restoran

Kafe və restoranların karantin bəlası: Dövlət qurumlarının qərarları niyə işə yaramır?

Baxış sayı: 907

Nazirlər Kabinetinin qərarına dəyişikliyə əsasən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir. Həmin şəxsin funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Bu qərarın nə dərəcədə effektiv olub-olmayacağı haqda danışan “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bütün müəssisələrdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu kimi, karantin müddətində hər bir ictimai iaşə müəssisəsində ayrıca cavabdeh şəxsin olması müsbət haldır. Tələblərin yerinə yetirilməsi üçün bu şəxsin üzərinə müəyyən məsuliyyət də qoyulmalıdır. Bundan başqa, həmin məsul şəxs haqda da restoran və kafedə məlumat lövhəsi yerləşdirilməlidir, maarifləndirici çarxlar göstərilməlidir.

E.Hüseynovun sözlərinə görə, yaxında AQTA-nın nəzdində İctimai Şura yaradılacaq. İctimai Şuranın təmsilçiləri də bu cür monitorinqlər aparıb məsul şəxslər üzərində ictimai nəzarəti həyata keçirə biləcəklər: “İctimai nəzarət olmadan, müsbət nəticə əldə etmək mümkün olmaz”.

AİB sədri COVID-19-dan qorunmada, eyni zamanda da sanitar-gigiyenik tələblərə əməl olunmasında effektivliyi artırmaq üçün qeyd edib ki, mətbəxdəki vəziyyəti izləmək üçün monitorlar qoyulmalıdır:

“Beləcə istehlakçılar mətbəxdəki proses, ümumi vəziyyətlə tanış olur, sanitar-gigiyenik qaydalara əməl olunub-olunmamasını da izləyə bilirlər”.

DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi qeyd edir ki, qabaqlayıcı tədbirlərin görülməsi üçün təyin olunan məsul şəxs həm təlimlər keçəcək, həm də təlim qrupları ilə əlaqələndirici şəxsə çevriləcək.

Bakıda restoran, arxiv şəkli

Dübəndi sözügedən addımı gecikmiş hesab edir:

“Takeaway” və çatdırılma xidmətləri ilə bağlı deyim ki, Nazirlər Kabinetinin qərarında həftəsonu restoranlar, kafelərdə bu xidmətlərin dayandırılması haqda heç bir göstəriş yoxdur. Ümid edirəm ki, tez bir zamanda buna aydınlıq gətirilər. Restoran və kafelər ümid edir ki, həftəsonu belə qadağalar olmayacaq”.

Həmsöhbətimiz deyir ki, verilən qərarlarla bağlı çaşqınlığı aradan qaldırmaq üçün aidiyyəti qurumlar peşə assosiasiyaları ilə sıx əməkdaşlıq etməlidir:

“Bu qərarlardan irəli gələn qaydaları bilavasitə bizə başa salmalıdırlar ki, biz də əməkdaşlıq etdiyimiz, sıx əlaqədə olduğumuz restoran və kafe və digər ictimai iaşə müəssisələrini məlumatlandıra bilək. Ötən həftə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladım, məsul bir şəxslə danışdım və mənə dəqiq bir fikir deyilmədi. Düzdür, NK-nın qərarına görə sorğuya 30 gün ərzində də cavab verilə bilər. Qeyd edim ki, bəzi hallarda sorğularımıza 29-cu gündə cavab gəlir, bu da bəzən çox gec olur. Məncə qurumlar arasında əlaqələr daha sıx olmalıdır”.

Dübəndinin fikrincə, həftəsonu çatıdırılma xidmətlərinin dayandırılması yenə də iş yerlərinin itirilməsinə, ixtisarlara səbəb olacaq:

“Bu gün adi kulinariya mağazalarında yoluxma riski daha yüksəkdir, nəinki, restoran və kafelərdə. Təsəvvür edin, həftə sonları neft şirkətlərində işləyənlərə qidalar çatdırılır. İndi buna qadağa qoyulacaq?!

Bu gün ölkədə 30 mindən artıq ictimai iaişə müəssisəsi var. Qurumların hansı mexanizmləri, işgüzar şəbəkələri var ki, bu 30 min müəssisəni birdən-birə məlumatlandırsınlar?! Bunu edirlərsə, o zaman niyə 100-lərlə müəssisə sualla bizə müraciət edir?”.

Ekspert təklif edir ki, anlaşılmazlıqlar və narazılıqların olmaması, həmçinin insanların iş yerlərini itirməməsi üçün dövlət qurumları hansısa qərar verərkən mütləq peşəkarların da əməyindən, biliyindən yararlanmalıdır. Qərarlar kabinetlərdə qəbul olunmamalıdır, bunun üçün kabinetləri tərk etməlidirlər.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir