imtahan

İxtisas seçimlərinə az qaldı: abituriyentlərin DİQQƏTİNƏ

Baxış sayı: 246

“Məzunun biliyini məhz balla qiymətləndirmək düzgün mövqe deyil”. Bu sözləri təhsil eksperti Nadir İsrafilov deyir.

”İmtahan modeli test olduğu üçün bunu şagirdin biliyə ilə ölçə bilmərik. Çünki test ancaq məntiqi biliklərə əsaslanır. Ola bilər ki, məzun birinci imtahanda 500, ikincində 300 toplasın. Burada bir çox faktorlar rol oynayır. Məsələn, elə şagird var ki, 90 % hər şeyi bilir, ancaq suallar bilmədiklərindən düşür və o yüksək toplaya bilmir. Bu o demək deyil ki, həmin şagird savadlı deyil.

Bu cür hallarda şagirdlərə ikinci dəfə şansın verilməsini isə çox müsbət dəyərləndirirəm. Burada məzunlar üçün bir ildə iki dəfə şans verilmiş olur”.

N.İsrafilov əlavə edir ki, artıq 25 il keçməsinə baxmayaraq, ölkədə təhsil keçid dövründədir:

“Ümumiyyətlə, illər ötdükcə təhsil sahəsində çox şey dəyişir. Məsələn, birdən-birə test sistemini təhsildə təyin etdik, sonra isə məlum oldu ki, bu özünü doğrultmur. Bundan sonra isə testlərə açıq tipli suallar əlavə edildi. Bu tipli testlərin isə sayının artması imtahan nəticələrinə təsir göstərdi. Çünki hələ də buna məzunlar arasında vərdiş yaranmayıb”.

Təhsil eksperti həmçinin əlavə edir ki, ixtisas seçiminə məktəb dövrlərindən diqqət yetirilməlidir:

“Artıq şagirdlər VIII və ya IX siniflərdə bilməlidirlər ki, nə olacaqlar, hansı ixtisas, peşə onlara yaxındır. Amma bizdə belə olmur, bal yığıldıqdan sonra hansı ixtisasa qəbul olmaq şansı olursa, ora seçilir. Bununla da arzu ilə ixtisas üst-üstə düşmür. Düzdür, bəziləri sonradan oxuduqları ixtisası sevə bilirlər, ancaq bu çox az olur. Nəticədə isə gələcəkdə işə həvəssizlik yaranır və ya heç universitet oxuyan tələbə ixtisası ilə məşğul olmur”.

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, 2019-cu ildə ixtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil:

“Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur. Bu il ixtisas seçimi edərkən 2018-ci ildə formalaşmış ballara çox ümid edib seçmək lazım deyil. Bu xüsusi ilə ödənişsiz plan yerləri ilə bağlıdır. 2019-cu ildə ödənişsiz plan yerlərinə qəbul zamanı ballar ciddi şəkildə aşağı düşəcək.

Belə ki, 2019-2020-ci il qəbul ilində ödənişsiz plan yerlərinin sayı 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, yəni plan yerinin azı 45 faizi ödənişsiz plan yeri olacaq. Eyni zamanda bu il ümumi plan yerlərinin sayı da artırılaraq 48 minə çatdırıldı və bu o deməkdir ki, bu il 48 min abituriyentin tələbə adı qazanmaq imkanı var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir