Culyetta

Kədərli eşq hekayəsi: Fellinini qucaqlayan ölmüş Culyetta

Baxış sayı: 1. 256

Əlli il və bir gün – onların xoşbəxtliyi bu qədər çəkdi. İki dahi – Culyetta Mazina və Federiko Fellini birlikdə məhz bu qədər yaşadılar. Onlar uzun və mənalı ömür yaşadılar və hətta ölüm də onları ayırmadı.

Culiya Anna adlı qızcığaz məşhur aktrisa olacağını güman etmirdi. Ciddi müəllim ailəsində böyüyən qız ibtidai təhsili başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Romaya, xalasının yanına yollanır. Gimnaziyanı bitirdikdən sonra arxeologiyaya maraq göstərən Culyetta universitetə daxil olur və burada tələbə teatrında rollar alır. Burada o, diqqəti çəkə bilir. Çox keçmir ki, Mazinanı radiotamaşalarda iştirak üçün dəvət edirlər. O, danışıq texnikasını inkişaf etdirmək üçün çox çalışır. Mazina Şimali İtaliya dialektindən qurtulmaq istəyirdi. Müxtəlif radiooşerklər oxuyan qız “Çikko və Polina” silsiləsini də səsləndirir. Bu silsilənin müəllifi isə Federiko Fellini idi. Çox keçmir Culyetta bu mətnlərin müəllifi olan arıq gənclə tanış olur. Maraqlı idi ki, özünün əsas həyat seçimini Fellini də təsadüfən etmişdi. Onun atası şərab və şirniyyat ticarəti ilə məşğul olurdu. Oğlunun gələcəyini vəkil kimi təsəvvür edən ata Fellininin rəsmə marağından xəbərdar idi. O, bunu boş iş hesab etsə də, oğluna mane olmurdu. Fellini hətta kiçik atelye də açmışdı və müştərilərin sifarişi ilə rəsmlər çəkirdi. 18 yaşı tamam olan Fellini Florensiyaya yollanır və tipoqrafiya şirkətində yığıcı işləyir. Burada o, yumoristik jurnallar üçün şəkil çəkməklə yanaşı, hekayələr də yazırdı.

Və bu arzularla da o, Romaya üz tutur. Burada gənc Fellini təxminən 10 sənətdə özünü sınayır. Sonra isə populyar aktrisa Aldo Fabritsi ilə tanış olur. Aldo onu teatr və kino aləminə aparır. Amma atasının nəsihətlərini unutmayan gənc həm də Roma Universitetinin hüquq fakültəsinə daxil olur. Dərslərlə yanaşı o, radiooçerklər yazmaqda da davam edir.

 

“Mən onun gözündəki əksimə vuruldum”

Fellini Culyettanı dərhal ovsunladı. O, öz həyatı haqqında çox danışır, bəzən də fantaziyalar uydururdu. Culyetta yaxşı anlayırdı ki, Fellininin qurduğu dünyanı uçurmaq olmaz. Yaxşı bilirdi ki, əsl sevgi qurban tələb edir. Və Culyetta bu qurbanları verməyə hazır idi. Fellini üçün, sevgiləri üçün. “Mən həmişə fikirləşirəm ki, mənim Culyetta ilə görüşüm taleyin hədiyyəsi idi. İlk tanışlığımızda Culyetta mənin quraşdırdığım səhnəcikləri səsləndirirdi. Sonra bütün həyatımız belə oldu”.

Tanış olandan cəmi iki həftə sonra onlar evlənir. Yaşamaq üçün Culyettanın xalasıgilə gedirlər. Bu hadisədən sonra Culyettanın valideynləri ilə xalasının arasında inciklik yarandı. Çünki valideynləri qızları üçün başqa kürəkən arzulayırdı. Mazina və Fellini beş ay sonra kəbin kəsdirdi. Fellini Mussolini ordusunda xidmətdən yayınır. Culyetta ilk uşağını itirir. Yarımçıq qalan hamiləlikdən sonra o, stress keçirmişdi. Xalası və həkimlər onu sakitləşdirərək, hələ gənc olduğunu, yenə də uşağı olacağını deyirdilər. Amma tale başqa plan qurmuşdu. Mazinanın ikinci hamiləliyi 1945-ci ilə təsadüf elədi. Cütlüyün Petro Federiko adlı oğlu dünyaya gəldi. Balaca çox zəif uşaq idi. Həkimlər xəbərdarlıq etmişdi ki, onun yaşamaq şansı çox azdır. Həkimlər həm də xəbərdarlıq etmişdi ki, bundan sonra Mazini daha doğa bilməyəcək. Culyetta Petronun yeganə ümid çırağı olduğunu dərk edirdi. Amma Mazinanın oğlu üçün mücadiləsi cəmi iki həftə çəkdi. Övladını itirən ana bir daha uşaq sahibi olmayacağını bilirdi. Culyetta dərin kədər içərisində idi. Federiko çəkilişlərdən həyəcanlı qayıdır və ancaq xanımına öz sevgisindən – kinematoqrafiyadan danışırdı. Fellini Culyettaya ürək-dirək vermək üçün deyirdi: “Qəm etmə, Culyetta. Axı mən varam”. Culyetta kədərini işində boğur və bütün həyatını ərinə həsr edir.

 

Dahi və mücadilə

Federiko Fellini öz dahiliyinə əmin idi. O, böyükləri asanlıqla tənqid edirdi. Onun üçün avtoritetlər yox idi. O, yan keçməyi, güzəştə getməyi xoşlamır və bəlkə də bacarmırdı. O, məqsədinə hücumla çatmağı xoşlayırdı. Hücum baş tutmayanda isə geri çəkilib gözləyirdi. O vaxta qədər ki, dünya onun fikirlərini qəbul etməyə hazır olsun. Culyetta da onun bu ehtirasını bölüşürdü və ona yardım etməyə çalışırdı. Mazina gecələr qəbullar təşkil edir, tanınmış simaları dəvət edirdi. Bəzən Fellini bu gecələrdə iştirak etməsə belə, onun kimliyinin tanınması üçün xanımı əlindən gələni edirdi. 1945-ci ildə Culyetta İtalyanın sevimlisi olan rejissor Roberto Roselini ilə tanış olur. Mazinanın vasitəçiliyi ilə Roberto Fellinini filmlərindən birində assistent olmağa dəvət edir. Daha sonra ikinci rejissor. Üç il sonra isə Fellini Robertonun ssenarisi ilə özü film çəkməyə başlayır. Beləliklə, dahi rejissorun film karyerası başlayır.

 

“İtmiş küçük gözlü balaca qadın”

Fellininin çoxsaylı mükafatları vardı. Amma təəssüf ki, pul yox idi. Onlar məşhurlaşsalar da, pul qazana bilmirdilər. Culyetta çox praktik qadın idi. Dostları da həmişə deyirdi ki, məhz Culyettanın sayəsində maestro acından ölməmişdi. Federiko heç vaxt nağd pul gəzdirmirdi. O bilirdi ki, cibində olanları dərhal itirəcək. O, həm də xərcləyirdi. Fellininin məşhur ağ şərflərı hamının xatirindədir. O, bu şərflərı ən bahalı modelyerlərdən alırdı. Fellini ən bahalı otellərdə, ən bahalı otaqlarda qalmağı sevirdi. Bütün bu hesabları Culyetta ödəyirdi və yarızarafat, yarıgerçək özünü “Fellininin maliyyəçisi” adlandırırdı. Amma Culyettanın nə bahalı xəzdən şubaları, nə də göz qamaşdıran brilyantları vardı. Onlar Romanın səs-küylü mərkəzində yaşayırdılar. Onların nə villaları, nə də bahalı yaxtaları vardı. İstirahət etmək zamanı gələndə isə onlar Fellininin atasının evinə gedirdilər.

“İtmiş küçük gözlü balaca qadın”. Fediriko Fellini öz sevimli qadınını belə adlandırırdı. Culyetta Fellinidən ayrı özünə yaxşı karyera qura bilərdi. Amma o, Fellininin cəmi 4 filmində rol aldı. Amma Fellini 1963-də “Səkkiz yarım”, 1947-də isə “Amarkord” filminə görə “Oskar aldı. Üçüncü “Oskar”ını Federiko Fellini kino sənətinə verdiyi töhfələrə görə qazandı.

 

Əbədi birlikdə

Culyetta öz problemlərini həmişə ərindən gizlədirdi. Onun ölümcül xəstəliyi barədə Fellini heç nə bilmirdi. Federikonu narahat etməmək üçün Culyetta ambulator müalicə almağa üstünlük verirdi. Həkimlər ona ciddi müalicə məsləhət bilsələr də, o, Federikonu narahat etmək istəmirdi. Culyetta Fellini xəstəxanaya düşəndən sonra həkimlərin dediyinə əməl etdi. O da xəstəxanaya yerləşmək qərarına gəldi. Amma başa düşdü ki, çox gecdir. Fellini bu barədə eşidəndə dəhşətə gəldi. Bu, sanki aydın səmada ildırım idi. Axı Culyetta Fellini üçün həm həyat yoldaşı, həm ana, həm dost, həm məsləhətçi, bir sözlə, hər şey idi. O, bir an içərisində hər şeyi itirəcəyini başa düşdü. Fellini buna hazır deyildi. Onlar yanaşı palatalarda yatırdılar. Fellini müalicə olunurdu. Culyetta isə ölürdü. Həkimlər bildirmişdi ki, Culyettanın uzağı iki il ömrü qalıb. Onlar ikisi də xəstəxanadan eyni gündə çıxdılar. Fellini həkimləri tələsdirirdi. 1993-cü il 31 oktyabrda onlar ailə qurmalarının 50-ci ilini qeyd etməli idi. Fellini ilk tanışlıqlarında getdikləri restoranda mərasim qurmaq istəyirdi. Culyetta isə bu günü evdə keçirməyi istəsə də, Fellinin yazdığı ssenaridən çıxmadı. Restoranda Culyetta ağladı. Fellini həmişə o ağlayanda əsəbiləşirdi. Amma bu dəfə o, sakit tərzdə dedi: “Ağlama… Celsomina”. Bu, Culyettanın ilk ekran qəhrəmanının adı idi. Bu, həmin gecə Fellininin son sözü oldu. Yemək verildi. Fellini çox iştahla yeməyə və içməyə başladı. Və birdən ürək tutması. Dərhal təcili tibbi yardım çağırıldı. Fellinini xəstəxanaya apardılar. Amma gec idi. Fellini artıq restoranda keçinmişdi. Fellininin dəfninə milyonlarla insan gəldi. Culyetta ağlamadı. Ona başsağlığı verənlərə sadəcə xəfifcə gülümsədi. Həkimlər ona təxminən iki il yaşamaq diaqnozu qoymuşdular . Amma Culyetta Mazina Fellinidən sonra cəmi 6 ay yaşadı. Culyetta necə istəmişdisə, onu elə də dəfn etdilər. Federiko Fellininin şəklini qucaqlamış halda. Məzarının üzərinə isə bu sözləri yazdılar: “Culyetta, indi ağlaya bilərsən…”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir