qalstuk

İsti havada özümüzü niyə “boğuruq” və ya qalstuk vacibdirmi?

Baxış sayı: 911

Azərbaycanda özünü ən çox göstərən problemlərdən biri də insanların geyim seçimi ilə bağlıdır. Daha dəqiq desək, geyimini getdiyi yerə görə seçə bilməmək problemi. Bir çox hallarda iş yerinə çimərliyə gəlirmiş kimi geyinənlərlə yanaşı, toya da yas qiyafəsində gedənlər olur. Zövqlər və rənglər dartışmaya bağlı olsa da, bütün hallarda kənardan görünən mənzərə gözə ziyandır.

Ölkəmizdə bu sahədə özünü göstərən ən qabarıq problem isə heç şübhəsiz ki, iş adamlarının, məmurların, bir çox siyasətçilərin qalstuk, pencək-şalvar sevdasıdır. Bəli, bir çoxları ondan nəinki vaz keçmir, hətta yayın cırhacırında belə ən favorit seçimləri sırasına daxil edir. Məsələn, məmurlar yayın cırhacırında vətəndaşlarla görüşə kostyum və qalstukda gedirlər. Efirə çıxan siyasətçi mütləq rəsmi geyim tərzinə üstünlük verir. Bu, daha çox kompleks kimi görünür: rahat geyim tərzinə müraciət edən məmura xalq inanmayacaq? Ya da qalstuksuz siyasətçinin dedikləri qeyri-ciddi görünəcək?

İllər öncə Azərbaycanda yaşayan bir ingilisdən müsahibə alarkən onun bir təəccübü yadımda qalmışdı: “Burda tələbələr də universitetə qalstuk geyinib gəlirlər” demişdi müsahibim. Əslində bu da bir reallıqdır. Bəzən gənclər arasında da bu dəbə ayaq uydurub, maksimum ciddi, rəsmi geyim tərzinə üstünlük verənlər olur.

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, əslində geyimlə bağlı normalar cəmiyyətdə mütləq olmalıdır. Onun fikrincə, geyim məsələsini başlı-başına qoymaq olmaz: “Hər bir geyim tərzi insanın xarakterini fadə edir. İnsanın geyiminə baxmaqla onun xarakteri barədə müəyyən fikir demək olar. Mən dünən toyda idim. Çox xacələt çəkirdim ordakı bəzi insanların geyiminə görə. Bəzi insanlar özlərini toyda yox, başqa yerdə hiss etdikləri üçün qəribə geyimlər geyinmişdilər. Hər bir geyim tərzinin yeri var əslində. Yayın ortasında qalstuk taxmaq, qara kostyum geyinmək kənardan da pis görünür. Dünən toyda kostyum dəsti geyinib, hətta altından jilet geyinən bir nəfər də gördüm. O da lap qabarıq özünü göstərirdi. Bizim xalqda geyim mədəniyyəti arzuolunan səviyyədə deyil. Bir neçə il əvvəl Pribaltika  sosioloqları ilə söhbətimz olmuşdu. Onlar da məndən soruşmuşdular ki, niyə sizdə insanlar qara rəngli geyimə üstünlük verirlər. Özünü məmur kimi göstərmək, işçilərdən bunu tələb etmək yarımçıqlıq kompleksidir. Bu, insanların inkişaf etməməsidir”.

Ə.Qəşəmoğlu hesab edir ki, Qərbdə istənilən məmur istənilən səviyyədə geyinir və məmurluğunu geyimlə göstərmir:“Bizdə yayda tər axa-axa qalstukunu taxıb, üstündən də pencək geyinənlər yarımçıqlıq kompleksindən əziyyət çəkirlər”.

Xarizmatik geyim növlərindən biri olan kostyumların ayrılmaz hissəsinə çevrilən qalstuklar yarandığı vaxtdan daim diqqət çəkib. Rəsmi geyim forması sayılan kostyumların ayrılmaz bir hissəsi olan qalstuk dövlət rəsmiləri, siyasətçilər və iş adamları tərəfindən daha çox istifadə olunur. Lakin bir çox müsəlman ölkələrində qalstuka münasibət heç də birmənalı deyil. Belə ki, qalstuk Qərb mədəniyyətinin nümunəsi sayıldığından 1979-cu ildə İranda istifadə olunması qadağan edilmişdi. 2010-cu ildə isə qonşu ölkənin mütəxəssisləri İslam dəyərlərinə uyğun qalstuklar hazırlamağa başlayıb.

Qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə meydana gəldiyini iddia edirlər. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyiilə əsaslandırmağa çalışırlar. Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. 1924-cü ildə amerikalı iş adamı Cessi Lanqsdorf tək və ideal qalstuk forması yaratdı. Bu, indiki dövrümüzə gəlib çıxan qalstukdur. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə yenidən məşhurlaşdı.

Azərbaycanda isə qalstuku gündəlik geyimlərinin sırasına daxil etməyənlər arasında deputat Nizami Cəfərov, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və son illərdə Ümid Partiyasının sədri İqbal Ağazadə var. Amma bir çox siyasətçilər hətta efirə çıxanda belə pencəkdən vaz keçmir, bunu xarizmatik görüntünün əsas atributu hesab edirlər.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir