evde is

Karantindən sonra “ev ofisi”indən necə çıxmalı?

Baxış sayı: 1. 094

Pandemiyanın yayılması iş və sosial həyatımızda bir sıra ciddi dəyişikliklərə səbəb oldu. Virusun yayılmasının qarşısını almaq üçün uzun müddət evdə qalmalı olduq. Bu müddət ərzində böyük əksəriyyət ofisini evinə köçürməli oldu. Həmçinin, bu müddətdə əksəriyyətimiz başa düşdük ki, sən demə, işləmək üçün ofisə getməyə ehtiyac yoxdur. Kompüter və ağıllı telefonlar sayəsində ev ən rahat ofisə çevrildi. Yəqin ki, elə mən özüm də daxil olmaqla, karantin rejimi bitdikdən sonra ofisə qayıtmaqda çətinlik çəkəcəyik. Bəs görəsən, bu problemi necə aşa bilərik? Yenidən  ofis mühitinə alışmaq üçün nə etməliyik?

İnsan resursları üzrə mütəxəssis Abid Səmədov söylədi ki, karantindən çıxış və iş həyatına qayıdış mərhələli və yumşaq formada olmalıdır: “Əslində bir çox şirkətlərin işçiləri üçün evdən işləmək ofisə gəlməkdən daha rahatdır. Bu müddət ərzində hamımız ev ofisinə öyrəşdik. Amma karantindən sonrakı iş həyatına öyrəşmək üçün müəyyən tədbirlər mütləq görülməlidir. Nizam-intizamlı olmaq üçün bu müddət ərzində ofis rejiminə əməl etməliyik ki, sonradan ciddi çətinliklər yaşamayaq. Yəqin ki, karantin müddəti bitdikdən sonra hər şey əvvəlki kimi olmayacaq. Bu müddət, həm də yeni çağırışlar və standartlar formalaşdırdı. Şirkət rəhbərləri də başa düşür ki, artıq işin bir qismini işçi ofisə gəlmədən, öz evindən də həll edə bilər. Bir çox qurumlar və şirkətlər heyətini optimallaşdırmağa çalışacaq. Birbaşa və sərt formada olmasa da, artıq müəyyən dəyişikliklər zəruri olacaq. İşçilərin potensialından  daha effektiv istifadə olunması istiqamətində yeni addımlar atılmalıdır. Bir sahədə çalışan işçi digər bir sahəyə yönəldilə bilər. Təbii ki, əgər işçi həmin sahədə özünü daha effektiv göstərə bilirsə. Optimallaşdırma məsələsi karantindən sonra mütləq gündəmə gələcək. Karantin rejimi şirkətlərə, təhsil müəssisələrinə və digər qurumlara müasir dövrün tələblərinin nə qədər zəruri olduğunu başa saldı. Bu müddət bitdikdən  sonra hər şeyin qaldığı yerdən eynilə davam etməyəcəyini hamımız dərk edirik. Sərbəst iş rejiminə maraq artacaq. Dünya təcrübəsindən fərqli olaraq, bizdə sərbəst iş rejimində çalışanların sayı o qədər də çox deyil. Yəqin ki, karantin müddəti başa çatdıqdan sonra bu sahədə də müəyyən dəyişiklik olacaq. Çünki işçilər sərbəst iş rejiminin rahatlığına öyrəşdilər. Bundan sonra bir çoxları 9-dan 6-a kimi ofisdə oturmaq istəməyəcək. Evdən görülə biləcək işlərin sayı, yəqin ki, artacaq. Onlayn psixologiya, distant təhsil və  digər sahələr daha da inkişaf edəcək”.

Mütəxəssis deyir ki, şirkət rəhbərləri iş vaxtına müəyyən dəyişikliklər edə bilər: “Həftədə bir, yaxud iki gün normal iş rejimi tətbiq edilə bilər. Qalan günlərdə isə yarım iş günü işləməyə icazə verilsə, daha yaxşı olar. Çünki birdən-birə bu sərt rejim tətbiq etmək olmaz. Bəzi beynəlxalq şirkətlərin təcrübəsindən yararlanmaq olar. Məsələn, həftənin bir gününü tam olaraq işçinin ixtiyarına buraxamaq olar. İşçi, həftdə bir gün, ofisə gəlmədən evdən işləyə bilər. Bu günü işçi özü müəyyən edə bilər.  İşçilərin işə və şirkətə olan bağlılığını artırmaq baxımından bu, çox faydalı ola bilər. Artıq bu haqda düşünmək lazımdır. Karantindən sonra ənənəvi rejimə qayıtmaq çox çətin olacaq. İşçisinə dəyər verən şirkətlər bu addımları atmalıdır”.

Psixoloq Nərgiz Süleymanlı  deyir ki, əslində bu, işə fərdi yanaşmadan asılı olan bir məsələdir: “Karantin dövrü bəzi  insanlarda psixoloji gərginliklərə səbə oldu. Bir qismdə isə əksinə olaraq, karantin müddətində psixoloji rahatlıq yaratdı. Çünki gündəlik olaraq ofisə getmək məcburiyyətində deyilik. Amma istənilən halda, karantin müddəti başa çatdıqdan sonra insanların iş həyatına, ofisə geri qayıtmasının bir o qədər də ciddi narahatlığa səbəb olacağını düşünmürəm. Çünki evdən işləmək hər nə qədər rahat olsa belə, bizim üçün bir sıra çətinliklər yaradır. Ailə həyatı, ofis rejiminin olmaması bəzi qarışıqlığa səbəb olur. İş saatlarını təyin etmək heç də asan deyil. Hər kəsin evində özünəməxsus iş masası yoxdur. Hətta lazımi avadanlıqlar olsa belə, bir çox hallarda vaxtla bağlı problem yaşanır. Xüsusilə, ailə həyatı quran, övlad sahibi olan insanlar üçün evdən işləmək heç də asan deyil. İnsan bütün işlərini eyni bir məkandan edirsə, bu onda daha çox psixoloji gərginliyə səbəb olur. Çünki karantin müddətində evdən çıxıb qısa müddətli də olsa fikrimizi dağıtmaq imkanımız yoxdur. İnsanlar iş həyatına qayıtmaqla bərabər, öz sosial həyatına da qovuşmuş olur. Bu müddət ərzində hər kəs bunu başa düşdü ki, insan bütün çətinliklərə dözə biləcək gücdədir. Bunun üçün iradəmiz var. Günlərlə evdən çıxmadan işləyib, təhsilimizə davam edə bilməyimiz də bunun sübutudur. Ona görə də karantin müddəti bitdikdən sonra ofisə qayıtmağın ciddi problem yaradacağını güman etmirəm. Hətta deyərdim ki, həmin günü səbirsizliklə gözləyən insanlar var. Yenə də qeyd edim ki, hər şey məsələyə fərdi yanaşmadan asılı olaraq dəyişə bilir. Bundan əlavə, karantindən çıxış birdən-birə deyil, mərhələli şəkildə olacaq. Ona görə də, bu prosesin çətin olacağını düşünmürəm”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir