usaqlar

Karantin dövründə uşaqlarla necə davranmalıyıq?

Baxış sayı: 220

Bu gün milyonlarla insanın həyat tərzini dəyişən, onlara əhəmiyyətli dərəcədə təsir edən Covid-19 valideynlər və uşaqlar üçün də narahatlıq və qorxu yaradır. Valideynlər bu vəziyyəti uşaqlarına izah etməkdə çətinlik çəkir və hansı üsuldan istifadə edəcəyini bilmirlər. Koronavirus infeksiyası səbəbilə məktəblərin və bağçaların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması uşaqların evdə daha çox vaxt keçirməsinə səbəb olub. Belə vəziyyətdən valideynlərlə yanaşı uşaqlar da məmnun deyillər. Bəs nə etməli? Valideyn necə etməlidir ki, uşaqlar karantin müddətindən yeni bir psixoloj travma ilə çıxmasınlar.

 

Təhlükəni uşaqlara necə anlatmalı?

Psixoloq-pedaqoq Gülnar Orucova deyir ki, hazırda uşaqların böyüklərlə müqayisədə məsuliyyətli davranması onu təəccübləndirir: “Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, böyüklər bunu uşaqlardan daha gec qavrayır və virusla bağlı “yalandır” deyənlərə hələ də rast gəlirik. Uşaqlar böyüklərdən daha məsuliyyətli yanaşırlar. Çünki bəzi cizgi filmlərində uşaqlara virusu çox gözəl izah edirlər. Əslində biz də valideyn olaraq, vəziyyəti düzgün şəkildə onlara  başa salmalıyıq. Uşaq infeksiya haqqında məlumat almaq istəyəndə onu yayındırmamalıyıq.  “Bu, virusdur, əllərini yumasan sən öləcəksən”, “bu virus adamı öldürür” kimi sözləri uşaqlara demək olmaz. Virusu uşaqlara belə izah etdikdə, uşağın şüuru altında ölüm qorxusu, fobiya yaradırıq. Hansı ki, bir müddət sonra karantində hər bir vəziyyət düzələcək, ancaq onun psixikasında yaratdığımız durum psixoloji travma olaraq qalacaq”.

Psixoloqun sözlərinə görə, ilk növbədə uşağa gigiyenik normaları, virusdan qorunmağın yollarını öyrətmək lazımdır: “Virusun insan orqanizminə zərərli olduğunu övladınıza oyun şəklində öyrətmək lazımdır. Çünki oyunlarla, əylənərək öyrətmək daha çox effekt verir, nəinki sərt rəftar, qadağalar. “Bax, mən əllərimi yudum, indi sənin növbəndir, gəl sən də əllərini yu” kimi sözləri deməliyik. Məsələn, “bax gör ana-ata əllərini necə yuyur, sən də gəl bizə qoşul” kimi sözlərlə həvəsləndirməliyik. “Viruslar orqanizmimizə düşər, bizə zərər verə bilər” kimi versiyalarda izah etmək lazımdır. Uşağa “virus ölümcüldür, bizi öldürər” sözlərini qətiyyən demək olmaz. İkinci bir tərəfdən, bu vaxtlarda uşağımıza diqqət qayğı göstərməliyik. Bu dönəmi insanlar elə qəbul edib ki, sanki karantin dönəmi yox, istirahətdəyik. Uşaqlarını gəzməyə, qohum ziyarətlərinə aparırlar. Dövlət karantin elan edib, tətil elan etməyib ki, siz uşaqlarınzla gəzəsiniz. Bu qaydanı, əslində, uşaqlardan çox böyüklərə anlatmalıyıq. Çünki böyüklər, əgər bunlara əməl edirsə, uşaqlar da edəcək. Bu dövr ərzində bir sıra bacarıqları ortaya çıxaran imkanlar var. Övladımıza zaman ayırmalıyıq. Ola bilər ki, biz bundan öncə övladımızın nəyə marağı olduğunu kəşf edə bilməmişik. İndi tam vaxtıdır. Bu gün, əgər valideyn salon bağlı olduğu üçün saç ustasını evə çağırırsa, vəziyyətin ciddiliyini həqiqətən qəbul etmir. Uşaqlarımıza günlük rejim qurmaq lazımdır. Biz düşünməli deyilik ki, uşaqlarımız evdədirsə, gecə istədiyi saata qədər internetdə oturub, axşam filan vaxtda yata bilər. Uşaqların rejimi dəyişməməlidir”.

 

“Yalan məlumat verməyin”

Psixoloq Günel Qurbanova isə hesab edir ki, valideynlər bu virus barədə dəqiq informasiyalar əldə edərək maariflənməlidir. Onun sözlərinə görə, əsaslı informarsiyaya malik olmayan valideyn, uşağı da düzgün maarifləndirə bilməz: “Uşaqlar, istər – istəməz, bu virus haqqında az da olsa məlumat alıblar . Ən azından bütün xəbərlərdə bu barədə danışılır, həmçinin siz də öz yaxınlarınızla bu barədə danışırsınız. İşə getmirsiniz, uşaq məktəbə getmir, baxçaya getmir, səyahət etmirsiniz, gəzməyə getmirsiniz, beləliklə də, artıq uşağın zehnində müəyyən qədər informasiyalar formalaşıb. Bu məqamda fikrində çoxlu suallar yaranır və sizə ünvanlayır. “Ona pis təsir etməsin” düşüncəsi ilə bu sualları ötüşdürməyə çalışmayın. Nəzərə almalısınız ki, hazırki vəziyyətin  bitməsi bilinməyən bir tarixdədir. Suallarına cavab tapa bilməyən uşaq isə qısa bir zaman sonra emosional partlayış yaşaya bilər”.

Uşağa virusu izah etmək yollarına gəldikdə isə həmsöhbətimiz deyir ki, reallıq nədirsə, o da izah edilməlidir: “Yalan və ya təhrif olunmuş məlumat verməyin ki, gerçəkləri başqa bir mənbədən öyrəndiyi zaman güvən problemi yaşamasın. Sadəcə olaraq, təşviş və qayğı problemi yaşatmamaq üçün virus barədə çox dərin məlumatlar verməyin. Məsələn, ölüm hallarının olması haqqında məlumat vermək uşaqlarda valideynlərini itirmə qorxusunu yarada və ya artıra bilər. Diqqət olunmalı nüans uşağın yaşına və qavramasına uyğun izahdır. 10 yaşına qədər olan uşaqlar üçün qısa animasiya videosu izlədə bilərsiniz. Təbii ki, bu videonu öncə sizin izləyib analiz etməniz vacib məsələdir. Şəkillər çəkərək bu rəsmlər üzərindən və ya hekayələr quraraq, daha sadə dil ilə izah oluna bilər. Azyaşlı uşaqlar vizual informasiyaları daha yaxşı qavrayır və bu kimi izah olunması çətin olan mövzularda daha çox faydalı olur”.

 

Özünüzü, uşaqlarınızı, ailənizi qorumaq naminə…

Psixoloq sonda vurğuladı ki, uşaqları maarifləndirməzdən öncə, özünüzdəki qorxuya qalib gəlməlisiniz: “Nə qədər öz təşvişinizi gizlətməyə çalışsanız da, sizdəki dəyişikliyi övladlarınız, əmin olun, hiss edəcəklər. Öz daxili sakitliyinizi bərpa etdikdən sonra uşaqlarınıza,-” Mən (və ya biz) sənin yanındayam. Ailən səninlədi və biz səninlə olduğumuza görə səni qoruya biləcəyik, narahat olma” – deyin. Bu cümlə nə qədər sadə olursa olsun, uşaqlardaki qorxu, təşviş hissi azalacaq və özünü daha çox təhlükəsiz mühitdə hiss edəcək. Hərəkət inkişafı göstərən bir amildir. Ona görə də uşaqların çox hərəkətli olması, ev şəraitində sizləri yorması normal haldır. Bununla mübarizə aparmaq yerinə, onlarla daha faydalı vaxt keçirməyə çalışın. Gün ərzində çox hərəkət edə biləcəkləri 1-2 oyun qura bilərsiniz. Məsələn, “gizlən qaç”, “qutudan çıxan rəngi tap”, “səssiz film” kimi həm zehni, həm fiziki hərəkət tələb edən oyunlar oynayaraq bu problemli dövrü daha çox əylənərək və uşaqlarla dostlaşaraq keçirə bilərsiniz. Unutmayın ki, psixoloji motivasiya və ruh yüksəkliyi, fizioloji immunitetə təsir edən əsas amillərdən biridir. Özünüzü, uşaqlarınızı, ailənizi qorumaq naminə evinizdə qalın”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir