ders

Kəmiyyəti keyfiyyətə dəyişəcək qaydalar

Baxış sayı: 511

Ali təhsil ocaqlarında və Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən xeyli sayda alimlər var ki, onlar müxtəlif elmi adları və dərəcələri daşıyırlar. Onların içərisində xeyli sayda professor, dosent də var. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-2022-ci tədris ili üçün ölkədə professor-müəllim heyətinin sayı 14393 nəfər təşkil edir. Xüsusi olaraq, professor elmi adı ilə bağlı statistikanın göstərilməsi təsadüfi deyil. Bu günlərdə professor elmi adının verilməsi ilə bağlı qaydalara dəyişikliklər edildi. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikliyə əsasən, professor elmi adı almaq üçün iddiaçının yerinə yetirməli olduğu tələblər artırıldı. Başqa sözlə desək, professor olmaq üçün şərtlər sərtləşdirildi.
Görəsən tələblərin sərtləşdirilməsi nədən irəli gəlir? Ümumiyyətlə, professor elmi adının hansı üstünlükləri var?

 

“Kadr hazırlığını təmin edə biləcəyik”

Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, fərmanla edilən dəyişikliklər kifayət qədər məsuliyyət yaradır: “Əvvəllər elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları bəsit idi. İndi isə tələblər, şərtlər kifayət qədər sərtləşdirilib. Ölkə prezidentin bununla bağlı imzaladığı sərəncam qüvvəyə mindikdən sonra biz beynəlxalq səviyyədə kadr hazırlığını təmin edə biləcəyik. Bu həm də ona gətirib çıxaracaq ki, Azərbaycan elminin beynəlxalq rəqabətliliyi artacaq. Ümumiyyətlə, dünyada elmi istinadlar məsələsi çox gündəmdədir və hər bir alimin məhsuldarlığı onun işinə istinadlarla ölçülür. Bu istinadlar hər bir alimin işlədiyi müəssisənin, yekunda isə ölkənin adının beynəlxalq reytinqlər cədvəlində yüksəlməsi deməkdir. Düşünürəm ki, bu istiqamətdə görülən işlərdə bir qədər gecikmişik. Çünki mütləq şəkildə beynəlxalq indeksləşdirmə sistemlərində, bazalarda “H” indeksli istinadlar nəzərə alınır. Buna əməl olunması artıq əsasnamə tələbindən irəli gələn məsələdir. Yəni bu qaydalar əsasında biz alimlərimizin məhz beynəlxalq səviyyədə hazırlanması işinə töhfə vermiş olacağıq”.

“Professor elmi adı böyük məsuliyyətdir”

Ekspertin sözlərinə görə, konkret professor elmi adının verilməsi üçün tələblərin sərtləşdirilməsi həm də ona xidmət edir ki, biz alimlərimizin beynəlxalq hazırlığını təmin edə bilək: “Əvvəllər bu sahədə boşluqlar kifayət qədər çox idi. İndi biz ali təhsil müəssisələrimizi də o səviyyəyə gətirməliyik ki, onlar bu standartlar çərçivəsində gələcəkdə elmi adları verməkdə müstəqil olsunlar. Düşünürəm ki, bu ali məktəblərə olan etimadın, inamın artırılması demək olacaq. Əlbəttə ki, professor elmi adı kifayət qədər böyük məsuliyyətdir. Bu adı almaq istəyən hər bir şəxs, alim başa düşməlidir ki, bunun üçün konkret tələblər var. Onu qeyd edim ki, son illərdə elmi dərəcələrin və adların verilməsində olan boşluqlardan kifayət qədər istifadə edənlər oldu. Azərbaycanda bu qədər elmi adı və dərəcəsi olan adamlar olmasına baxmayaraq, beynəlxalq indekslərdə onların işlərinə istinadlar çox azdır. Acınacaqlısı odur ki, istinadların sayında digər Cənubi Qafqaz ölkələrinin alimlərindən də geri qalırıq.

Biz bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə birgə layihə etdik və 34 universitetdə tədqiqatçı müəllimlərlə görüşdük. Məlum oldu ki, alimlərimizin böyük əksəriyyətinin beynəlxalq stillər çərçivəsində məqalə yazmaq, elmi iş təqdim etmək səriştələri yoxdur. Tələblərin sərtləşdirilməsi alimlərdə peşəkarlığını artırmaq vərdişlərini formalaşdıracaq. Əslində bu tələblər beynəlxalq standartlardan irəli gəlir və qeyri-adi bir şey yoxdur. Əgər bu gün elmin inkişafından danışırıqsa, başa düşməliyik ki, bu, milli çərçivədə ola bilməz. Beynəlxalq rəqabətə davam gətirmək üçün mütləq şəkildə həmin tələbləri Azərbaycana gətirməliyik və bu, sənədlərdə öz əksini tapmalıdır”.

 

“Qaydaların sərtləşdirilməsi maneə deyil”

İ.Orucov qeyd etdi ki, professor adına iddialı olan şəxsin həm də elmi məktəbi olmalıdır: “Qardaş Türkiyədə çalışan alimlərlə təmasda olarkən də görürəm ki, bu məsələ orada da çətindir. O baxımdan bu qaydaların sərtləşdirilməsi bir maneə deyil, əksinə, keyfiyyətin yüksəlməsinə yönəlib. Bu gələcəkdə ona gətirib çıxaracaq ki, həm ölkə üçün strateji əhəmiyyət kəsb edən, həm də beynəlxalq istiqamətdə daha çox önəm verilən mövzulara alimlərimiz müraciət edəcək, tədqiqat aparacaq”.

 

Bəxtiyar Məmmədli  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir