AILE

İtirmək qorxusu: “Sən övladlığa götürülmüsən…” – ARAŞDIRMA

Baxış sayı: 164

“Sən götürülmə uşaqsan! Bunlar sənin əsl valideynlərin deyil! Öz valideynlərin Allah bilir kimdir… Həmişə həyətdə oynadığım uşaqlar mənə bu sözləri deyirdilər. Amma uşaq olduğum üçün elə bilirdim ki, məni hirsləndirmək üçün deyirlər bu sözləri. Bir neçə müddət keçdikdən sonra təsadüfən evdə rastlaşdığım bəzi sənədlərdən indi yaşadığım ailənin mənim öz ailəm olmadığını öyrəndim”.

Bu sözləri övladlığa götürülmüş 14 yaşlı Ayaz Vəliyev (ad şərtidir) deyir. Danışır ki, bu həqiqəti bildikdə hansı reaksiyanı göstərəcəyini bilməyib: “Məni götürən ata və anama artıq övladlıq olduğumu öyrəndiyimi dedim. Onlar da bildirdi ki, məni 2 yaşında olarkən uşaq evindən götürüblər. Əsl valideynlərim məni bir neçə aylığımdan sonra uşaq evinə veriblər. O zaman adım da başqa imiş. Hazırda yaşadığım valideynlərim bu günə qədər mənə heç bir ögeylik göstərməyiblər. Övladları kimi bütün istəklərimi yerinə yetirməyə çalışıblar. Amma mən əsl həqiqəti öyrəndikdən sonra tərəddüd içindəyəm və beynimdə minlərlə sual var. Ən çox da onu bilmək istəyirəm ki, valideynlərim niyə məni tərk ediblər? Bəlkə onlar məcburiyyətdən bu addımı atıblar? Bəlkə də… Beynimdə o qədər bəlkələr var ki… Bu isə məni dəli edir, yuxularımı qaçırır. Hiss edirəm ki, məni övladlığa götürən indiki ata-anama qarşı nə isə özümdən asılı olmayan səbəbdən soyuqluq hiss edirəm və getdikcə onlarla aramda uçurum hiss edirəm. Bir tərəfdən də onları üzdüyümü görürəm. Belə bir psixologiya ilə yaşamaq mənim üçün çətindir və bilirəm ki, indi də olmasa bir neçə müddətdən sonra bu evi tərk edəcəm. Çünki indi özümü yarımçıq hiss edirəm… Bəlkə də bu gerçəyi uşaq vaxtımda mənə desəydilər, zamanla alışardım. İndi isə heç cür özümü bu həqiqətə uyğunlaşdıra bilmirəm…”

***

Son illərdə dünyada sonsuzluqla bağlı problemlər xeyli artıb. Buna səbəb olan amillər isə müxtəlifdir. Sonsuzluq problemi ilə üzləşən ailələr tibbi yollardan nəticə görmədikdə bəzi cütlüklər çarəni övlad götürməkdə görürlər. Əvvəllər əksər hallarda qohumlardan və tanışlardan uşaq götürülürdü və ailələr həmin uşağı öz övladları kimi saxlayırdı. Amma çox zaman bu prosedurlar qanuni formada olmurdu. Hazırda isə həm də uşaq evlərindən övladlığa götürülür və bu, konkret hüquqi prosedurlarla həyata keçirilir.

Bəzi hallarda isə rast gəlinir ki, uşağını övladlığa verən həqiqi ata və ana sonradan peşman olaraq onu geri qaytarmaq istəyir. Hətta iş məhkəmələrə qədər gedib çıxır.

Adının çəkilməsini istəməyən bir xanım dedi ki, illərlə övladı olmayıb. Sonra qərara gəliblər ki, qohumlarından bir uşaq götürsünlər. Onlar yeni doğulmuş qız uşağını övladlığa götürürlər və adını da Hədiyyə qoyurlar: “Uşağın bizim olması ilə bağlı sənədləşdirmə aparmamışdıq. Düşünürdük ki, qohumdur, buna nə ehtiyac var ki? Amma buna görə çox peşman olduq. Qızı böyüdüb 4 yaşına çatdırdıqdan sonra əsl valideynləri əlimizdən aldı. Biz isə heç nə edə bilmədik. Mən Hədiyyəni elə çox istəyirəm ki, elə bil onu özüm dünyaya gətirmişəm. Qızım da mənə çox bağlıdır. İndi ikimiz də əziyyət çəkirik. Bir küçədə qalırıq, amma onun üzünü mənə göstərmirlər. Bilirəm ki, uşaq da çox pis olub. Həyat yoldaşım isə mənə təskinlik verməyə çalışır ki, bir az dözüm, bəlkə insafa gəlib uşağı qaytaracaqlar. Mən isə dözə bilmirəm… Axı ana balasından necə ayrı yaşaya bilər?

Bəs görəsən əsl valideynlərin övladlığa verdikləri uşağı sonradan geri tələb etmək hüququ varmı? Həmin uşaq, övladlıq olduğunu bilməlidirmi? Övladlığa götürülən uşağa və onu götürən ailəyə hansısa psixoloji dəstək vermək lazımdırmı?

Ailem.az bu suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

 

Övladlığa götürənlə uşağın yaş fərqi 16-dan az olmamalıdır

Mövzu ilə bağlı Ailem.az-a danışan hüquqşünas Səbuhi Axundov bildirdi ki, Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilər: “Amma bəzi məhdudiyyətlər də mövcuddur. Burada məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, valideynlik hüquqlarından məhrum edilmiş şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər istisnadır. Həmçinin aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Qanuna görə, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər”.

Hüquqşünas deyir ki, valideynləri olan uşaqların övladlığa verilməsi yalnız valideynlərinin razılığı ilə ola bilər: “Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının və valideynlərinin razılığı, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər”.

 

Övladlığı götürmə məhkəmə qərarı ilə ləğv edilə bilər

“10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir.

Uzun müddət yanında yaşadığı adamların övladlığına verilən uşaqlar, onları öz valideyni bilirsə, həmin uşaqların razılığı tələb olunmur.

Bu proses tam qapalı aparıldığı üçün adətən uşağa aid əksər məlumatlar dəyişdirilir.

Qanunvericiliyə əsasən, övladlığa götürənin xahişi ilə uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Bir istisna var ki, övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər” – deyir, müsahibimiz.

S.Axundovun sözlərinə görə, övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir: “Övladlığa götürmə xüsusi hallarda ləğv oluna bilər. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşağa qəddar münasibət bəslədikdə, xroniki alkoqolik və narkoman olduqda ləğv olunur. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır”.

 

“Valideyn özü də daim itirmək qorxusu ilə yaşayır”

Məsələnin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Elnur Rüstəmov bildirdi ki, övladlığa götürmə psixoloqun iştirakı ilə olmalıdır: “Vaxtaşırı həmin uşağa psixoloq dəstəyi göstərilməlidir. Çünki zaman keçdikcə, valideyn özü də deməsə, ətrafdan kimlərsə ona eşitdirir ki, sən övladlığa götürülmüsən. Həmçinin valideynlərə də bu məqamda psixoloji dəstək vermək lazımdır. Valideyn özü də daim itirmək qorxusu ilə yaşayır. O da narahat olur ki, hər an uşaq övladlıq olduğunu biləcək. Bu zaman uşağın hansı reaksiya verəcəyi də sual altındadır”.

E.Rüstəmov deyir ki, normal halda yeniyetməlik dövründə uşağa bu barədə deyilməsi daha məsləhətdir: “Amma buna zəmanət yoxdur ki, yeniyetməlik dövrünə qədər gözləyəsən. Çünki internet dövründə yaşayırıq və deyək ki, övladlığı götürənin kiminləsə düşmənçiliyi var və o, qəsdən bu barədə uşağa eşitdirə bilər. Bu hallarla qarşılaşmamaq üçün məsləhətdir ki, valideyn özü bu barədə uşağı məlumatlandırsın. Əgər həmin uşaq normal bir ailədə böyüyürsə və ona psixoloji dəstək göstərilirsə, heç bir problem yaşanmaz. O, buna heç bir pis reaksiya verməyəcək və bioloji yox, götürən valideynini qəbul edəcək. Bu məqamda psixi sağlamlıq fiziki sağlamlıqdan öndədir”.

Mövzu ilə bağlı apardığımız araşdırmalara əsasən bəlli oldu ki, övladlığı götürmə həssas bir məsələdir və bu zaman xüsusilə çox diqqətli olmaq lazımdır. İlk növbədə çalışmaq lazımdır ki, bu proses hüquqi çərçivədə aparılsın ki, sonradan bununla bağlı problemlər yarananda həlli sizin xeyrinizə olsun. Həmçinin də çalışın ki, övladlığa götürdüyünüz uşağa mümkün qədər tez məlumat verin ki, başqalarından bu həqiqəti öyrəndikdə sizə qarşı çevrilməsinlər…  (Ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir