deniz

İtirdiyimiz zaman: qayğılar, qovğalar və peşmanlıq

Baxış sayı: 859

Axıb gedən zaman və itirdiyimiz, qaçırdığımız fürsətlər barədə düşünəndə dəhşətə gəlirəm, qorxuram…

Dəqiq bilirəm ki, zamanın sürətlə keçib-getməsi bizim zərərimizə işləyir. Pandemiya əsarətindəki bir yay fəsli də su kimi axıb getdi, sürüşdü, sivişdi barmaqlarımızın arasından. Zamana nə var ki, işi sivişib aradan çıxmaqdır. Bu ilahi mizanın, düzənin, qanunauyğunluğun bir parçasıdır. Zaman keçməlidir, biz yerimizdə qaldığımız üçün dayanıb bizi gözləmək imkanı yoxdur. Biz isə oturub qəmli-qəmli keçib gedən bu fəsilin də arxasınca baxdıq. Halbuki görə biləcəyimiz işlər vardı. Romanlar, hekayələr, şeirlər yaza, filmlər çəkə, nəğmələr bəstələyə bilərdik. Ya da heç olmasa kitablar oxuya, filmlər izləyə, teatrlara gedə, musiqilər dinləyə bilərdik. Ətrafımızdakıları sevgimizlə, diqqətimizlə xoşbəxt edə bilərdik.

Görəcəyimiz işlər çox, zaman isə həmişə qısadır, azdır. Və bu azacıq, qısa zamanı, bizə ayrılan ömür payının bir parçasını da əlimizdən qaçırdıq. Bir fəsili də qoparıb atırıq ömür təqvimindən. Bizim itirdiklərimizi kimsə düşünəcəkmi, kimlərsə anlayacaqmı? İnanmıram. Hər kəs özünə ayrılan zamanı xırıd etməkdə, xərcləməkdədir. Kimə nə bizim “bədxərcliyimizdən”? Hətta özümüz belə fərqində deyilik sürətlə itirməyimizin. Gündəlik qayğılar bizə faniliyimizi unutdurur. Sanki əbədi bir həyatımız varmış kimi gecə-gündüz, yorulmaq bilmədən eyni mənasız işlərin arxasınca qaçırıq. Bu əbədi marafonda tükənib gedən həyatımızı və bir gün bizə ayrılmış zamanın bitəcəyini unuduruq. Unuduruq ki, itirdiyimiz ən dəyərli şey – zaman geriyə qayıtmayacaq.

 

***

İnsan faniliyini qəbul etməməkdə israrlıdır. Bizə verilən qısa zamanı bir yandan siyasətə, bir yandan gündəlik qalmaqallara, bir yandan mənasız çəkişmələrə xərcləyirik. Halbuki, bir ağac əkmək olar torpağın cadarlanmış bağrına, bir gül fidanı basdıra bilərik bağçamızın ən gözəl yerinə. Bunu etmək üçün nə qədər az zamanımız qaldığının fərqində olmadan ömrümüzü mənasız qovğalarda, faydasız davalarda, lüzumsuz çək-çevirlərdə tükədirik. Zaman isə öz işindədir, əleyhimizə çalışır. Biz ucuz şöhrət arxasınca qaçanda ağaran saçlarımız, ağrıyan yerlərimiz, sancı dolan orqanlarımız bizə ömrün faniliyini xatırlatmağa çalışır. Bizsə hər şeyi gözardı edib, irəliyə doğru qaçırıq. Ən yüksək zirvəni fəth etsək, əbədi yaşayacağıq, ölümsüzləşəcəyik hissinə qapılırıq. Halbuki biz milyonlarla fanidən, təbiət qanunlarının kənarına çıxmağa qadir olmayan canlılardan sadəcə biriyik. Zaman və həyat qarşısında acizliyimizi dərk etmədən sonumuza doğru əzmlə yüyürürük…

 

***

Son günlər baş verənləri izləməmək üçün əlimdən gələni edirəm. Dünyanın da, ölkənin də siyasi-ictimai gündəmi canımı sıxır, yorur, bezdirir, əsəbiləşdirir.

Sosial şəbəkələrə gözucu baxıram, kitabın birini bitirib, digərini açıram, daha çox film izləməyə çalışıram, olmur. Küncdən-bucaqdan üstümə mənfi yüklü informasiyalar axıb gəlir. Qaçmaq olmur gündəlik müzakirələrdən. Və gecə başımı yastığa atanda anlayıram ki, gündəmin, trendlərin, müzakirələrin mənasızlığı məni görmək istədiyim işlərdən uzaq salır, daha çox yorur, hədsiz dərəcədə bezdirir. Hərdən mənə elə gəlir ki, informasiyanın bu qədər əlçatan olmadığı dönəmlərdə insan övladı daha çox xoşbəxt olub, qayğılardan uzaq yaşayıb. Çox nadir hallarda qarşıma müsbət enerjili informasiya, pozitiv xəbər çıxır. Yorulmuş, gərginləşmiş əsəblərimi sakitləşdirmək üçün bütöv bir sutkanın içərisində bir-iki dəqiqə tapanda sevinirəm. Bu qədər neqativ informasiya axınının qarşısında insan əsəblərinin nə qədər aciz olduğunu hər gün bir az da dərindən anlayıram. Və ən ağrılısı, yaşamaq çətinləşir…

 

***

Təbiət öz işindədir. Mexanizm çox dəqiq işləyir. Fərqində olmadan tükənirik. Qısa və qiymətli zamanımızı boş və mənasız işlərə, yorucu və bezdirici qayğılara xərcləyirik. Və hər şey sən bu yazını oxuyarkən xərclədiyin zamanın bir daha geri dönməyəcəyini anladığın anda yaşadığın peşmanlıq qədər qısadır, anidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir