Vefa Residova

Karantin dövründə aqressiyadan necə uzaq olaq? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 832

Ölkəmizdə koronavirusa yoluxanların sayının kəskin artması ilə əlaqədar yenidən karantin qaydaları  sərtləşdirildi. İyulun 5-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. Qərara əsasən vətəndaşlar yenidən SMS icazə ilə evdən çıxa bilirlər.

Beləliklə, isti yay mövsümündə həm koronavirusa yoluxma sayının artması, həm də karantin rejiminin yenidən sərtləşdirilməsi insanlarda aqresiyya, təlaşı daha da artırmış oldu. Bəs bu cür neqativ hallardan necə uzaq olaq?

Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova aşağıdakıları dedi:

“Bu, artıq çox həssas bir mövzuya çevrilib. Ötən zamanlarla müqayisə edəndə görürük ki, durum insanlar üçün indi çox çətindir. Əvvəllər qeyd edirdik ki, bu cür çətin durumdan çıxmaq, özümüzə köməklik etmək üçün alternativ yollardan istifadə etməliyik.

Lakin artıq alternativ yol da yoxdur. Yeganə yolumuz  budur ki, gözləyək, səbir edək. Əgər bu gün cəmiyyətdə aqressiya, təşviş, sərt reaksiyalar nümayiş etdirsək, mənfi emosiyalar ötürsək, həqiqətən bu virus daha da artacaq və karantin müddəti yenidən uzanmış olacaq. Bunun üçün bütün insanlara çağırış edirəm ki, bu periodu da geridə qoyaq və səbirlə gözləyək. Bu artıq bizim üçün vacib məsələdir”.

Psixoloq mövsümün də aqressiv davranışlara təsir göstərdiyini deyir: “Havanın, fəslin də bu işdə çox böyük rolu var. Məsələn, qış, payız ayları olsaydı, insanlarda bu qədər aqressiya müşahidə edilməyəcəkdi. İndi isə yay fəslidir və hər kəsin yay üçün maraqlı planları, istəkləri,  gedəcəkləri, arzuladıqları yerlər var idi. Hətta bir çox insanlar bu planlarını qışdan qurmağa başlamışdılar. Heç təsəvvürümüzə də gətirməzdik ki, bütün dünya bu cür problemlə qarşılaşa bilər.

Ümumiyyətlə, insan psixologiyasında belə bir məqam var, planladığı nəyəsə nail olmayanda, arzuladığını həyata keçirməyəndə hadisə beynində tamamlanmır və insan bu zaman aqressivləşir.

İnsanların aqressivləşməsi evdə oturmaqla bağlı deyil. Bir çox insanlar onsuz da evdə otururdu, çölə az çıxırdı. Sadəcə, insanların arzuladığı planlar həyata keçmir və ya həyata keçirmək üçün şərait yoxdur. İnsanlarla söhbətləşəndə də eyni sözləri eşidirəm – “Niyə istədiklərim yerinə yetmir?” Yəni sanki istədikləri əllərindən alınıb, ona görə də aqressiv olmağa başlayırlar.

Lakin aqressiya heç bir şeyi həll etmir və heç mümkün də deyil. Hirs cəmiyyəti daha çox geriyə salır, mənəvi baxımdan zəiflədir.

Hər kəsi anlayır və nə yaşadığını hiss edir, başa düşürəm. Amma qeyd etdiyim kimi, bizim sadəcə bir yolumuz var – səbir edib, gözləmək. Hər bir insan özünə köməklik etməli, təsəlli verməlidir. Unutmaq olmaz ki, bu proseslər bütün dünyada baş verir. Bütün dünyadakı insanlar bu cür karantin rejimində yaşayır, təlaşlı və həyəcanlıdır. Bunları xatırlamaqla insanlar öz hisslərini nizamlamalıdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir