sevgi

Karantin dövründə uzaqlaşan “sevgililər”

Baxış sayı: 816

“Əslində, 1 ilə yaxındır bir-birimizi tanıyırdıq. Aprel ayında, yəni karantin rejiminin gücləndiyi bir vaxtda biz daha tez-tez danışmağa başladıq. İş yox, gedəcək yer yox. Bekarçılıqdan bütün gün mesajlaşırdıq. SMS yazaraq icazəli çölə çıxıb bir-iki dəfə görüşdüyümüz də olub. Bir yerdə olanda adam zamanın necə keçdiyini hiss etmir. Buna görə də mənimlə görüşdüyünə görə cərimələndiyi də olub. Amma karantin rejimi yumuşalandan sonra daha əvvəlki kimi bekar olmadım. İşimə başladım. Sanki yuxudan oyandım. Daha heç nəyə əvvəlki kimi davam edə bilməyəcəyimi bildim. Bu insanın düşüncəmdəki, xəyalımdakı adam deyil – bunu anladım. Bir sözlə, karantinlə birlikdə bizim də sevgimiz bitdi”.

Bunu yenicə sevgilisindən ayrılan Sevinc Fərəcova deyir. Sevinc ayrılsa da, əhval-ruhiyyəsində heç bir dəyişiklik yoxdur. Görünən odur ki, gənc qız “eşq acısı” deyilən bir şey yaşamır. Söhbətimiz zamanı, hətta doğru qərar verdiyini də dedi. Təbii ki, karantin rejimi zamanı ayrılıq yaşayan tək insan Sevinc deyil. Görəsən, niyə? Sevgi adı qoyub başladıqları münasibət niyə qısaömürlü oldu? Səbəb nədir? Onları cismani ayıran karantin rejimidir, yoxsa yetərincə sevməyiblər?

Bütün bunlara cavab tapmaq üçün öncə sevgi deyilən anlayışın nə olduğunu bilmək lazımdır.

Sevgininin ən alisini öz mahnıları ilə bəyan edən məşhur ifaçı, xalq artisti Tünzalə Ağayeva deyir ki, karantin rejiminin sevgililəri ayırması bir bəhanədir:

Tunzale Agayeva

“Bəlkə də bu yaxşı bir imtahan, sınaq idi ki, sevgililər bir-birini yoxladılar. Hesab edirəm ki, iki insan arasında güclü sevgi, həqiqi bir münasibət varsa, buna heç bir karantin rejimi mane ola bilməz. Yəni insanlar fiziki ayrıdılar, mənəvi yox. Onlar eyni duyğunu paylaşırlar. Bir-birlərini hiss etmək üçün yanaşı olmaları vacib deyil. Həmçinin texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə. Günün 24 saatı bir-birini görə, danışa bilərlər”.

Psixoloq Əfsanə Rüstəmova bu gün yaşanan sevgilər və ayrılıqlar haqqında geniş məlumatlar verib. Onun dediyinə görə, karantində bitən münasibət üçün yaşanan üzüntü də qısamüddətli və pafoslu olur:

“Bəsəriyyəti idarə edən ən hökmran duyğu sevgidir. Dünyada nə qədər insan varsa, o qədər də sevgi rəngi var. Ona görə biz ümumiləşdirə bilmərik ki, “sevmək sevdiyinə toxunmamaqdır” və ya “sevmək sevdiyini yanında istəməkdir.” Amma bir şeyi dəqiq deyə bilərik ki, yaşadığın duyğu səni xoşbəxt edə bilirsə, deməli doğru münasibətin içindəsən. Əvvəllər daha ülvi anlamlar yüklənən, böyük əzmlə mühafizə olunan duyğu indi daha (ən yumşaq ifadə ilə desək) göz önündə yaşanır. Buna səbəb kimi əvvəlki dönəmdə insanların bir-birinə şans vermə ehtimalının az olmasını gətirə bilərik.

Uzunmüddətli israr nəticəsində razılıq alınan münasibət hər iki tərəf üçün də dəyərli olurdu. Hazırkı dönəmdə isə əldə etmək də, əldə olunmaq da daha asandır. Ona görə də insanların alternativ dərdi yoxdur. Məktubla bir-birilərinə duyğusal mətnlər göndərən bir nəsillə qarşı tərəf gec cavab yazdı deyə telefonu yerə çırpan bir nəsilin münasibətə yanaşması eyni ola bilərmi? Əlbəttə, yox. Müharibəyə gedən sevgilinin yolu gözləmək deyə bir anlayış var idi. Bu elə bir gözləməkdir ki, gəlib-gəlməyəcəyi sual altındadır. İndi isə anidən baş qadıran bir virusun bizi evlərə kilitləməsiylə bitən münasibətlər var. Səbəb kimi arada soyuqluğun yaranması göstərilsə də, gerçək mahiyyət budur ki, anlıq verilən qərarlar və duyğularla başlanılan münasibətlər (gənclərin dili ilə desək “push” olunmasa, “update” olunmasa) uzun davam edə bilməz. Çünki bu duyğunun istinad nöqtəsi yoxdur. Bu duyğu üçün çaba yoxdur, səy yoxdur. Yəni asan əldə olunanda dadı qalmayan hər şey kimi.

Karantində bitən münasibət üçün yaşanan üzüntü də qısamüddətli və pafoslu olur. Bu cür münasibət üslubunu seçənlər özləri də bilir ki, çətini yeni bir məkana gedənə qədərdi. Siz isə həyatınızda nələrin yaşanmasından aslı olmayaraq, çalışın dəyərli olduğunuz və dəyər verdiyiniz münasibətlərin içində olun. Bu sizi xoşbəxtliyə apara biləcək bir nərdivan ola bilər”.

Hə, bütün bunlardan sonra belə bir nəticəyə gəlirik ki, bu gün əmin olmadan verilən qərarlar özü ilə böyük bir boşluq gətirir. Belə bir deyim var: “Sevdiyi qədər darıxar, darıxdığı qədər aşiqdir insan”. Ayrıldıqdan sonra yaranan boşluğun adını “darıxmaq” qoyan “sevgililər” bu boşluğa başqa birini qoyaraq asanlıqla doldurmağı da bacarırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir