yemek

İştahanın artmasının 10 TƏHLÜKƏLİ SƏBƏBİ

Baxış sayı: 92

Yaşamaq üçün insan qida qəbul etməlidir. Qidadan biz orqanimin yaşaması və normal fəaliyyəti üçün lazım olan maddələri (zülallar, karbohidratlar, yağlar, vitaminlər, minerallar və s.) alırıq.

İnsan orqanizmində qidalı maddələrin səviyyəsi aşağı düşdükdə beyin bu haqda məlumat alır və insan aclıq hiss etməyə başlayır. İştahanı hipotalamus (beyinin hissəsi) kontrol edir.

Aclıq normal fizioloji hissdir, orqanizmin müdafiə reaksiyasıdır. Lakin bəzən iştahanın patoloji artması müşahidə oluna bilər. Buna “polifagiya” deyilir.

Bəzən polifagiya müxtəlif səbəblərə görə tam sağlam insanlarda inkişaf edə bilər. Qadınlarda bu bir çox hallarda menstrual dövrlə, hamiləlik, laktasiya ilə bağlı ola bilər.

Yeniyetməlik dövründə uşaqlarda iştahanın kəskin artması ola bilər. Bu müddət ərzində uşağın orqanizmi çox tez inkişaf edir, boy atır. Bu isə əlavə qidalı maddələrə ehtiyac yaradır.

Siqaret çəkməkdən imtina edən insanlarda da iştahanın kəskin artması mümkündür. Bəziləri məhz artıq çəkinin yığmasından qorxaraq siqaret çəkməkdən imtina etmir. Bu çox səhv yanaşmadır. İştaha bir müddətdən sonra normallaşacaq, lakin siqaret çəkməyin orqanizmə olan zərəri insan həyatını 10 ilə qədər qısalda bilər.

Bəzi dərman preparatların qəbulu (hormonlar, allergiya əleyhinə dərmanlar, vitaminlər və s.) iştahanın artmasına səbəb ola bilər. Müalicə həkiminiz sizi bu haqda məlumatlandırmalıdır.

Yuxusuzluq iştahanın artmasına səbəb olur. Bu səbəbdən diyetoloqlar arıqlamaq istəyən insanlara gecə 8 saatdan az olmayaraq yatmağı tövsiyə edirlər.

Bəzi hallarda polifagiya ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən bu simptoma etinasız yanaşmayın.

Patoloji polifagiyanın səbəbləri arasında:

– hormonal fonun pozulmaları. Qalxanvari vəzi və böyrəküstü vəzilərin bəzi xəstəlikləri zamanı xəstədə bu simptom inkişaf edir.

– şəkərli diabet. Bu xəstəlik zamanı qanda insulinin səviyyəsi daim patoloji artmış olur. İnsulinin artması aclıq hissi yaradır. Bu zaman çoxlu miqdarda qida qəbul edən insan bəzən arıqlayır. İştahanın artması, patoloji susuzluq, sidik ifrazının kəskin artması şəkərli diabet xəstəliyinin əsas simptomlarıdır.

– depressiya tez-tez iştahanın artması ilə müşayiət olunur. İnsan stress və depressiyadan çıxış yolunu  yeməkdə görür.

– bulimiya – ciddi qida davranışının pozulması. İnsan çoxlu miqdarda qida qəbul edir, sonra bu qidadan qurtulmaq üçün özünü qusdurur, bağırsaqlarını imalə ilə yuyur. Bu çox ciddi pozulmadır.

– bəzi psixiki pozulmalar iştahanın patoloji artması ilə müşayiət oluna bilər.

– narkotik preparatların qəbulu da iştahanın artmasına səbəb ola bilər.

– baş travmaları, beyin şişləri zamanı hipotalamusun funksiyası pozula bilər ki, bunun nəticəsində insanda aclıq və toxluq hisslərinin yaranması pozulur.

– beyində serotonin hormonun ifrazının pozulması da polifagiyaya gətirib çıxarda bilər.

– helmintoz (qurd xəstəlikləri) zamanı iştaha artır, lakin insan arıqlayır.

– bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (məsələn, xora xəstəliyi) xəstədə iştahanın artması müşahidə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir