nurlan

Kanadada təhsil alan həmyerlimiz: “Kanada haqqında digər səhv düşüncəm o idi ki…”

Baxış sayı: 338

Gencaile.az saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı  Alberta universitetinin, Elm fakültəsində fizika ixtisası üzrə təhsil alan Nurlan Rzayevdir.

 

– Kanada təhsil sistemi yaxşı qurulsa da heç də hər bir xaricdə oxumaq istəyən həmyerlimiz bu ölkəyə üz tutmur. Siz nə əcəb Kanadanı seçmisiniz?

-Hal-hazırda Təhsil Nazirliyinin təmin etdiyi dövlət təqaüdü vasitəsilə təhsil alıram. Hansı universitetdə təhsil alacağımı qərarlaşdırdığım zaman əsas üç suala cavab tapmağa çalışırdım: təhsil sistemi yüksək olan ölkə, müraciət tələbləri nisbətən asan olan universitet və təhsil nazirliyinin bu ölkəyə tələbə yollayıb-yollamaması. Demək olar ki, bu kriteryalardan başqa, məsələn ölkənin iqlimi, Alberta universitetinin Fizika sahəsindəki nüfuzu və s. kimi şeyləri çox fikirləşmirdim. Beləcə, ən optimal variant Kanadanın Alberta universiteti olduğuna görə bura da müraciət etmişdim.

 

– Kanadaya yollanmazdan öncə bu ölkə haqda düşündüklərinizlə orda olduqdan sonra formalaşan fikirləriniz arasında nə kimi fərqlər var?

– Kanadaya gəlməmişdən əvvəl bu ölkədə dil probleminə görə insanlarla çox az sosiallaşacağımı güman edirdim. Amma gəldikdən sonra anladım ki, ölkədə əsas dili ingilis dili olmayan ölkələrdən gəlmiş çox tələbə və müəllimlər var. Bu bir növ mənə komplekslərimdən uzaqlaşmağa yardım etdi. Kanada haqqında digər səhv düşüncəm o idi ki, bu ölkənin əsasən sekulyar və milli dəyərlərə önəm verməyən ölkə olduğunu düşünürdüm. İndi isə buranı dinə və milli dəyərlərə qarşı hörmət bəsləyən multikultural ölkə kimi tanıyıram.

 

– Bu ölkə yaşamaq üçün ən ideal yer olmaqla yanaşı, təhsil üçündə ən yaxşı ölkələrdən biridir. Təhsil Kanada dövlətinin əsas diqqətində olan sahədir. Burada təhsilə dövlət tərəfindən çox böyük diqqət verilir. Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir. Sizcə, bütün bunların fonunda ölkənin təhsil sistemində çatıçmayan nələrsə var?

– Həqiqətən də Kanada universitetlərinə istər araşdırma sahəsində, istər xarici tələbələri təmin etdiyi şəraitlərə görə istərsə də akademik heyyətinin nüfuzuna görə söz ola bilməz. Məncə ümumi olaraq təhsil sistemində çatışmayan bir şey yoxdur.

 

– Kanada əhalisi mənzil, telefon, internet, kabel televiziyası, benzin və sığorta, bazarlıq, yemək, maşın, elektrik enerjisinə görə kifayət qədər yüksək məbləğ ödəyir. Ehtimal etmək olar ki, Kanadada dünyanın əksər ölkələri ilə müqayisədə həyatın dəyəri, orta hesabla, beş dəfə yüksəkdir. Belə vəziyyətdə Kanadada yaşamaq çətin deyil ki?

-Fikrimcə, Kanadada normal orta aylıq gəlirin miqdarı da yaxşı olduğuna görə bütün bu xərcləri qarşılamaq çətin olmur. Daimi gəliri olmayan bir kəs üçün bu ölkədə yaşamaq demək olar ki, mümkünsüzdür. Azərbaycandan fərqli olaraq Kanadada insanlar müstəqil yaşamağa üstünlük verdiklərinə (və ya cəmiyyət normalarına əsasən) və qohumluq əlaqələrinin möhkəm olmadığına görə işsizlik böyük problemlər çıxara bilir.

 nurlan 1

– Artıq təhsilinizin 4-cü ilinə başlamaq ərəfəsindəsiniz ki bu da Kanada ilə Azərbaycan arasında müəyyən müqayisələr aparmaq üçün yetərli zamandır. İlk baxışdan Kanada ilə Azərbaycan arasında xeyli fərqlər var. Onlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

– Digər şərq ölkələrindən Kanadaya gəlmiş insanlarla ünsiyyət qurduğun zaman istiqanlılıq, güvən, səmimiyyət kimi hisslərin ortaq olduğuna diqqət edirsən.

 

– Maraqlıdır, bu ölkədə gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?

-Bu barədə bir o qədər də məlumatım olmadığı üçün hansının populyar olduğunu deyə bilmərəm. Amma, burada gənclər evlənməmiş də bir araya gəlirlər. Hər halda bu zaman dönəmində qarşı tərəfi həqiqətən sevib-sevmədiklərini müəyyənləşdirir və nə işlə məşğul olduqlarını, həyat və düşüncə tərzlərinin necə olduğunu, xasiyyətlərini öyrənir və ailə qurub-qurmayacaqlarına qərar verirlər. Təbii ki, bu əlaqələrin əksəriyyəti evliliklə deyil üzgünlüklərlə bitir.

 

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

-Ümumiyyətlə Kanadanın özünəməxsus, zəngin mətbəxi yoxdur. Azərbaycan mətbəxi dedikdə ağıla piti, dovğa, dolma kimi dadlı təamlar gəlir. Kanada mətbəxi dedikdə ağlıma konkret bir yemək gəlmir. Məsələn, burda Türk, Ərəb və s. kimi ölkələrin mətbəxləri bu ölkələrdən gəlmiş insanlar və kanadalıların özləri tərəfindən sevilir. Biz də evdən kənarda yeməyə getdiyimizdə bu tip restoranlara üz tuturuq. Bir sözlə, bu ölkənin sırf yerli mətbəxinin olduğunu deməzdim. Mənim  rasionuma gəlincə, evdə Azərbaycanda yediyimiz makaron, plov, kartof qızartması kimi tipik yeməklərdən ən bəsit formada bişirməyə çalışırıq.

 

– Bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursunuz?

– Təzə-təzə başladıqda təcrübəsizliyə görə bu şeyləri yerinə yetirmək çətin ola bilər. Amma, müəyyən qədər vaxt keçdikdən sonra bu öhdəlikləri necə və nə zaman edəcəyini bildiyinə görə daha az zaman sərf edirsən. Sössüz ki, imtahanlar ərəfəsində vaxt qıtlığına görə vəziyyət gərginləşə bilər. Belə düşünürəm ki, bazarlıq, alış-veriş və s. kimi öhdəliklər tələbəlik həyatında ən azı təhsil qədər önəmlidir. Çünki, gün ərzində adını çəkdiyimiz vəzifələrin haçan və nə şəkildə yerinə yetiriləcəyini fikirləşmək insanın plan-proqramlı, ağıllı qərar verən olmasına və problem həlletmə qabiliyyətinin artmasına gətirib çıxarır. Hələ gənc ikən zaman axımının sürətini hiss eliyirsən.

 nurlan 2

– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Ətrafınızdakı gənclərlə bu mövzuda müzakirələriniz olurmu?

– İlk olaraq demək istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin təkcə sosial media vasitəsilə deyil, həm də fərdi şəkildə məlumatsız və ya səhv məlumatlandırılmış kəslərə çatdırılmasını tam dəstəkləyirəm. Həmçinin, bu haqda olan müzakirələrin nifrət deyil, ədalət və insan həyatlarının tapdanılması üzərinə qurulmasının tərəfdarıyam. Sırf  kanadalıların özləri ilə olmasa belə, bu tip müzakirələr digər qərb ölkələrindən gələn tələbələrlə bir neçə dəfə olub. Bəziləri bizə qarşı edilmiş haqsızlıqdan xəbərdardırlar.

 

 

Söhbətləşdi: Tural Məmmədov

Картинки по запросу Alberta universiteti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir