. Psixoloqların qənaətinə görə, çox kişilər isə qadının iqtisadi cəhətdən azad olmasını istəmir. Onlar hesab edir ki, qadının maddi tələbatını kişi ödəməlidir və qadın ən xırda ehtiyaclarını belə ərinə deyib, ondan pul alıb, sonra alış-verişə çıxmalıdır.
Qadının işləyib, müstəqil olaraq qazanması və pul sarıdan korluq çəkməməsi çox kişiləri qane etmir. Qadın karyerası arxasında kölgədə qalmaq isə kişi üçün əsl faciədir. Müasir dövrdə boşanmaların əksəriyyəti də qadının karyera sahəsində uğurlarına tab gətirməyən kişilərin ucbatından olur.
Qadının işləməməsinin başqa bir neçə səbəbi ilə də rastlaşmaq olur. Belə ki, bəzi qadınlar özünü heç bir sənət, peşə, elm yolunda görmür və bütün həyatını ailəsinə, ocağına, uşaqlarına həsr etməyə hazırdır. Yaxud da qadın özündə inam və qüvvə tapıb, yoldaşına qarşı tələblərini irəli sürə bilmir və beləliklə də, onun işləmək arzusu həyata keçmir. Bir çox qadınlar arzulamadıqları bu həyat tərzinə uyğunlaşa bilmirlər. Psixoloqların fikrincə, evdar həyat tərzinə uyğunlaşa bilməyən və bu şəraitə dözməyən qadınlar hamiləliyə qədər çox aktiv həyat sürən qadınlardır. Bu xanımlara yeni şəraitə adaptasiya olmaq üçün mütləq və mütləq psixoloq köməyi lazım olur. Lakin evdar qadının psixikasını xilas edəcək və onu sabaha ruhlandıracaq bir sıra işlər, amillər var. Bunlara kitab-jurnal oxumaq, şirniyyat bişirməyin sirrlərini öyrənmək, əlavə peşə kurslarına yazılmaq, kompüter oyunları, yoqa və fitness, toxuma və tikiş öyrənmək, rəqsə getmək, parkda gəzmək, digər analarla tanışlıq, söhbət, din və ibadətlə məşğul olmaq, müxtəlif vanna və maskalardan istifadə etmək və digər məşğuliyyətlər aiddir.
Əslində bu gözəl vasitələr və işlər karyera quran, bütün gününü yolda və işdə keçirən istənilən qadının ən gizli arzularıdır. Onlar bunları etməyə vaxt tapmır, evdar qadınlarsa bütün bunlarla məşğul olmağa kifayət qədər vaxtları olsa belə, etmirlər.
Bəs görəsən, kim daha xoşbəxtdir? Gündüzlər işə, axşamlar evinə, doğmalarına yemək hazırlamaq üçün tələsən xanımlar, yoxsa bütün gününü mətbəxdə, ailə qayğıları içərisində keçirən qadınlar?

İradə İsaq: “Yalnız daxilən azad qadınlar iş həyatına can atır”
Tanınmış jurnalist İradə İsaqın da bu barədə fikirlərini öyrəndik. Evdar qadınları asılı, işgüzar qadınları isə azad qadın kimi dəyərləndirən İradə İsaq məhz azad qadının daha xoşbəxt olduğunu deyir. Cəmiyyətdə özünəməxsus fəal mövqeyi olan jurnalist xanım özünü qətiyyən evdar xanımların sırasına qoya bilmədiyini deyir: “Əgər desəm ki, işlərim imkan vermir ev işləri görməyə, səmimi olmaram. Yox, mən sırf işim olmasa belə, ev işləri ilə məşğul olmağı xoşlamıram. Amma məni tanıyanlar bilir ki, mən evdarlığı yaxşı bacarıram ve çox səliqəliyəm. Sadəcə ev işləri görməyi xoşlamıram”. Özünü sırf iş qadını hesab edən İradə xanımın bunu psixoloji hadisə kimi qiymətləndirir. O bildirir ki, ev işlərinə sərf etdiyi vaxtı itirdiyi zamandan sayır: “Ancaq mən qadınların adından da danışa bilmərəm. Məsələn, mənim anam da sırf evdarlığı xoşlayır. Bununla da heç kimi qınaya bilmərik. Kimin nəyə qabiliyyəti çatır, nəyə həvəsi var, onunla da məşğuldur”. Evdar qadınların psixologiyasından da bəhs edən müsahibimiz qeyd edir ki, evdar qadınlar daha tez yolagələndir, onlar özlərini ve ağıllarını da çox əziyyətə salmaq istəmirlər. Onun fikrincə, evdar qadınlar həyata hazır deyillər. İşgüzar qadınlar isə daha çox həyata tabe olmağı sevməyənlərdir: “Onlar öz talelərini özləri təyin etmek istəyirlar. Çox vaxt buna nail olurlar da”. Onun fikrincə, yalnız daxilən azad qadınlar iş həyatına can atır: “Çünki bilirik ki, yalnız iqtisadi təminat azadlığın qarantıdır. Mən şablon sözlərdən qaçmağa çalışıram. Çoxları etiraf etmək istəməsə də, həqiqət budur”.
Əslində müşahidələrə əsaslanaraq deyə bilərik ki, səhər açılan kimi mətbəxə keçib, əyninə önlük taxıb, biş-düşə başlayan qadın pəncərədən boylanaraq, işə tələsən,gözəl geyimli qonşu qadına baxıb dərindən köks ötürürsə də, axşam yorğun ayaqlarını güclə sürüyüb, evinə tələsən işgüzar qadın da artıq yeməyi hazır olub, pəncər qarşısında ailəsini gözləyən evdar xanımlara həsədlə baxırlar. Həyat belədir, insan əlində olanlarla yox, olmayanlarla daha xoşbəxt olacağını sanar. Qadınlar isə həmişə özgəsində olanın həsrəti ilə yaşayar və öz taleləri ilə barışmazlar.

Qadının karyerasını məhdudlaşdıran bir çox kişilər bunu başa düşmək istəməsələr də, əslində ailədə qadının işləməyi bir çox problemlərin həllinə kömək etmiş olur və bir sıra üstünlüklərə malikdir. Maddi cəhətdən bu ailə daha təmin edilmiş olur. Bu isə o deməkdir ki, ər-arvad arasında pul üstündə mübahisə az-az baş verir. Digər tərəfdən, bu bir həqiqətdir ki, uşaq evdə həmişə anasından pul istəyər. Ana bu istəyi qarşılaya bilməyəndə ana ilə övlad arasında mübahisə düşür. İşləyən analar isə maddi cəhətdən həm öz ürəyindən, həm də övladının ürəyindən keçənləri həyata keçirə bilir. Bu həm atanın üzərindəki yükü azaldır, həm də valideynlə uşaqlar arasında xoş münasibət yaradır. Üstün cəhətlərdən biri də odur ki, heç vaxt işləməyən qadın bir növ qənaətcil olmur və pul qədri bilmir. Bəzən isə gərəksiz şeylərə pul verir, başqa yerlərdə ucuz olan bir şeyi ilk gördüyü yerdəcə baha qiymətə alır. Rəfiqələrinin və ya qonşu qadınların əynində təzə bir şey görəndə qanı qaralır və mütləq bu, əri ilə arasında mübahisəyə səbəb olur. İşləyən qadınsa pulun necə zəhmətlə qazanıldığını çox gözəl anlayır, maaşı necə xərclməyi bacarır. Həmçinin, işləyən qadın evdar qadına nisbətən daha cavan, baxımlı və gözəl görünür ki, bu da kişilərin ürəyincə olur. Eyni zamanda, işləyən qadınla həyat daha maraqlı olur. Ən azı işdən sonra ər-arvad gün ərzində başlarına gələnləri danışırlar.
Lakin işgüzar xanımların həyatı heç də problemsiz deyil. Bizim xanımlarımız işləsələr belə, ictimai həyatda həmişə passiv mövqedə dayanırlar və ya dayanmalı olurlar. Bu, milli adət-ənənələrimizdən, tərbiyə üsulumuzdan irəli gəlir. Belə ki, bir qayda olaraq, Azərbaycan ailələrində qızlara özünü yaxşı aparmağı, daha dəqiq desək, hər şeylə razılaşmağı, mehribanlığı öyrədirlər. Çünki məhz qadınlar ənənə və etik normaların daşıyıcısıdır. Digər promlemlərə gəlincə, nədənsə, qadınların əməyi kişilərlə müqayisədə aşağı səviyyədə qiymətləndirilir. Qadın işinin asan iş kimi dəyərləndirilməsinə qarşı qəti etirazlarını bildirirlər.
Heç bir insanın, qadının həyatı problemlərdən sığortalanmayıb. Ən əsası odur ki, evdar və ya işgüzar olmasından asılı olmayaraq, qadın problemə belə özünü layiqincə təqdim edə bilsin və əzmlə, inamla onun öhdəsindən gəlsin. Elə isə uğurlar!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir