yemek

İsti yay günlərinin qida menyusu – nə yeyək?

Baxış sayı: 2. 000
Havaların isti olması bir çox insanlarda iştahasızlıq yaradır ki, bunun əsl səbəbi düzgün qidalanmamaqdı. Düzgün qidalanmağın isə 5 qızıl qaydası var: daha çox maye qəbul etmək, rasionun kalori miqdarını azaltmaq, qidalanma saatını qabağa çəkmək, səhər və axşam yeməyini mütləq yemək və daha çox vitamin, yəni meyvə tərəvəz qəbul etmək.
İsti havalarda bədənimizin nəm tarazlığı dəyişir və daha çox su itiririk . Həddindən artıq istilərdə qan qatılaşır. Buna görə də isti havalarda qidalanmaya diqqət etmək lazımdır. Bu cür havalarda maye qəbulunu artırmaq, maye tərkibli qidalara üstünlük vermək lazımdır. Maye itkisinin qarşısını almaq üçün hər saatda bir stəkan su içilməlidir. Susuzluğu daha çox adi su və ya şəkərsiz (acı) yaşıl çay yatırır. Çox isti hava şəraitində hər 40-50 dəqiqədən bir 100-200 ml sərin su (18-20°S) içmək tövsiyə edilir. Bundan başqa, soyuq doğramac və ya qaspaçço kimi yeməklər də sizi həm sərinləşdirəcək, həm də orqanizminizi lazımlı rütubətlə təmin edəcək. Yalnız ürək-damar xəstəlikləri, hipertoniya, piylənmədən əziyyət çəkən və böyrəklərində problemi olan insanlara çox maye istifadə etmək məsləhət deyil. İsti hava – orqanizm üçün əsl sınaqdır. Biz iştahın yoxluğundan əziyyət çəkirik, amma yedikdən sonra mədədə ağırlıq hiss edirik. Ekstremal isti hava şəraitində orqanizmə normal işləməyə kömək etmək üçün diyetoloqlar qidalanma vaxtını dəyişməyi məsləhət görürlər ki, bu zaman əsas qida qəbulu daha çox günün sərin vaxtına düşür.
Yemək saatlarınızı səhər tezdən 6:00-7:00-da, naharı gün qızmadan öncə 11:00-11:30-da, şam yeməyini isə 18:00-da qəbul edəsiniz. Ac qarnına yata bilməyənlər isə 21:00-da yüngül qəlyənaltı edə bilərlər. Səhər və şam yeməyini yemək çox vacibdir. Həzmin nizamlı olması və çəkinin normadan qalması baxımından vaxtında və rejimli qidalanmanın əhəmiyyəti yüksəkdir. Hədsiz isti havalarda qızartma yeməklərindən uzaq durmaq tövsiyə edilir.
Bu cür havalarda qızartma yerinə qaynatma, öz suyunda və ya az suda bişirmə kimi sağlam üsullar seçilməlidir. Çünki yağlı qızartmalar və xəmir yeməkləri bədəndə yorğunluğa, baş ağrısı və yüksək təzyiqə səbəb olur. Ancaq tərəvəz və meyvə salatları, qarabaşaq və düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissi yaratmır, bu səbəbdən onları günorta qəbul etmək məsləhətdir. Belə karbohidratlar orqanizm tərəfindən asan mənimsənilir. Ət yeməklərini şam yeməyinə saxlamaq tövsiyə edilir, çünki sərin havada onlar daha asan həzm olunacaq.
Yay aylarında bədən müqavimətini artırmaq və bədənin kifayət qədər vitamin və mineral almasını təmin etmək üçün gündə ən az 5 boşqab tərəvəz və meyvə yeyilməlidir. Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isti havalarda yüngül qidalanmağın vacib olduğunu dedi:“Yayda nisbətən yüngül qidalanmaq lazımdır və təmiz su qəbuluna ciddi fikir vermək lazımdır. Çünki hətta artıq isti olanda həm dəri səthindən, həm də ağ ciyərlər vasitəsilə bədəndən xeyli su utilizasiya olur, bədəndən xaric olur. Su ehtiyatları azaldığına görə qan qatılaşır, bədən mayelərin konsetrasiyası artır və nəticədə bu mikrosirkulyasiya və həyati vacib funksiyalar zəifləyir. Bunlar olmasın deyə su qəbuluna ciddi fikir verilməlidir. Qida qəbulu nisbətən azalmalı, məhdudlaşdırılmalıdır. Daha çox meyvə qəbuluna üstünlük verilməlidir. Yay zamanı həddən artıq, xüsusən də saat 12-dən 4-5-ə qədər günəş şüası altında dayanmaq məsləhət deyil. Ultra bənövşəyi şüaların neqativ təsirindən bu dövrdə qorunmaq lazımdır. Ümumiyyətlə xəstə, yaşlı adamlar, qanının qatlaşmasında problemləri olan şəxslər su qəbuluna daha çox önəm versinlər və günü sərin yerdə keçirsinlər. Xüsusən də uşaqlar çünki uşaqların bədən tutumu, çəkisi az olduğuna görə su tutumu da azdır. Su buxarlanması onları pis vəziyyətə sala bilər. Ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdır. Kondisioneri də aludə olmaq lazım deyil. Əgər bayırda çox yüksək temperatur olanda evdəki kondisioner ona uyğun temperatura qoymaq lazımdır ki, nəmişliyi götürsün, nəfəs almanı normallaşdırsın. Xaricdə 30 dərəcədən yuxarı temperatur olduqda kondisioneri 18 dərəcəyə  qoymaq düzgün deyil. Bu zaman kondisioner 23-25 dərəcədə olmalıdır ki, o həmin aktiv temperaturu saxlasın və bədənin həddən artıq soyuqlamasına gətirib çıxarmasın”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir