serial

İzləməli olduğunuz 4 serial

Baxış sayı: 765

Bu yazını oxuyana qədər haqqında danışacağımız serialların bəlkə heç adını da eşitməmişdiniz. Əmin ola bilərsiniz ki, hər zaman nələrisə gözdən qaçırırıq. Bu, o demək deyil ki, diqqətsizik. Sadəcə bəziləri ya yaxşı təqdim olunmayıb, ya da hələ bizim dilimizdən eşitməmisiniz. Elə bizim də əsas məqsədimiz budur ki, eyni mövzulardan yox, çox danışılmayan mövzulardan danışıb, onları danışılan edək.

İnsanlar film və seriallardakı obrazlardan təsirlənib polis, həkim, detektiv olmaq istəyə bilirlər. Filmlərdəki geyim tərzləri geyimlərimizə, hətta danışıq tərzləri danışığımıza təsir edir. Bunu bizdən xəbərsiz beynimiz özü də edə bilir.

Detektiv janrlı seriallarla aranız necədir? Bu yazıdakı serialların çoxu məhz bu tərz seriallardır. Düşünürük ki, eyni monoton ssenarilərdən uzaqlaşıb fərqli istiqamətə yol alaq, elə isə keçək seriallarımıza.

 

1. Valhalla cinayətləri

2019-cu ilin ortalarında yayımlanan və 2020-ci ildə “Netflix”ə yerləşdirilən serial, İslandiya istehsalıdır. Serialın mövzusu polis və detektivlərin iş rejimi ilə bağlıdır və 8 epizoddan ibarətdir. Qeyd edək ki, serialdakı hadisələr gerçəkliyi əks etdirir. Hələ ki, sadəcə bir sezonu yayımlanan serialdan spoyler vermədən danışaq.

1940-cı illərin sonlarında uzaq İslandiyada dəhşətli bir hadisə baş verir. Dövlət tərəfindən idarə olunan bir təşkilatda 7 ilə 14 yaş arasında problemli gənc oğlanlar işçilər tərəfindən döyülür və təhqir olunurlar. Bu hadisə sonradan olduqca səs-küyə səbəb olur. Serialın rejissoru Tordur Palsson qeyd etdiyimiz hadisələr əsasında bu serialı çəkmək qərarına gəlir.

Hekayə İslandiyanın kənd yerlərindən birində cərəyan edir. Kontekst baxımından serial 35 il əvvəl Valhalla adlı sığınacaq evində baş vermiş bir hadisə ilə əlaqəli olan Reykyavikdəki  cinayəti araşdırır. Detektivlər Kata və Arnar bu hadisədəki həqiqəti axtarır. Daha dərin araşdırarkən mövcud hadisələrin Valhalla ilə bağlı dəhşətli keçmişə qayıtdığını, nəhayət, uşaqlara qarşı zorakılığın baş verdiyi və itkin düşmüş bir uşağın tapılması ilə nəticələnən araşdırmalar aparırlar. Kata və Arnar öz həyatlarını heçə sayaraq həqiqət parıldayan yerə qədər getməkdən çəkinmirlər. Bu serialın bizə ötürdüyü ən gözəl ismarış da bəlkə məhz budur?! Ədalət uğrunda döyüşmək!

 

2. Breslau vəbaları

Rejissorluğunu Patrik Veqanın etdiyi cinayət trillerinin premyerası 24 noyabr 2018-ci ildə keçirilib. Başlıq 1741-ci ildən 1945-ci ilə qədər Breslau olan Vrotslav şəhərinin əvvəlki adına uyğundur. Serial Breslauda müharibədən əvvəlki cinayət səhnələrini əsərlərinə daxil edən Marek Krayevskinin bir sıra cinayət romanlarına əsaslanır.

Hadisələr Vtotslav şəhərində baş verir. Detektiv Helena Rus inək gönündə tikilmiş bir cəsəd tapır. Cinayətlər növbəti beş gün davam edir. Beş gün ərzində baş verən cinayətlərin oxşar cəhəti isə hər gün eyni saatda – 18:00-da baş verməsidir. Polşa polisi detektiv Helena Rus ilə birlikdə təkrar cinayət törədilmədən əvvəl  qatili tapıb tutmağa çalışır. Hadisələr isə sonradan tamam başqa cür cərəyan edir.

 

3. İnanılmaz

Toni Kollet, Merritt Uiver və Keytlin Deverin də rol aldığı mini serialda Vaşinqton ştatında və Koloradoda baş verən bir sıra təcavüzlərdən bəhs edilir. Serial 13 sentyabr 2019-cu ildə “Netflix”də yayımlanıb.

2008–2011-ci illərdə Vaşinqton və Kolorado ardıcıl zorlama hadisələri baş verir. Serialda Mari ona təcavüz edildiyi barədə polisi məlumatlandırır. Uzun araşdırmalardan sonra isə polis Marinin yalan dediyini hesab edərək onu yalan ifadə verdiyi üçün cərimə edir.

Ancaq sonra iki detektivin ardıcıl baş verən təcavüzləri araşdırması ilə hadisə öz axarını dəyişir. Detektivlər çox çətin yolun sonunda dramatik bir nəticə ilə qarşı-qarşıya qalırlar.

İndi haqqında danışacağımız serial isə sizi daha çox duyğusallaşdıracaq. Əgər sizi ilhamlandıracaq bir serial axtarırsınızsa, bu serial sizin gözləntilərinizi doğruldacaq. Ötürdüyü ismarışlarla, rəngli tonları ilə, zövqlə seçilmiş kostyumları ilə gününüzü gözəlləşdirəcək. İlk seriyasından etibarən sizi özünə bağlayacaq bu 3 sezonluq serialın ilk sezonu barədə sizə bir az məlumat verək.

 

4. Enn

Kanada istehsalı olan bu epizodik televiziya serialının ssenarisi Lüsi Montqomerinin əsərindən təsirlənərək yazılmışdır. XIX əsrin sonlarında yaşayan gənc bir yetim qızın sərgüzəştləri haqqında olan serial, Şahzadə Edvard Adasında yeni həyatına öyrəşməyə çalışan Enn ilə bizi tanış edəcək. Ennin gözlərindəki ümid işığı neçə insanın gözlərində parıldayacaq. Enn filmin baş qəhrəmanı olaraq təkcə bir yetim qızı canlandırmır, Enn orda sadəcə bir rol deyil, həyatımızı, bizə verilənləri sevməyimiz üçün bir simvoldur.

Serial bəzən sizi çox güldürə, bəzən isə kədərləndirə, hətta ağlada bilər. Ancaq geniş məzmunu ilə bir çox mövzulara toxunması sizin serialı sevəcəyinizə şübhə yaratmır.

Sıraladığmız serialların ən önəmli cəhəti sizə qatacağı fikirlərdir. Ötürmək istədiyi ismarışlarla sizi bir mövzudan digər mövzulara aparacaq.

Biz söz verdiyimiz kimi bacardığımız qədər spoyler vermədik, bəs siz serialları izləməyə söz verirsiniz?

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir