izzet bagirov

İzzət Bağırov: “Övladlarıma qarşı xüsusi, özəl tərbiyə metodlarım yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 144

Valideyn olmaq hər nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. İnsan valideyn olduqdan sonra həyata baxışı dəyişir. İndiyə qədər özü üçün yaşayırdısa, övlad sahibi olduqdan sonra onlar üçün yaşayır. Elə bizim müsahibimiz kimi.

Bu günkü “Mənim balam” rubrikamızın qonağı sevilən sənətçi İzzət Bağırovdur. İfaçı uzun müddətdir ki, səhnədədir, mahnıları sevilir, dinlənilir, yeni filmi ilə tamaşaçıların diqqətini çəkməyi bacarıb. Bu dəfə isə biz onu sənətçi kimi deyil, bir valideyn kimi danışdırdıq. İzzət Bağırov üç oğul atasıdır. Böyük oğlu Əli, əkizləri Rza və Mehdi atalarının dəyərli varlıqlarıdır. Qonağımız deyir ki, uşağın yetişməsində valideynin nəzarəti, diqqəti mütləqdir.

Image result for izzət bağırov

 

– Övladlarınızı tərbiyə edərkən hansı üsuldan faydalanırsınız? Dədədə-baba üsulu ilə, yoxsa sizin öz tərbiyə metodlarınız var?

– Hər bir valideynin öz tərbiyə metodu var. Övladlarıma qarşı xüsusi, özəl tərbiyə metodlarım yoxdur. Çalışıram ki, onlarla dostluq edim. Əgər mən övladlarımla bir ata kimi rəftar etsəm, onlarla dost kimi davranmasam, bu, uşaqların mənimlə rəftarında bir az çətinlik yaradacaq. Belə olan halda valideyndən qorxmağa, çəkinməyə başlayacaqlar. Adətən insan dostu ilə sirlərini bölüşəndə rahat olur. Bunun üçün gərək onlarla dost olasan. Övladının bütün problemlərini məhz valideynə danışması və qarşılaşdığı durumları söyləməsi üçün bu çox vacibdir.

 

– Bəs onları cəzalandıranda nə edirsiniz? Sizcə, uşağı döymək tərbiyə üsuludurmu?

– Əlbəttə ki, uşağı döymək tərbiyə üsulu deyil. Onda uşaqla valideyn arasında bir sərhəd yaranacaq və o üzləşdiyi çətinlikləri, problemləri ilə bağlı valideyni ilə məsləhətləşməyəcək.  Valideynindən qorxacaq, çəkinəcək. Gələcəkdə hər hansı bir problemi olanda, onu valideynləri ilə bölüşməyəcək. Ən yaxşı üsul uşağın qəlbini ələ alıb, özünüzün ona yaxın olduğunuzu hiss etdirməkdir. Belə olanda uşaq da sərbəst davranır, valideyn də.

Uşaqları davamlı olaraq rejimdə saxlamaq olmaz. Uşaq oynamalı, öz uşaqlığını yaşamalıdır, yeri gələndə dağıtmalıdır da. Təbii ki, vəhşicəsinə yox. Əlbəttə ki, uşaqlar oynayarkən nəyisə sındıra və dağıda bilərlər. Onda onlara sərt cəza tətbiq etmək düzgün deyil. Ancaq belə olanda həqiqətən də valideynlər uşaqları sərt cəzalandırırlar. Kim deyirsə mən övladıma acıqlanmıram, döymürəm və yaxud da cəzalandırmıram, yalan deyir. Efir xatirinə “uşağımı ərköyün böyüdürəm” deyənlər də var. Bu gün uşaqların hamısının əllərində telefonlar, planşetlər var və onlar vasitəsilə müxtəlif oyunlar oynayırlar. Danılmaz faktdır ki, bu texnologiyalardan uşaqları mərhum etmək olmur.  Övladlarımın öz rejimi var – dərs, əyləncə və yatmaq saatları.

– Övladlarınız planşetlərdən istifadə edirmi və siz bu texnologiyalardan onları necə qoruyursunuz?

– Onlar da bu tendensiyadan geri qalmırlar. Planşetdə müxtəlif oyunlar oynayırlar. Ancaq saatla və nəzarətimizdə olan oyunları oynamaq icazələri var. Bilirəm ki, onlar hansı oyunları oynayırlar. Bu oyunları onlar üçün özüm yükləyirəm.

 

– Baxdıqları cizgi filmləri və uzaqlar üçün hazırlanmış verilişlərə necə, nəzarət edə bilirsinizmi?

– Hansı cizgi filmlərinə baxdıqlarına nəzarət edirəm. Hərdən efirdə nümayiş olunan cizgi filmlərində kimisə doğrayırlar və yaxud basdırırlar. Son zamanlar isə erotik cizgi filmlərinin sayı çoxalıb. Cizgi filmində qəhrəmanlar bir-biri ilə sevişib, öpüşürlər. Bunu çəkən animator nəyi nəzərə alıb, hansı düşüncə ilə belə bir film çəkir? Bunu çəkən rejissor nə düşünür, kimin üçün çəkir?  Bilmirlərmi ki, hazırladıqları məhsulu qəbul edən, izləyən tamaşaçı azyaşlıdır və bu onun psixologiyasına təsir edə bilər?

Hətta rusların məşhur cizgi filmi olan “Maşa və ayı”nı izləməyə uşaqlara qadağa qoymuşam. Bu cizgi filmi çox tərbiyəsiz filmdir. Balaca bir Maşa o boyda ayının başına oyun açır. Maşa bütün günü yandırır, sındırır, dağıdır, tökür. Uşaq da baxıb istəyir ki, Maşa kimi olsun.

Bizim zəmanəmizin cizgi filmləri daha yaxşı idi. Mən özümüzün dostluğu, qardaşlığı təbliğ edən “Tıq-Tıq xanım”, “Məlikməmməd”, “Cırtdan”, “Uçan xalça” kimi nağıllarımızı daha çox bəyənirəm. Hətta bizim dövrümüzdə nümayiş olunan xarici cizgi filmi “Nu, poqodi!” (“Bir dayan”) də çox gözəl filmdir.

 – İstərdinizmi, övladlarınız sizin sənətinizi davam etdirsinlər?

– Əkizlərdən biri Mehdi idmana çox həvəslidir. İndi cüdoya gedir. Bütün günü idmanla məşğuldur. Onun gələcəyini idmanda görürəm. Bu işdə əsas həvəsdir. Həvəs olsa, uşaq onun arxasınca gedər. Mehdi deyir ki, idmançıların qazandığı o qızıl zənciri alacam, sənə verəcəm, toya gedəndə taxarsan boynuna (gülürük). İdmançıların qazandığı kuboku da nəzərdə tutub deyir ki, o çayniki də qazanacam. Yəni bu misalı çəkməyimin səbəbi odur ki, yaşının az olmasına baxmayaraq, artıq iddialıdır və qarşısına məqsəd qoyub.

Rza isə yaxşı dərs oxuyandır. Əlindən kitab düşmür. Əli incəsənətə daha çox meyillidir. Sevdiyi aktyorlar kimi hərəkət edir, saçlarını onlar kimi uzadır. Sevdiyi məşhur insanlara sosial şəbəkələrdə mesaj yazıb, onlarla söhbət edir. Oğlanlarımın üçü də bir-birindən fərqlidir.

– Qeyd etdiniz ki, övladlarınızın indidən müxtəlif sahələrə həvəsi var. Bəs sizdə musiqiyə həvəs uşaq yaşlarından vardımı?

– Uşaq yaşlarımda Bülbül adına Orta İxtisas Məktəbində tar sinfini bitirmişəm. 9-cu sinifdə oxuyarkən artıq məşhurlaşdım. Məktəbdə kafedra müdirimiz dedi ki, xanəndə sinfini seç. Dedim ki, bu qədər əziyyət çəkmişəm, musiqi təhsilimi yarıda atmayım. Xalq artistimiz Əlibaba Məmmədovun sinfinə girdim və muğam dərslərini öyrənməyə başladım. Bülbül adına Orta İxtisas Məktəbini bitirəndə həm tar, həm də xanəndə sinfini bitirmiş oldum. Əgər insanın daxilində bir sənətə həvəs varsa, mütləq o işin arxasınca gedir. Mən 11 il özümlə tar daşıdım, ancaq bu gün mənim evimdə tar yoxdur. Əgər bu gün yaxşı bir tar ifaçısı olmayacaqdımsa, niyə onun arxasınca gedirdim? Bizim o qədər yaxşı tar ifaçılarımız var ki… Həvəsim olmasaydı, hər gün tarı çiynimə alıb, uzun yol qət edib bu təhsili almazdım.

 – Özünüz təbiətcə necə uşaq olmusunuz?

– Mən uşaqlıqda nadinc olmuşam. Balaxanı qəsəbəsində əmim uşaqları ilə hamımız bir yerdə böyümüşük. Uşaqlığımız onlarla birlikdə keçib. Biz həyət evində böyümüşük. Valideynlərimiz işə gedirdi, biz də həyətdə oynayırdıq.

 

– Ancaq indiki cəmiyyətdə uşaqları sərbəst şəkildə küçəyə buraxmaq olmur. Mediada, televiziyada azyaşlı uşaqların başına gətirilən o qədər hadisələri izləyirik ki.

– Sizinlə razıyam. Mən də övladlarımı tək küçəyə buraxmağa ehtiyat edirəm. Bunun üçün uşaqları özüm gəzməyə aparıram. Ötən gün uşaqları Hüseyn Cavid parkına apardım. Onlar velosiped sürür, mən isə çay içərək nəzarət edirdim. Bir də baxdım ki, 19-20 yaşında cavan uşaqlar hərəsi bir oturacaqda əyləşib, günün günorta çağı öpüşür, qucaqlaşırlar. Biri də yaxınlaşıb demir ki, siz burada nə işlə məşğulsunuz? Azyaşlı uşaqlar da diqqətini onlara yönəldir. Axı bura istirahət üçün nəzərdə tutulub, burada yaşlılar, qocalar, azyaşlı uşaqlar var.

– Bəs siz nə etdiniz?

– Uşaqlarımı parkdan apardım. İstər-istəməz, bu, uşaqların marağını çəkir, psixologiyasına təsir edir.

 

– Üç oğul övladınız var. Heç qız övladının xiffətini çəkmisinizmi?

– Mənim üçün övladın qız və ya oğlan olmasının fərqi yoxdur. İstər qız olsun, istər oğlan. Allah verən paydır.

 

– Övladlarınızın adlarına nəzər salanda görürük ki, üçü də dini addır.

– Oğlanlarımın adı 12 imamın (ə.s) adından götürdüyüm adlardır. Hər kəs bilir ki, mən Əhli-beyt aşiqiyəm. Birinci oğlumun adını İmam Əli qoymuşam, bunu istəyərək etmişəm. Əkizlərə də 8-ci və 12-ci imamlarımızın (ə.s) adlarını qoydum. Təbii ki, qız övladım da olsa idi, Zəhra, Fatimə, ya da Zeynəb adlarını qoyardım.

– Adətən sənət adamlarının boş zamanı olmur. Bəs siz övladlarınıza zaman ayıra bilirsinizmi?

– Əlbəttə. Evdə olduğum müddətcə onlara zaman ayırmağa çalışıram. Evdə uşaqlarla çox vaxt keçirirəm. Yalnız işim olanda harasa gedib yenidən evə dönürəm. Boş zamanlarımı çayxanalarda, restoranlarda keçirmək kimi bir xüsusiyyətə malik deyiləm. Gənc yaşlarında da işimi bitirən kimi evə gəlib boş zamanımı evdə dəyərləndirirdim.

 

– Bəzən deyirlər ki, övladının əməli-saleh birisi olması üçün gərək valideyn özü də nümunəvi olsun. Siz bu fikirlərlə razısınız?

– Əlbəttə ki. Uşaqların tərbiyəsində valideynin rolu böyükdür. Gərək ata övladlarının yanında siqaret çəkib, içki içməsin. Bunlar uşaqların tərbiyəsində ən vacib nüanslardır. Uşaq evdə stolun üstündə araq butulkası görəcəksə, əlbəttə ki, ona meyilli olacaq. Oğlanlarım gözünü açandan görüblər ki, mən namaz qılıram. Uşaqlarımın üçü də namaz qılır. Üçünün də namaz üçün ləvazimatları – öz təsbehləri, xalçaları var. Hətta oğlanlarımın ikisi namazın sözlərini əzbər bilir.

Əgər bu gün ata oğlunu marketə siqaretə, arağa göndərirsə, o uşağın hansı gələcəyindən danışmaq olar? Mən də bacardığım qədər çalışmışam ki, övladlarım belə şeylərə həvəsli olmasınlar.

 

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir