valideyn

Karantin günlərini evdə necə maraqlı edək? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 907

“Yaxşı olar ki, valideynlər bu karantin müddətində özləri və uşaqlar üçün gündəlik görüləcək işlərin cədvəlini tərtib etsinlər. Gün ərzində edəcəkləri işləri həmin gündəliyə qeyd etməklə plan qura bilərlər. Bu, həm günün səmərəli keçməsinə, həm də uşaqların marağına səbəb olacaq”  Bu sözləri uşaq psixoloqu Könül Telmanqızı koronavirus infeksiyası səbəbilə məktəblərin və bağçaların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması səbəbindən uşaqların evdə çox vaxt keçirməsi və bu günləri hansı formada daha səmərəli etməyin yolları barədə danışarkən dedi. Psixoloq bildirir ki, uşalqar əsasən təkrarçılıqdan və günlərin eyni keçməsindən sıxıldıqları üçün indi evdə keçirdikləri günlər onları narazı sala bilər.

Məhz bu səbəbdən psixoloq bildirir ki, uşaqlar üçün tərtib edilən cədvəl vasitəsilə dünən edilən işlər və tapşırıqlar sabahkı gün təkrarlanmayacaq:

“Bu cədvəl valideyni hər gün uşağa nə isə tapşırmaqdan da xilas edəcək. Artıq cədvəl vasitəsilə uşaq bu gün hansı işləri görməli olduğunu biləcək. Əgər tətildədirsə, o demək deyil ki, valideyn uşağa hər gün dərs oxutmalı, məcbur yazı yazdırmalıdır. Əksinə, bunu proqram şəklində etmək uşağa daha maraqlı gələ bilər. Günün müəyyən saatında evdə idman etmək, müəyyən saatı maraqlı cizgi film və ya film izləmək, dərs oxumaq, uşaqla birgə ev işləri görmək həm valideynin, həm də uşağın gününü maraqlı edə bilər. Ancaq bunları saatlara bölmək daha məqsədəuyğun olacaq. Çünki uşaq artıq özü tərtib etdiyi gündəlik cədvəl vasitəsilə hansı saatda hansı işin görülməli olduğunu özü biləcək. Uşağı belə qaydaya öyrəşdirmək üçün kiçik hədiyyələr də tərtib etmək olar. Məsələn, uşaq bilsə ki, o, 1 saat dərs oxumaq tapşırığını yerinə yetirəndən sonra onu kiçik də olsa, hədiyyə gözləyir, o, bunu daha həvəslə edəcək”.

Konul Telmanqizi

Psixoloq əlavə edir ki, valideynlə birgə tərtib edilən cədvələ yaxşı olar ki, uşaqlarla müəyyən saat ərzində edəcəkləri müstəqil söhbəti də əlavə etsinlər:

“Bu, valideynlər üçün həm də bir fürsətdir. Uşaqları ilə söhbət edib onların maraq dairələri barədə danışsınlar. Bu gün əksər valideynlər uşaqları ilə söhbətə, demək olar, heç vaxt ayırmır. Valideynlər özləri uşaq üçün maraqlı vərdişlər, oyunlar axtarıb tapmalıdır. Bu, hər yaş təbəqəsi uşaqlara aid olan bir məsələdir. Bağça yaşlı və ya məktəbli olmasından asılı olmayaraq, hər bir uşaq üçün öz yaşına uyğun oyunlar, tapşırıqlar, dərslər tərtib etmək mümkündür. Həmçinin valideyn uşağa müstəqil şəkildə oynamağı, dərs edə bilməyi aşılamalıdır. Tərtib edilən cədvələ müstəqil şəkildə görüləcək işlər, ediləcək tapşırıqlar da əlavə edilməlidir ki, uşaq bəzi işlərin öhdəsindən təkbaşına gəlməyə adət etsin, öyrənsin. Bu məqamda valideyn də fürsətdən istifadə edərək ya dincələ, ya da görməli olduğu işləri görə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir