GUnay Rehimova

Kardioloq: “Dərmanlar baş vermiş prosesi sağaltmır” – MÜSAHİBƏ

Baxış sayı: 146

“Gencaile.az” saytı “Avrasiya Hospital”ın kardioloqu Günay Rəhimovanın müsahibəsini təqdim edir.

 

– Ürək xəstəliklərinin gəncləşməsinin səbəbi nədir?

– Zərərli vərdişlər, stress, qidalanma tərzimizin və qidalarımızda tərkibi bəlli olmayan qatqılar. Bilirsiniz, ürək qanı qovmaq xüsusiyyətinə sahibdir. Həmçinin elektrik işi görür, yəni sadə dildə desəm nəbzi işə salır. Ürəyin üzərindən keçən damarlar isə onu qidalandırır. Bu qədər sadə bir iş prinsipi. Ancaq o qədər vacibliyə malik bir orqandır ki bizim ona kənardan hər hansı təsirimiz bu sadə iş prinsipini pozub çox mürəkkəb proseslərə gətirib çıxarda bilir. Xüsusən də infarktlara. İnfarkt ürəyin üzərindən keçən damarların hər hansı birinin və ya bir neçəsinin tutulmasıdır. Damar tutulması zamanı ürəyin bir hissəsi qansız qalır, qidalanması pozulur deyə o hissədəki hüceyrələrdə yığılma prosesində pozuntu, aritmiyalar, çox zaman geriyə dönməyən proseslər başlayır.

– İndi ürəyində narahatlıq olanların çoxuna stent qoyulur və ya qoyulması tövsiyə olunur. Bu nə dərəcədə doğrudu?

– Stent müasir kardiologiyanın ayrılmaz hissəsidir. Bəli, “20 il öncə də Azərbaycanda insanlar infarkt keçirdirdi. Stentsiz də yaşayırdı, həyat fəaliyyəti də normal idi. Dərmanlarla da sağalırdı” – deyə düşünən çox insan var. Ancaq əvvəla bir şey deyim ki, dərmanlar baş vermiş prosesi sağaltmır. Sadəcə şikayətləri aradan götürür, daha çox artmasının qarşısını alır. İkincisi, o zamanlar infarkt diaqnozu həddindən çox insana qoyulurdu və həkimlərin əlində diaqnostik müayinələrin azlığı bəzən yanılmalara gətirib çıxardırdı. İndi gələk stent məsələsinə – stent taxılmasında ən önəmli məsələ zamandır. İnfarktın ilk saatlarında taxılan stentlər ürəkdə başlayan infarkt prosesini geriyə qaytarır. Xəstənin ürək yığılması azalmır, sağalma prosesi erkən olur, reabilitasiyası da tez baş verir. Gecikmiş xəstələrdə angioplastika prosesi, bu qərarın verilməsi həkim təcrübəsi gərəktirir. Savadlı invaziv kardioloq doğru qərar verdiyi halda (buraya digər damarların vəziyyəti, xəstənin yanaşı xəstəlikləri, stentin ölçüsü, xəstənin ürəyinin yığılması və s. aiddir) stent taxılma əməliyyatı xəstənin lehinə olur.

– Stent qoyulmasının hansı fəsadları ola bilər?

– Stent taxılmasının fəsadları onu taxan invaziv kardioloqdan və ən əsası xəstənin özündən asılıdır. Həkimin təhsili, peşəkarlığı və təcrübəsi çox önəmli faktordur. Stent taxılma texniki iş hesab edilir, ancaq stentin ölçüsünü, damara uyğunluğunu, oraya taxıldığı zaman digər damarlara təsirini, infarktın keçirilmə vaxtını, ürəyin gücünü, xəstənini yanaşı xəstəliklərini bilən, müəyyənləşdirən həkimdir. Bu xüsusiyyətlər nəzər alınmasa xəstənin vəziyyəti nəinki düzəlməz hətta daha da pisləşə bilər. Xəstədən asılı olan səbəblər də bu qədər ciddidir. Stent taxılması dərmanlardan və zərərli vərdişlərdən, həmçinin yanaşı xəstəliklərdən insanı azad etmir. Stent taxıldıqdan sonra insanın həyatının sonuna qədər içməli olduğu dərmanlar var. Bu dərmanların saxlanılması çox ciddi fəsadlara, hətta stentdən öncə olduğundan da ciddi fəsadlara gətirib çıxarda bilər.

– Damar tıxanıqlığının əsas səbəbi nədir?

– Damar tıxanıqlığının əsas səbəbi deyə bir anlam yoxdur. Bir neçə səbəb var. Bu səbəblərin cəmi gətirib bu xəstəliyə çıxarır. Bunlar ateroskleroz, siqaret, içki, irsi faktorlar, artıq çəki, yağlı qida, şəkər. Ancaq çox təəccüblü olsa da bəzən bunların heç biri olmayan xəstə də qəflətən infarkt keçirdə bilər. Ona görə də diqqətli olmaq, özünə ürəyinə ciddi qulaq asmaq lazımdır. Bunu deməyim bir çox xəstələrin (xüsusən özündə xəstəlik axtaran insanların) narahatlığına səbəb olacaq, bilirəm . Amma onu deyim ki ürəyin ağrısı sinə nahiyyəsində ciddi göynəmə, ağrının qola yayılması, çənəyə irradiasiyası şəklində olur, batma, sancma, deşmə kimi ağrılar ürəyə məxsus deyil.

– Bizdə stent qoyulması İranla müqayisədə bahadı, ona görə çox adam İrana üz tutur. Sizə görə bu əməliyyatda qiymət fərqinin olmasının səbəbləri nələrdir?

– Bizim çox peşəkar həkimlərimiz var bu sahədə. Bir çoxları ilə uzun müddət bərabər çalışmışıq. Mən onların bu qədər stressli, çətin işin öhdəsindən necə üzüaçıq, professionalcasına gəldiklərinin şahidi olmuşam. Qiymətə gəldikdə isə bu mövzu həkimlə əlaqədar deyil-deyə ona toxunmağa lüzum görmürəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir