gozellik salonlari

Karantindən çıxan gözəllər

Baxış sayı: 177

Karantin rejimi ilə əlaqədar artıq xeyli müddətdir ki, məhdudiyyət qoyulan gözəllik salonlarının və bərbərxanaların fəaliyyəti yenidən bərpa olundu. Karantin günlərində ən çox bərbərxanaların və gözəllik salonlarının açılmasını arzulayan insanlar üçün bu xəbər tam yerinə düşdü. Özlərinə baxmağı sevən, baxımlı xanımlar üçün gözəllik salonlarının müvəqqəti də olsa bağlanması, ciddi bir problemə çevrilmişdi. Hətta karantin günlərində sarışınların sayının azalması ilə bağlı sosial şəbəkələrdə rəylər yazılırdı, bunun özü də müzakirə mövzusuna çevrilmişdi. “Kimin təbii gözəl olduğu karantin günlərində aydın olacaq” deyənlər də vardı.

Belə günlərdə boyalı saçlar, baxımlı əllər görmək həqiqətən də müşkül məsələyə çevrilmişdi. Biz də gözəllik salonlarının açıldığı gündə xanımların gözəlliyinə gözəllik qatan mütəxəssislərlə danışdıq. Xanımların karantin günlərində onlardan hansı məsləhətlər aldıqlarını və salonların açıldığı ilk gün onların ən çox nəyə ehtiyac duyduqlarını öyrəndik.

Müsahiblərimiz deyir ki, karantin günlərində bir daha aydın oldu ki, Azərbaycan xanımları özlərinə baxmağı sevir, hətta onlar üçün karantin günlərinin belə fərqi yoxdur. Belə ki, gözəllik salonlarının bağlı olduğu günlərdə də xanımlarımız ustaları ilə online şəkildə əlaqə saxlayır, özlərinə evdə qulluq etməklə bağlı məsləhətlər alırmışlar.

 

“Elyana Beaty” gözəllik salonunun rəhbəri Elyanə Abdulhüseynova deyir ki, xanımlar makiyaj və saç düzümlərinə ancaq toy və el şənliklərində ehtiyac duyurlar: “Karantin günlərində makiyaj və saç düzümünə ehtiyacı olan və müraciət edən xanımlarımız olmayıb. Ötən günlərdə xanımlar bizə online şəkildə müraciət edərək daha çox evdə saç rənginin necə dəyişdirilməsi, yaxud da ev şəraitində saçları necə kəsmək lazım olduğu ilə bağlı suallar ünvanlayıblar. Ünvanlanan suallar da müxtəlif problemlərdən qaynaqlanıb. Misal üçün, həmin günlərdə “necə edim ki, saçlarım tökülməsin, ya qırılmasın”, “yanıq saçlara hansı maskaları istifadə edə bilərik”, “evdə saçlarımızı necə səliqəyə sala bilərik” kimi suallar ünvanlanırdı”.

Tanınmış stilist bildirir ki, xanımlar daha çox ev şəraitində saç rəngləməyin qaydaları ilə maraqlanırmışlar. Elyanə xanıma bu ərəfələr sarışın xanımların sayını azalması ilə bağlı sual ünvanladıqda isə, bildirdi ki, bu halların baş verməsi normal haldır: “Ev rejimində saçlarını rəngləyib, istədiyi çaları əldə etməyi hər xanım bacarmır. Sarışın xanımlar bu ərəfələr ona görə tünd saçlara üstünlük verib ki, tünd rəngdə bu çalarlar o qədər də hiss olunmur, kənardan diqqət çəkmir. Ancaq sarı və açıq rənglər daha çox diqqət çəkdiyi üçün xanımlar bu rəngi ev şəraitində almağa o qədər də risk etmirdilər. Sarının tonunu hər adam ev şəraitində aça bilmir və cəhd etdikdə isə, ala-bəzək alınır. Onu ev şəraitində etmək qeyri-mümkündür. Elə xanımlar var ki, illərdir saçlarını umbre etdirirlər. Ev şəraitində umbre edə bilmədikləri üçün məcbur qalırdılar ki, saçlarını müvəqqəti də olsa tündləşdirsinlər”.

Gözəllik salonlarında boyanan saçlarla evdə boyanan saçların fərqindən danışan stilist xanımların istəyini və zövqünü də nəzərə aldığını deyir: “Bəzən xanımlar saç boyalarını özləri alıb gətirirlər və  o boya ilə saçlarının rəngini dəyişməyimizi xahiş edirlər. Biz həmin boyanı da olduğu kimi istifadə etmirik. Əvvəlcə saça baxırıq, əgər saçın dibi ağ ucu fərqli rəngdirsə, o rəngin içinə əlavə rənglər qatırıq. Bilirəm ki, saçın hamısına bu boyanı vursam, yaxşı tutmayacaq. Hərdən müştərilərimiz deyir ki, “boyanı özümüz alıb gətirmişdik, siz boyadınız,  qəşəng alındı, ancaq evdə özüm qoydum, ala-bəzək alındı”. Ev şəraitində qoyulan rəng özünü tam doğrultmur. Peşəkar stilist isə saçlara baxanda, rəngin necə alınacağı öncədən təsbit edir.  Belə ki, rəngi birinci saçın diblərinə qoyub 10 dəqiqə gözləmək, daha sonra rəngi saçların uclarına qoymaq lazımdır”.

Stilist söhbətimizin sonunda əlavə etdi ki, adi günlərdə adətən saç və makiyaj üçün müraciət edən xanımlar, qadağaların götürüldüyü ilk gün daha çox saç rənginin dəyişdirilməsi, saç kəsimi, qaş, mikrobleyding, permament üçün müraciət ediblər.

 

Stilist Aynurə Familqızı deyir ki, istər karantin günlərində, istərsə də digər günlərdə xanımlarımız öz gözəlliklərinin qayğısına qalmağı bacarırlar. Bunu onlara edilən müraciətlərə əsaslanaraq bildirən stilist, dünənki gündə gözəllik salonlarında yetəri qədər xanımların növbəyə yazılmasını nümunə göstərdi: “Xanımlarımız özünə baxmağı, baxımlı olmağı sevirlər. Buna karantin günləri olması, bu günlərdə onların evdə oturması belə təsir etməz. Hətta deyərdim ki, bütün gününü evdə keçirən xanımlarımız da bu günlərdə saçlarını boyamaq, evdə saç kəsimi etmək istəklərindən vaz keçməyiblər. Onlar mütəmadi olaraq online şəkildə bizə müraciət edirdilər. Əslində bu, gözəl haldır, çünki xanımların baxımlı olması onların özlərinə inam hissini artırır. Özünə inamı, əhvalı yüksək olan insan isə günün sonuna kimi pozitiv enerji ilə yüklənmiş olur. Nəticədə gün olduqca gözəl keçir ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur”.

Aynurə xanım bildirir ki, toyların keçirilmədiyi bu ərəfələrdə saç kəsdirmək və makiyaj etdirmək istəyən xanımların sayı olduqca azdır. Aynurə xanım dünən xanımların daha çox saç boyanması, dırnaq və qaşların düzəltdirilməsi üçün onlara müraciət etdiyini bildirdi: “Əgər bu gün ölkədə bu qədər gözəllik salonları varsa, demək ki, onlara müraciət edən xanımlarımız da az deyil. Bunun özü gözəl haldır ki, xanımlarımız özlərinə baxmağı sevirlər. “Youtube”-da ev şəraitində makiyaj etməyin üsullarını öyrətməyə çalışan bloggerlərin sayının günü-gündən artması da buna ən bariz nümunədir. Demək, xanımlarımız düzgün makiyaj etməyin sirlərini öyrənməyə çalışırlar. Əvvəllər qabarıq makiyajla gündəlik işə gedən xanımlarımız, indi daha sadə və səliqəli makiyajlara üstünlük verməyə başlayıblar”.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir