Gelinlik

Karantində toyu 3 dəfə təxirə düşən gəlinlər: “İndi bal ayında idik”

Baxış sayı: 1. 164

“Guya toya hazırlaşırıq, amma neçə vaxtdır heç nişanlımla bir araya gələ bilmirik. Karantin ortaya çıxdıqdan sonra qorxurdum ki, onu, ümumiyyətlə, toya kimi görə bilməyim”.

Bu sözləri karantindən həmən sonra toy planları quran, “çiçəyi burnunda” gəlin Ulduz Beydullayeva söyləyir. Koronovirus nişanlı cütlüyün sağlamlığına zərbə vurmasa da qovuşmaqlarına ciddi əngəl olub. Toy tarixi təxirə salınıb və qərara gəliblər ki, karantin bitən kimi, həmən toy etsinlər.

Postkarantinin ilk gəlinlərindən olan Ulduzla söhbətimiz maraqlı oldu. Sən demə, qızın başına nələr gəlib. Özü problemlərini belə sadalayır:

“Bir neçə dəfə gəlinlik sifarişinin tarixini dəyişdim. Yaxşı ki, qarşı tərəf anlayışlı idi. Təkcə gəlinliklə iş bitsə yaxşıdır. Mayın 25-i toyum olmalı idi. Sonra iyunun 1-nə, daha sonra isə iyulun 8-nə dəyişə bildik. Toy vaxtının iki dəfə dəyişməsi təbii ki, artıq məndə gərginlik yaratdı. Çünki bir dəfə sifariş verdiyin hər şeyi ikinci dəfə yenidən sifariş verməli olursan. Məsələn, çox peşəkar fotoqrafla toyun çəkilişini danışmışdıq. İndi həmin fotoqrafın növbəsinə düşmək mümkün deyil. Sənin istədiyin tarixdə boş olmur. Yenə fotoqraf məsələsinin həlli asandı, bunun tortu, gəlinliyi, ayaqqabısı var. Tort sifarişi verdik, sonra vaxt iki dəfə dəyişdi. Ara yerdə beh getdi. Seçdiyim gəlinliyi təbii ki, geyinə bilməyəcəm. Səbəb isə toyun isti havalarda keçirilməsidir. İndi gəl bu qədər gərginliklə, “birdən alınmaz” qorxusu ilə yeni tarixdə keçiriləcək toya hazırlaş”.

Sosial şəbəkələrdə bir qədər araşdırma apardıqda müşahidə etdik ki, Ulduz kimi problemi olan minlərlə nişanlı qızımız var. Bəs görəsən, karantin müddətindən sonra gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olan mağazalarda vəziyyət necədir?

Əməkdaşımız suallara cavab almaq üçün şəhərin bir neçə gəlinlik mağazalarına baş çəkdi. Elə siftəmizi şəhərin mərkəzində olan bir “butik”lə etdik. Adı kimi məlahətli olan satıcı Məlahət Həsənova da əslində çaşqındır:

“Biz yenə də gəlinlikləri köhnə qiymətlə satmağa davam edirik. Düzünü desəm, karantin rejiminin bizim ticarətə ciddi təsiri olmadı. Çünki Ramazan ayında onsuz da sifariş olmur. Köhnələr isə hələ qalır, problem odur ki, yeni sifarişçilərimiz yoxdur. Toy sahibləri vaxtı dəyişəndə biz də onlara uyğun olaraq dəyişəcəyik”.

Gəlmişkən, insanı valeh edən bu ağ libasların qiyməti ilə də maraqlandıq. Məlahət xanım deyir ki, bir sutka üçün kirayə qiymətləri 400 manatdan başlayaraq 1200 manata qədər dəyişir: “Geyimləri burada özüm və qızımla birlikdə tikirik. Müştərinin istəyinə uyğun olaraq sifarişləri hazırlayır yaxud hazır geyimlərdə dəyişikliklər edirik. Gəlinliklər təkcə kirayə verilmir, satışda da var, amma bizdə nadir hallarda olur ki, müştəri paltarı satın alsın”.

Məlahət xanım deyir ki, müştərinin imkanı daxilində gəlinlik paltarlarına endirim etməyə də çalışırlar ki, müştərini itirməsinlər: “Məsələn, kirayəsi 400 manat olan gəlinlikləri sifarişlə 700 manata tikirik. Lakin müştəri daha ucuz geyim istəyərsə, həmin gəlinliyi 200 manata da kirayə verə bilirik. Lakin bu gəlinliklər adətən daha öncə istifadə edilmiş olur”.

Görəsən gəlinliklərin qiyməti nəyə görə dəyişir? İlk baxışdan bir-birindən fərqlənməyən ağ libaslar nəyə əsasən baha, yaxud ucuz satılır?

Məlahət xanımın sözlərinə görə, gəlinliklər bir-birinə nə qədər bənzəyirsə, bir o qədər fərqlidir:

“Baxırsan ki, hamısı ağ parçadan tikilib. Amma elə deyil. Gəlinliklərin qiyməti onların modellərinə və tikildiyi parçanın materiallarına əsasən müəyyən olunur. Bəzən libas sadə görünüşlü olsa da qiyməti baha olur. Bu onun parçasının materialına görədir”.

Gəlinliklərlə bağlı yaranan suallara cavabımızı aldıq. Axı toy təkcə gəlinliyin olması ilə bitmir. Gəlinin gəlin halına gəlməsi üçün ayaqqabıları, duvağı, belinə kəməri, başına tacı da lazımdır. Elə bu? Əlbəttə ki, yox. Hələ makiyajı, saç düzümünü demirəm. Təbii ki, əməkdaşımız bütün bunlarla bağlı da araşdırma aparıb.

Gəlinliklərin kirayəsini həyata keçirən başqa bir mağazanın rəhbəri Zülfiyyə Dünyamalıyeva ilə olan söhbət zamanı məlum olub ki, bəzi studiyalarda onsuz da çətin bir dönəmdən keçmiş olan gənc gəlinləri sevindirmək üçün addımlar atılır:

“Bizdən gəlinlik alan gənc qızlarımıza saç düzümü, makiyaj , dırnaq bəzədilməsi və tac hədiyyə olunur. Bel kəmərini də çoxları almır. Lakin duvaq alanlar çoxdu. Bəzi gəlinliklər var ki, duvaq və bel kəməri onların üstündə hədiyyə olunur. Gəlinlikləri onlar özləri zövqlərinə görə seçirlər. Adətən dəbə fikir verən olmur”.

Bəs ilin dəbi? Əziz xanımlar, söhbətimizin ən maraqlı yeri elə buradır. Bir az da diqqətli olun. İndi sizə ilin trendi olan makiyaj, saç düzümü və gəlinliklər haqqında məlumat verəcəyik. Apardığımız araşdırma və sorğu etdiyimiz hər iki gəlinlik salonlarından əldə etdiyimiz məlumata görə, bu ilin dəbi sadə gəlinlərdir. “A kəsimi” modelli və qollu gəlinliklər ilin trendidir. Qızlar daha çox sadə görünüşə üstünlük verirlər. Sadə makiyaj və saç düzümündə hörüklər bu ilin dəbini təşkil edəcək.

Və nəhayət, gəldik ən son məsələyə. Gəlinin bu qədər həsrətdən sonra öz toyunda “şıdırğı” rəqs etməsi üçün ona rahat ayaqqabılar lazımdır. Gəlin olacaq qızların toy hazırlığı zamanı görünüşlərində ən rahat və ucuz başa gələni elə idman ayaqqabısı sayılır. Belə ki, ağ rəngli idman ayaqqabısının üstünə “güpür” və “çiçək”lər tikməklə toy ayaqqabılarını hazır etmiş olurlar. Belə ayaqqabıları da elə gəlinlik paltarlarının satıldığı mağazalarda 30-40 manata hazırlatmaq mümkündür.

Vəziyyətdən görünür ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah yeni qadağalar elan etməsə gəlinlərimiz toylarına rahat hazırlaşacaq. Elə Ulduz da təyin olunan vaxtda toyunu edə biləcək. Səmayə Əlibəyovanın isə bu barədə tərəddüdləri var. Belə ki, o, toya lazım olan hər bir şeyi hazır etsə də vaxtı təyin etməkdə qərarsızdır:

“Mayın 31-dən sonra qərarda dəyişiklik olmasa, iyunun 5-dən sonra toy etməyi düşünürük. Lakin bunun üçün hələ ki, şadlıq evi ilə danışılmayıb. Axı hələ dəqiq bilmirik karantin rejimi bitəcək ya yox? Təkcə onu deyə bilərəm ki, bizə böyük zərər dəydi. Toy üçün sifariş olunan bəzi şeylər ləğv olundu. Xaricdən içkilər sifariş vermişdik. Hamısı gəlib. Evdə saxlamışıq. Mart ayının 24-də təyin etdiyimiz toy qaldı. Əgər o tarixdə toyumuz olsaydı, indi bal ayında idik. Bal ayına getmək üçün aldığımız vizalar da batdı, pulumuz da getdi. “Əldən qalan əlli il qalar” deyiblər. Deyəsən elə də olacaq”.

Səmayə ilə baş tutan ümidsiz söhbətdən sonra bizə deyəcək tək söz qalır: Ulduzun sağ əli Səmayənin başına. (Lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir