usaq

Kaprizli uşaqla necə davranmalı? – Psixoloq məsləhəti

Baxış sayı: 2. 683

“Gencaile.az” Aile.lent.az-a istinadən “Narınc Uşaq Psixologiya Mərkəzinin pedaqoq-psixoloqu Fəridə Həsənovanın məqaləsini təqdim edir.

Hazırda uşaqlar arasında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.

Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq nədir? Aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur, davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidir. Klassik davranış pozuntusu aşağıdakı kimi sərgilənir:

1) Uzun müddət davam edən aqressiv davranışlar

2) Yalanlar, yaxud hadisənin şişirdilməsi

3) Təcavüzkar davranışlar

4) Uyğunsuz ifadələrin işlədilməsi və.s

5) Altını islatma

6) Dırnaq yemə və barmaq əmmə

7) Əsassız qorxular

8) Masturbasiya (cinsiyyət orqanını əli ilə oynatma)

9) İştahasızlıq

10) Yuxu problemləri (gec yuxuya getmə, yuxudan qəfil oyanma,yuxuda danışma və.s.)

11) Kaprizlər

12) Aşırı hərəkətlilik

Yaranma səbəbləri

Davranış pozuntusunun aşağıdakı səbəbləri var:

1) Diqqət çəkmək istəyi – uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və s.

2) Özünü təsdiqlətmək istəyi – Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları aşırı qoruyur, hətta uşağın işini onun əvəzinə yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq əslində bu, uşaqda davranış pozuntusunu ortaya çıxarır.

3) Valideynlərdən intiqam almaq istəyi – Bu, əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır, uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyndən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.

4) Özünü xatırlatma – Bu, ən çox mühafizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı hədsiz çox qoruyur. Hətta onun məsuliyyətinə daxil olan işləri də valideynlər yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ özünü ailəyə xatırlatmağa çalışır.

Belə uşaqlarla necə davranmalı?

1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və…)

2) Sevgi göstərmək – uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun. Seçim haqqını ona verin.

3) Özgüvən vermək – onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə tərifləyin. Daha da yaxşı davranması üçün cəsarətləndirin. Ona güvəndiynizi və onu təmənnasız sevdiyinizi bildirin.

Əziz valideynlər bir şeyi heç vaxt unutmayın: uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir